Azərbaycanın Qarabağ məsələsində ən böyük güzəşti - vaxt limiti biti; Bakının güzəşti yalnız böyük savaşadək qüvvədə olacaq; düşmən işğal altındakı torpaqlarımızın məskunlaşmasını davam etdirir...
Keçən həftə Qarabağ mövzusunda işğalçı Ermənistandan daha radikal ritorikanın şahidi olduq.
Xüsusən də düşmən ölkənin başçısı Serj Sərkisyanın dilindən faktiki surətdə sülh şanslarını sıfırlayan, demək, avtomatik şəkildə hərb ehtimalını artıran qıcıqlı, eyni zamanda hazırkı reallıqla uzlaşmayan, Azərbaycanı şantaj xarakterli həyasız açıqlamalar gəldi.
Belə ki, Ermənistan prezidenti yeni parlamentin ilk iclasında Qarabağ konfliktindən danışarkən hər hansı sülh anlaşmasını istisna edən bir mövqe sərgiləyib, problemin həllini yalnız “Qarabağ xalqı”nın öz müqəddəratını təyin etməsi əsasında, yəni ya müstəqil olması, ya da Ermənistana birləşməsi halında mümkün olduğunu söyləyib. Sitat: “Yeganə doğru yol - ”Qarabağ xalqı"nın (dırnaqlar bizimdir - red.) öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizəsidir. Qarabağın öz müqəddəratını təyinetmə hüququnun reallaşmasının və onun “xalqı”nın təhlükəsizlik qarantının başqa alternativi yoxdur. Bu mövqe danışıqlar prosesində də özünü dəqiq şəkildə göstərir".
*****
Heç şübhə yox ki, rəsmi İrəvanın belə radikal, sülh prosesini sabotaj edən mövqeyinin nə qədər davamlı ola biləcəyi ilk növbədə Rusiyadan, lap dəqiqi, qarşıdakı dönəmdə Moskvanın Bakı və İrəvana qarşı hansı konkret siyasət izləyəcəyindən asılı olacaq. Əfsuslar olsun ki, bu yöndə pozitiv işartılar hələ heç üfüqdə də görünmür. ÜAK ətrafında baş verən qalmaqallı olay, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycana qarşı həm bu, həm də atəşkəs məsələsində qərəzli tövr sərgilməsi qənaətimizi bir daha təsdiqləyir. Belə görünür, Kreml öz marionetini tezliklə ağla gətirməyə hazırlaşmır.
Bu arada Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Avropa Şurasının Nazirlər komitəsinin Kiprdə keçirilən sessiyasında çıxışı zamanı Rusiyanı tənqid edib və Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətdən narahatlıq ifadə edib (Virtualaz.org). Diplomat Moskvanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib və habelə Rusiyanın ilhaq etdiyi Krımda beynəlxalq hüquq normalarının pozulduğu, Donbasın separatçıların nəzarətində olan bölgələrində insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini söyləyib.
“Avropa Şurasının insan haqları üzrə müvəkkilinin və digər monitorinq institutlarının bu regionlara qeyri-məhdud çıxış imkanlarını təmin etməyin vaxtı çatıb” - alman diplomat bildirib. Onun sözlərinə görə, bu çağırış Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Diplomat Avropa Şurasının bu regionlardakı vəziyyəti monitorinq etməsinə imkan yaradılmasına çağırıb və baş katib Turborn Yaqlandı öz səylərini bu istiqamətdə qətiyyətlə davam etdirməyə səsləyib.
*****
Göründüyü kimi, Sərkisyanın özündənrazı, destruktiv mövqeyinə rəğmən, Almaniya kimi böyük bir dövlətin rəsmisi, yəni Almaniya dövləti də Dalıq Qarabağla birgə 7 rayonu Azərbaycanın tərkib hissəsi kimi görür. O, həmçinin, ölkələrin ərazilərin zorla dəyişdirilməsinin yolverilməz olduğuna açıq işarə vurub. Paralel surətdə Rusiyanı separatçılığa dəstəkdə haqlı olaraq ittiham edib.
Problem də ondadır ki, Kremlin separatçılığa dəstəyi olmasaydı, postsovet məkanında nə erməni işğalı olardı, nə də Abxaziya, Cənubi Osetiya, Krım ilhaq olunardı. Hələliksə, cəzasızlıq mühitinın yaratdığı “imkanlar”dan istifadə edən ermənilər Azərbaycan ərazilərində qanunsuz tikililəri davam etdirirlər.
Son olaraq erməni telekanallarından biri işğal altındakı Qubadlı rayonunda yeni tikinti işləri ilə bağlı süjet göstərib. Nə demək olar, qoy qurub yaratsınlar. Onsuz da onların hamısı gec-tez öz qanuni sahibinə - Azərbaycana qalacaq. Qanuni sahibin gəlişinə isə bir şey qalmayıb. Ermənistan dinc həll yolundan qaçdıqca müharibəni, fəlakəti, öz xalqı üçün daha ağır aqibəti yaxınlaşdırır. Sabiq prezident Levon Ter-Petosyan vaxtilə necə demişdi: “Bizə indi təklif edəni götürməsək, vaxt gələcək yalvaracağıq, çünki artıq verməyəcəklər”.
*****
Azərbaycanın təklif etdiyi ən ədalətli variant - Dağlıq Qarabağa ən yüksək, Naxçıvana bərabər bir status isə hələ ki - müharibə başlayana və işğalçılar silah gücünə torpaqlarımızdan qovulanadək qüvvədədir - ondan sonra, təbii ki, Bakının nə böyük, nə də kiçik güzəşti olmayacaq - ermənilər yalvarsa da. Çünki siyasətdə də şans və imkanlar vaxtında dəyərləndirilməlidir.
Bu xüsusda erməni politoloq Manvel Sərkisyanın prezident Sərkisyanın Qarabağın müstəqilliyi ilə bağlı sərsəmləməsini şərh edərkən dediyi aşağıdakı fikir diqqət çəkir və erməni tərəfinin Qarabağla bağlı ümidsizliyini, Azərbaycanın heç vaxt öz ərazisini güzəştə getməyəcəyi haqda erməni toplumundakı dərki yaxşı ifadə edir.
Musavat.com-un məlumatına görə, Lragir.am saytına müsahibəsində Sərkisyan edib: “Hələ Levon Ter-Petosyan deiyirdi ki, Azərbaycan heç vaxt Qarabağın müstəqilliyini tanımayacaq - hətta bütün dünya tanısa belə. Bu, həqiqətən də belədir. Beynəlxalq birliyə də ümid eləmək sadəlövhlük olardı ki, guya biz özümüzü yaxşı aparsaq, o, Azərbaycanı Qarabağı tanımağa məcbur edəcək. Nəyə görə Azərbaycan kiminsə haqqını tanısın ki? Onlar Qarabağı əldən veriblər, daha hüququ da əldən verməzlər. Ona görə də danışıqların anlamı yoxdur”.
Doğrudan da, nə qədər ki, İrəvanda konfliktin həllini yalnız Dağlıq Qarabağın “müstəqilliyi” kimi heç vaxt reallaşmayacaq sərsəm ideyalar hakim olacaq, ona kimi də işğalçı Ermənistanla danışıqların mənası olmayacaq. Bu axmaq fikri erməni daşnaklarının beynindən isə iki yolla çıxarmaq olar: ya vasitəçilər bunu onlara təsir-təzyiq və sanksiyalarla başa salmalıdır, ya da bunu Azərbaycan əsgəri edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...