Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının sınaq və ya əvvəlki illərdə istifadə edilən suallardan təşkil olunması ilə bağlı iradlara münasibət bildirib.
DİM-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər bir imtahanın keçirilmə məqsədi olur.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının məqsədi məzunların orta məktəbdə qazandıqları bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsi və onların ali təhsil müəssisələrinin müvafiq ixtisaslara yerləşdirilməsidir.
“Buna görə də imtahanlarda istifadə edilən test tapşırıqları fənlər üzrə məktəb kursunu əhatə etməli və düzgün qiymətləndirmə aparmaq üçün müxtəlif xüsusiyyətlərə malik olmalıdır. Pedaqoji ölçmə nəzəriyyəsinə görə qəbul imtahanında validlik prinsipinə əsaslanaraq elə bilik və bacarıqlar yoxlanılmalıdır ki, məzunların gələcək təhsili üçün zəmin yaransın. Bu məqsədlə Mərkəzdə uzun illər ərzində müxtəlif mürəkkəblik dərəcəsinə, qabiliyyət göstəricilərinə malik yüz minlərlə test tapşırıqları hazırlanaraq, testlər bankına daxil edilmişdir. Testologiyaya əsasən imtahan üçün nəzərdə tutulmuş tapşırıqlar əvvəlcə pretestdən keçməlidir. Bu prosesdə ən azı 1000 nəfər iştirak etməlidir. İllərlə test bankına daxil edilmiş tapşırıqların açıqlanması, yəni nəşr olunması özü də bir pretestdir. İmtahanda açıq test bankından istifadə olunması pedaqoji-metodiki baxımdan yanlış deyil”.
DİM-dən verilən məlumata görə, qəbul imtahanların nəticələrinin statistik göstəriciləri onu deməyə əsas verir ki, bir çox hallarda test blokunda həm açıq, həm də qapalı bankdan düşən tapşırıqların cavablandırılmasında elə də böyük fərq yaranmır. Hətta bəzi hallarda istər açıq, istərsə də qapalı bankdan düşən analoji (bölməsi, mürəkkəblik dərəcəsi, qabiliyyət göstəricisi eyni olan) variantlar arasında eyni göstəricilərə malik olan tapşırıqların cavablandırılması fərqli olur.
“Qeyd etmək lazımdır ki, fənlər üzrə test bankları hər il təftiş olunur. Hər bir test tapşırığı imtahanların nəticələrinin statistik göstəricilərinə, dərsliklərin yeni nəşrlərinə uyğun olaraq yenidən təhlil edilir və onların üzərində təkmilləşmə işi aparılır. Həmçinin onu da qeyd etmək lazımdır ki, fənlər üzrə ənənəvi tədris proqramları və dərsliklərin məzmununda son illərdə elə də köklü dəyişiklik olmadığından, əksər test tapşırıqlarının məzmunu dəyişməyib. Ona görə də test tapşırığının köhnəsi, yenisi olmur. Əsas odur ki, test tapşırığı düzgün ölçmə aparmaq üçün yüksək etibarlılıq göstəricilərinə malik olsun. Ona görə də hər il imtahanda iştirak edən kontingent fərqli olduğundan, açıq test bankında olan tapşırıqlardan istifadə olunması düzgün hesab olunur”.
MilliYol.Az
Digər xəbərlər
loading...