"Məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşündə deyib.
Prezident İlham Əliyev qeyd edib: "Hörmətli qonaqlar, mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz! İlk növbədə, Sizi Baş nazir kimi yüksək vəzifəyə təyin olunmağınız münasibətilə bir daha Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Sizə məsuliyyətli vəzifədə böyük uğurlar arzulayıram. Mən çox şadam ki, siz ilk rəsmi xarici səfərinizi Azərbaycana edirsiniz. Bu bizi çox şad edir. Bu da təbiidir. Bu, gözəl bir ənənədir. Bu, bir daha göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz indi sizinlə təkbətək görüşümüzdə ikitərəfli məsələlərin həlli işində fikir mübadiləsi apardıq və bir daha gördük ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur".
Dövlətimizin başçısı əlavə edib: "Bizim istəyimiz, məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir".
Azərbaycan Prezidenti vurğulayıb ki, iki ölkə siyasi, iqtisadi, nəqliyyat sahələrində, bütün başqa sahələrdə uğurlu əməkdaşlıq edir: "Bu gün Türkiyə və Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Görüləcək işlər də var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir. Şadam ki, vaxtlı-vaxtında icra edilir. Əminəm ki, yaxın zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin açılışlarını edəcəyik. Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız üçün, dövlətlərimiz üçün, həm də bölgə üçün böyük əhəmiyyət daşıyır. Bizim birliyimiz bölgədə sabitliyi daha da möhkəmləndirir.
Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Yeni nazirlər Azərbaycan nazirləri ilə ünsiyyətdə olacaqlar və bütün lazımi danışıqları aparacaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz!".
MilliYol.Az
Digər xəbərlər
loading...