Redaksiyamıza dövlətin ayırdığı büdcə pullarının yeyildiyi daha bir ünvan haqqında ilginc iddiaların yer aldığı bir məqalə göndərilib
Həmin məqaləni DİA.AZ olaraq bəzi qısa ixtisarlarla təqdim edirik:
“Məlum olduğu kimi son günlər mətbuatın əsas diqqət mərkəzində olan məsələlər içərisində Mikayıl Müşviqin heykəlinin götürülməsi, Yasamalda “Ovçular evi”nin arxasında yaşıllıqların məhv edilməsi, “Sovetski” adlanan ərazidə məscidin sökülməsi, Yasamalda mənzillərindən zorla çıxarılan insanların yolu kəsməsi, Bakının müxtəlif yerlərində tikinti adı ilə yaşıllıqların məhv edilməsi xüsusi çəkiyə malikdir. Yalnız cənab Prezidentin qətiyyətli fəaliyyəti nəticəsində məmur özbaşınalıqlarının qarşısı alınmış və insanlar haqq-ədalətin bərpasının şahidi olmuşlar. Bununla əlaqədar məsələyə aidiyyəti olan onlarla insan, qurum münasibət bildirmiş və dəstək üçün minnətdarlıqlarını bildirmişlər. Çox təəəsüf ki, bu kimi xoşagəlməz halların meydana gəlməsinə bilavasitə məsuliyyət daşıyan və rəy bildirməli olan qurumlardan birinin nə səsi eşidildi, nə adı çəkildi. Bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Belə ki, həmin qurumun əsasnaməsində göstərilir ki,
8.5. Azərbaycan Respublikası əhalisinin məskunlaşmasının, təbiətdən istifadənin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxeminin və regional sxemlərinin, rayon planlaşdırmasının sxem və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş planlarının və müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanatoriya-kurort, istirahət və turizm komplekslərinin baş sxemləri və layihələrinin, yaşayış məskənlərinin mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin və onlarda müvafiq dəyişiklik nəzərdə tutan layihələrin hazırlanmasını, onların keyfiyyətinin, texniki və iqtisadi həlli səviyyəsinin yüksəldilməsini təmin etmək;
8.6. milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görmək;
Komitənin başlıca vəzifələridir. Yuxarıda qeyd edilənlər Komitənin vəzifələrini dürüst icra etməməsi ilə bağlı son bir ildə cənab Prezidentin işə qarışmalı olduğu halların heç də hamısı deyil. Belə ki, yağış kanalizasiyası ilə bağlı Komissiyanın təşkili, Bakı ərazisində həyətyanı sahələrin ayrılmasının dayandırılması barədə qərarlar adıçəkilən Komitənin yarıtmaz fəaliyyətinin çoxsaylı fəsadlarının bir qisminin aradan qaldırılmasına yönəlmişdir.
Mənim və övladlarımın yaşadığı evlərin məhz bu Komitənin razılığı əsasında söküldüyünü eşidəndən sonra onlara müraciət etmək qərarına gəldim. Kimdən soruşdumsa belə bir qurumu tanımadıqlarını dedilər. Sonra İnternetdə axtarıb saytlarını tapdım. Elə sayta baxan kimi bunların nə ilə məşğul olduqları mənə yavaş-yavaş agah oldu. Yeganə orqandır ki, saytları yalnız bir dildədir və ən dəhşətlisi heç bir xidmət göstərmirlər. Hər ehtimala göstərilən ünvana elektron məktub göndərdim, düz dörd aydır ki, cavab gözləyirəm. Məcbur olub göstərilən nömrələri bir-bir yığıb sualıma cavab almaq istədim. Hamı sual eşidən kimi məni başından etməyə çalışırdı. Yalnız altıncı yığdığım bir nömrədə bir qadının ana kimi mənə yazığı gəldi, adını demədən bildirdi ki, ay bacı bura dəhşətli bir yerdir. Heç kim işləmək istəmir. Bizə niyə dövlət maaş verir heç özmüz də bilmirik. Sədrimiz 80 yaşında (Allah ömür versin) qoca fiziki cəhətdən xəstə bir kişidir. Saat birdə güc ilə işə gəlir. Azərbaycan dilini bilmir, bir işlə məşğul olmağa gücü çatmır”.
Daha sonra dia.az-a daxil olan məqalədə deyilir: “Komitəni üç nəfər idarə edir. Aparatın rəhbəri Mirzəbala müəllim, sədrin köməkçisi Anar və əsas yeyinti silahı olan baş mühasib Dilbazi müəllim. Bu üçlük az-çox işdən başı çıxan adamları sədrin psixoloji qeyri-tarazlığından istifadə edərək ya çoxdan didərgin salıb, yerinə küçədən keçmə adamları təyin edib, yaxud da ki, fəaliyyətini iflic edib. Belə ki, sədr müavini ölkədə hamının hörmət etdiyi Dövlətxan Dövlətxanovun maşınını əlindən alıblar, otaqdan kənara çıxmağa qoymurlar, onunla salamlaşan işçiləri təqib edirlər, keçmiş aparat rəhbəri Elmar Hüseynzadəni işdən çıxmaq halına gətirdib sədrin 400 min pulunu (maraqlıdır haradan toplayıb?!!) götüməkdə ittiham etdilər, yerinə Mirzəbala müəllimi təyin etdirlər. Öz işinin mahir bilicisi olan Ağsaqqallar Şurasının üzvü mətbuat katibi Cahangir Qocayevi şərləyərək yerinə Torpaq Komitəsini viran qoymuş, tüfeyli həyat sürən Cabir Abbasovu təyin etdilər, kadastr şöbəsinin müdiri Tofiq müəllimin yerinə qaranlıq keçmişə malik, bir saat dövlət işində işləməmiş bir uşağı təyin etdilər, tanınmiş mütəxəssislər Minayə xanımı, Dilsuz müəllimi didərgin saldılar, hüquq-mühafizə orqanlarında işləmiş Cəmili, daha sonra Hüseyni şərləyib işdən azad edərək yerinə hansı ölkənin vətəndaşı olduğu bəlli olmayan Natiq Məmmədovu təyin etdilər, təcrübəli mülayim insan Şəfiqə xanımın yerinə sədrin sevimli işçisi, işlədiyi bütün orqanlardan qovulmasına rəgmən ikicə həftəyə şöbə müdirinin müavini vəzifəsindən müdir vəzifəsinə yüksələn, qaniçən Nəzrin Behbudovanı təyin etdilər.
Komitənin əməkdaşı daha sonra mənə bildirdi ki, odur ki, işdən başı çıxan adam qalmadığı üçün çalışırlar heç nə ilə məşğul olmasınlar. Yalnız Dilbazi dövlət büdcəsindən ayrılan pullarla müxtəlif şirkətlərə sifarış verib “otkat”ları toplayıb sədrə verir, cüzi bir hissəsini “paket” şəklində onlara xidmət edən adamlara çatdırır. Mən uşaqlarım xəstə olsa da nəinki mənə heç nə vermirlər, hər gün qorxudurlar ki, danışsan işdən atarıq bayıra. Əllərindədir də, bizim qurum yeganə orqandır ki, həmkarlar təşkilatımız yoxdur. Heç bir qayda-qanuna əməl edən yoxdur. Əməkdaşlar içərisində müsabiqə yolu ilə qəbul olunmuş bir-yaxud iki işçi olar. Qalanlarının pulunu alıb və yaxud tapşırıqla rəhbər vəzifəyə götürüb sonradan aşağı salaraq dövlətə külli miqdarda ziyan vurmuşlar. Bir ildə Dilbazi dörd müavin dəyişib. Sədr də onların əlindən pul yediyindən nə hava çalsalar onu oynayır. Dilbazinin pensiya yaşını çoxdan keçməsinə baxmayaraq ona məvacibinin altı mislinin verib yenidən işə götürüblər. Anar da bütün günü icra başçılarının göndərdiyi pulları, bahalı kostyumları daşımaqla məşğuldur. Qanunsuzluğa göz yumduqları binaların birində hətta güzəştlə mənzillərə də sahib olublar. Tabelikdə olan qurumların əməkdaşlarını isə məcburi ödənişsiz məzuniyyətə göndəriblər.
İki ildə Dünya Bankından aldıqları beş milyon vəsaitə Bakının planını hazırlatdırdılar ki, ölkə rəhbərliyi də onun qeyri-qənaətbəxş olduğunu dedi. Lakin heç kim pulun aqibəti ilə maraqlanmadı. Norma, qayda-qanun haqqında sualım müsahibimi lap özündən çixardı. Dedi hansı normdan danışırsan ki, Komitənin otaqlarının yarıdan çoxunun pəncərəsi, böyük əksəriyyətinin isə istilik sistemi yoxdur”.
Daha sonra dia.az-a daxil olan məqalədə deyilir: “Xanım əməkdaşın bu faciəli vəziyyətinin məndən ağır olduğunu dərk edəndən sonra söz verdim ki, bu unudulmuş Komitə barədə kütləvi informasiya vasitələrinə, əlaqədar orqanlara məlumat verim. Təbii ki, cinayət yuvasına çevrilmiş bu orqan yada düşməsə, bu araşdırmaları davam etdirmək lazım olacaq, çünki bizim evsiz qalmamıza bunlar razılıq verir.
Sonda bir daha internetdə axtarış verdim. Komitə sədrinin son müsahibəsini gördüm. “Bakıda 245 hündürmərtəbəli bina söküləcək” adlanırdı. Başa düşdüm ki, Komitənin əməkdaşı düz deyir, tikintiyə məsul olan bu şəxs hələ binaların söküləcəyi və yaxud tikiləcəyinin fərqində deyil. Daha sonra isə görünür cənab Prezidentin tikinti sahəsinə artan diqqətindən əndişələnən Komitə sədri yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyini özünə rəqib görərək məhz Komitənin sosial mənzillərlə məşğul olması kimi absurd fikrə gəlirdi. Allah bizi belə unudulmuş qocaların fitnəsindən qorusun.
Sovetski sakini
Matilda Məhərrəmova”
MilliYol.Az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...