Millimizin Avstriya toplanışında rəqibsiz qalması, yoxlama görüşü keçirmədən vətənə dönəcəyi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Bu zaman ortaya belə bir sual çıxır. Yoxlama görüşü keçirilməyəcəkdisə, millinin Avstriyaya yollanmasının nə mənası var?
Bir yerə yığışıb, gündə bir dəfə "top-top" oynamaqla məşq etmək Şimali İrlandiyaya qalib gəlmək üçün yetərlidisə, bu prosesi Bakıda həyata keçirmək mümkün idi. AFFA başbilənləri Mərdəkandakı bazada yüksək şərait yaradılması ilə hər dəfə öyünürlər. Belədə futbolçularda hava dəyişkənliyinin və yol yorğunluğunun fəsadları da olmazdı.
Yox, məqsəd futbolçuları Bakıdan uzaq tutmaq və daha sakit şəraitdə hazırlaşmaq idisə, bunun üçün Qəbələyə də getmək yetərli idi. Bilənlər bilir. Hazırda Qəbələnin dağ havası heç də Alp dağlarının ətəklərindən geri qalmır. Əyalətdə futbol adına hər cür şərait yaradılıb. "Qəbələ"nin bazasında məşq üçün təbii və süni örtüklü ideal futbol meydançalarının sayı yetərincədi. Şübhə etmirəm ki, "qırmızı-qaralar"ın rəhbərliyi millinin sərəncamına bazadakı meydançaları təmənnasız verərdilər. Rayon ərazisindəki "beşulduz"lu otellərin birində isə milli üzvlərinin ağır məşqlərdən sonra dincəlməsi üçün yüksək şərait yaratmaq mümkündü.
Amma AFFA nə sirri-xudadırsa, sınaqçı rəqibinin olmadığını bilə-bilə inadkarlıq edib və millini Avstriyaya aparıb. Maraqlıdı ki, AFFA-nın bu inadkarlığı qurumun büdcəsinə, deməli, həm də Azərbaycan xalqına heç də ucuz başa gəlməyib. Bölgələrdəki uşaq məktəblərindəki balalarımızın idman ayaqqabısına, topa və geyimə həsrət qaldığı bir vaxtda, ölkədə iqtisadi böhranın ağır fəsadlarının hiss olunduğu zamanda bu israfçılığa nə gərək vardı?
Araşdırmalar nəticəsində məlum oldu ki, hazırda Avstriyada təlim-məşq toplanışı keçirən komandaların bir nəfər üçün xərci 150-200 avro arasında dəyişir. Bakıdan Vyanaya gedib-qayıtmaq üçün təyyarə biletinə isə 300-500 arası pul ödəmək lazımdı. Prosineçkinin sərəncamında hazırda 26 futbolçu var. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun və digər möhtərəm rəsmilərin də milliylə səfərə çıxmaq ehtimalını nəzərə alanda bu sayın 35-ə yaxınlaşdığını təxmin etməliyik. Xorvatiyalı və azərbaycanlı məşqçilər korpusu ilə birlikdə Avstriyaya AFFA-nın hesabına gedənlərin sayı 45 nəfərdən az deyil.
Deməli, toplanışa xərclənən vəsaiti tapmaq üçün sadə riyazi əməliyyat aparmağımız yetərlidi. Ən aşağı rəqəmlərlə riyazi kombinasiya belə alınır: 45(nəfər) x 400 (yolpulu) = 18000 avro, 45 x 150 (otel bir günlük xərc) x 14 (gün) = 94500 avro. Bu iki rəqəmin cəmi isə 112 500 avrodur. Həmin 45 nəfərin ezamiyyə xərclərini də, loru dildə "sutoçnu" pulunu da bura əlavə etsək yetərincə ciddi məbləğ alınır. Buna ehtiyac var idimi? Yoxsa, AFFA-nın məqsədi yüzminləri havaya sovurub, bəzi şəxslərin cibini doldurmaqdı? Cavabını özlərindən yaxşı bilən yoxdu.
Mənbə: Sport7.Az
Digər xəbərlər
loading...