“İslam Həmrəyliyi Oyunlarının keçirildiyi yer, ilk növbədə, həmin ölkənin idmana hazırlığı ilə ölçülür”
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda idman oyunları, beynəlxalq idman yarışlarının keçirilməsi ilk dəfə deyil:
"Azərbaycanda müasir tələblərə cavab verən idman obyektləri tikilib. Ölkə bir neçə beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Artıq bu gün Azərbaycan dünyada nüfuzlu bir idman ölkəsi kimi tanınır. Azərbaycanda infrastruktura dövlət tərəfindən böyük vəsaitlərin ayrılması ölkədə İslam Həmrəyliyi Oyunları kimi nüfuzlu tədbirin keçirilməsi və çoxlu sayda tamaşaçı cəlb edilməsi üçün ideal şərait yaradıb. IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı, oyunların keçirilməsi prosesi ilə bağlı 54 ölkədən gəlmiş nümayəndələr, eləcə də əcnəbi jurnalistlər tərəfindən narazılıq bildirilməyib. Bu, oyunların yüksək səviyyədə keçirildiyini göstərir. Oyunlar çərçivəsində Bakıda 9 islam ölkəsinin mədəniyyət günləri təşkil edildi".
A.Mirzəzadə bildirib ki, bu oyunlar Azərbaycanın dünyada yüksək nüfuza sahib olduğunu bir daha göstərdi:
"Bu yarışlar bir daha göstərdi ki, Azərbaycan yeni bir idman nəhəngi kimi dünya birliyində yüksək nüfuz qazanmaqdadır. Azərbaycanın oyunlarda 75 qızıl medal qazanması göstərdi ki, ölkədə müxtəlif idman növlərinin inkişafı üçün yüksək şərait yaradılıb. 2013-cü ildə İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında 23 ölkə medala sahib olmuşdusa, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 40 ölkə medala sahib oldu. İndoneziyada keçirilən oyunlarda 18 ölkə qızıl medal qazanmışdısa, Azərbaycanda bu rəqəm 28-ə çatdı. Xarici ölkə vətəndaşları Bakı oyunlarını yüksək səviyyədə qiymətləndirərək Azərbaycanın dünyada idman standartlarını yaratdığını bildirirlər".
Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.
MilliYol.Az
Digər xəbərlər
loading...