Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən sürücü Vəli Əhmədov, həmçinin, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəqliyyat Nazirliyinin aparat rəhbəri Cavid Nəcəfov ifadə verib. O, ifadəsində təqsirləndirilənlərdən yalnız Hüseyn Salmanovu tanıdığını deyib: "Azərbaycanda keçirilən Avropa Oyunları zamanı Nəqliyyat Nazirliyinin üzərinə böyük məsuliyyət düşürdü. Biz bir ilə yaxın oyunların marşurutunu müəyyənləşdirmişik. Oyunlarla bağlı nazirlikdə işçi qrupu yaradılıb. Mən də o qrupun tərkibində olmuşam. Bu mühüm tədbirdə sürücülər seçilməliydi. Nazir tərəfindən sürücülərin seçilməsi Dövlət Avtobil Nəqliyyatı Xidmətinə tapşırılmışdı. Siyahıların hazırlanmasından mənim xəbərim olmayıb. Çünki bu, mənim səlahiyyətlərimə daxil olmayıb. O işlə Dövlət Avtomobil Xidmətinin şöbə rəisi Hüseyn Salmanov məşğul olurdu. Sürücülərin siyahısına ilkin yoxlamaya gedən zaman qol çəkmişəm. Ancaq oradan gələn məxfi siyahıdan xəbərim olmayıb".
Prosesdə şahid qismində Avropa Oyunları zamanı yaradılan Nəqliyyat Deposunda baş dispetçer olan Lalə Aşurzadə ifadə verib. O, ifadəsində oyunlardan qabaq sürücülərə təlim keçdiklərini bildirib: "Biz sürücülərə hansı yollardan gedəcəklərini deyirdik. Avtobuslar hər axşam texniki baxışdan keçirilirdi. Nasaz avtobusların çıxışına icazə verilmirdi".
Prosesdə şahid qismində İdman Tibbi Reabilatisiya İnstitutunun həkimi Mətanət Səmədova ifadə verib. O Atletlər Kəndində baş verən qəzadan sonra təcili yardımla xəstələr gətirildiyini bildirib: "Bizə Venera adlı idmançını gətirdilər. Rentgendən keçirdik. Xəstənin rentgen nəticələrini faksla Avropa Oyunları Komitəsində göndərdik. Ümumilikdə oyunlar zamanı xəsarət alan bütün idmançıları biz müayinə edirdik".
Şahid qismində Nəqliyyat Nazirliyinin Əlaqələndirmə və Lisenziya şöbəsinin rəhbəri Məzahir Məmmədov ifadə verib. O bildirib ki, oyunlar zamanı nazirlikdə yaradılan işçi qrupunda təmsil olunub. "Təqsirləndirilənlərdən yalnız Hüseyn Salmanovu tanıyıram. Vəzifə səlahiyyətimə aid işlər görmüşəm. Tapşırılıqları yerinə yetirmişəm. Sürücülərin siyahısının hazırlanmasından mənim xəbərim olmayıb. Həmin sürücülərin adının xüsüsi şöbə tərəfindən MTN- də yoxlanmasından xəbərim olub".
Onun ifadəsində bəzi ziddiyətlər olduğu üçün istintaqa verdiyi ifadə elan olunub. M.Məmmədov istintaqdakı ifadəsində bildirib ki, siyahı onun imzası ilə xüsusi xidmət orqanlarına göndərilib və cavab da onun adına gəlib. İşin icrası isə Dövlət Avtomobil Xidmətinə həvalə edilib.
Məzahir Məmmədovdan sonra şahid qismində 2012-2015-ci illərdə Bakı Sərnişin Daşıma MMC-in rəisi çalışmış Rövşən Məmmədov ifadə verib. O ifadəsində bildirib ki, Avropa Oyunları başlamazdan bir müddət öncə nazirlikdə onun rəhbəri olduğu quruma tapşırıq verilib ki, sürücüləri toplayaq: "Biz Bakıda fəaliyyət göstərən daşıyıcılara müraciət edərək oyunlarda çalışmaq istəyən sürücülərin sənədlərini yığıb Bakı Avtomobil Nəqliyyatı Xidmətinə təqdim edirdik. Mən 2015-ci ilin aprel ayınadək həmin yerdə çalışmışam. Həmin müddətə kimi Avropa Oyunlarına hazırlıqla bağlı iki dəfə siyahı hazırlayıb göndərmişik. Siyahıların nəticəsində xəbərim olmayıb".
Bu zaman təqsirləndirilən şəxs Hüseyn Salmanov şahidin ifadəsinə etiraz edib: "Siyahıdan birbaşa xəbəriniz olub. Nazirlikdə dəfələrlə demisiniz ki, işi Fərid Əmiraslanov görüb. Hadisə olan kimi Rövşən Məmmədovun müavini Davud Əhmədzadə bizə bildirdi ki, sürücü Vəli Əhmədov siyahıdan keçib. Heç bir problem yoxdu".
Müdafiəçilər vəsatət verərək Davud Əhmədzadənin şahid qismində dindirilməsini istəyib. Vəsatət təmin edilib.
Məhkəmənin növbəti iclası iyunun 10-a təyin edilib.
Qeyd edək ki, keçən il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...