234 manatdan aşağı maaş alanlar 25 il stajı olduğu halda pensiyaya çıxa biləcək
Fins.az-ın məlumatına görə, bunu hüquqşünas Elnur Əliyev deyib. Onun sözlərinə görə, indiyə qədər pensiya yaşına çatmış 12 il stajı olan şəxs pensiya hüququna malik idisə, bu ilin iyulun 1-dən isə pensiya hüququnu qazanmaq üçün ya şəxsin fərdi sığorta hesabında minimal pensiyanı ödəməyə yetəcək qədər pul olmalı ya da 25 il stajı olmalıdır. Misal üçün 60.5 yaşla və 12 il stajla 110 manat pensiya almaq üçün 12 il 448 manat maaşla işləmək lazımdır.
Bu isə o deməkdir ki, məsələn, 234 manatdan aşağı maaş alan şəxslər yalnız 25 il stajı olarsa pensiya ala biləcək. Əks halda isə müavinətlə kifayətlənməli olacaqlar. Mövcud statistikanı müqayisə etsək, bunun nə qədər dəhşətli olacağını əyanı görə bilərik.
Hüquqşünas bildirib ki, yaşla bağlı dəyişikliklərə gəldikdə bu dəfəki dəyişikliklərin ən ağır təsiri güzəştli şərtlərlə pensiya hüququna ümid edənlərə dəyib. Belə ki, bu kateqoriyadan olan şəxslər üçün yaş həddinin kəskin artırılması ilə yanaşı pensiya hüququnun yaranması üçün balansında kifayət qədər vəsaitin olması şərti də qanunvericiliyə əlavə edilmişdir. Belə ki, məsələn yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan kişilər üçün əvvəlki kimi 25 il ümumi stajı və 12 il yarım xüsusi stajı olduqda pensiya hüququ yaranmır. Bu hüququn yaranması üçün lazımdır ki, həmin şəxsin pensiya hesabında kifayət qədər pul olsun: “Misal üçün 25 il ümumi və xüsusi işlərdə stajı olan kişinin 60 yaşında güzəştli pensiya alması üçün bu illər ərzində ortalama 312 manat maaş alması tələb olunur”.
E.Əliyev deyib ki, staj tələbi ilə bağlı dəyişikliklərin təsir göstərdiyi şəxslər kateqoriyasından biri də çoxuşaqlı, həmçinin öhdəsində sağlamlıq imkanları məhdud uşağı olan analardır. Onlar üçün əvvəllər pensiyaya çıxmaq üçün 10 il staj kifayət edirdisə, yeni dəyişikliklərdən sonra stajdan asılı olmayaraq pensiya hüququnun yaranması üçün qadının balansında kifayət qədər pulun olması tələb olunur.
Həmçinin, əvvəllər əlilliyə görə pensiya əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay (ümumilikdə 5 ildən az olmayaraq) stajı olanlara təyin edilirdisə, indi bu tələb yalnız 1-ci qrup əlillər üçün kifayət hesab ediləcək. 2-ci və 3-cü qrup əlillər isə bu staj tələbindən əlavə, həm də sığorta hesabında kifayət qədər məbləğə malik olmalıdırlar ki, onlara pensiya təyin edilsin. Əks halda onlar da müavinət almaqla kifayətlənməli olacaqlar.
E.Əliyev hesab edir ki, bu kateqoriyadan olan şəxslər üçün də yaşa görə pensiyaya çıxacaq şəxslər üçün müəyyən edilmiş 25 illik güzəşt müəyyən edilməli idi. Çünki mövcud dəyişikliklər çərçivəsində hesablamalarıma görə 2-ci və 3-cü qrup əlilliyə görə pensiya almaq demək olar ki, mümkün olmayacaq.
Staj tələbi ilə bağlı digər dəyişikliklər deputatlar, hərbçilər, prokurorluq işçiləri, dövlət qulluqçuları, hakimlər və s. xüsusi kateqoriyadan olan şəxslərlə bağlı dəyişikliklərdir. Belə ki, əgər indiyə qədər 25 il stajı olan prokurorluq, ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarının xüsusi rütbəli işçiləri güzəştli şərtlərlə pensiya hüququ qazanırdılarsa bundan sonra bu kateqoriyadan olan şəxslər 35 təqvim ili stajı olduqda bu cür hüquq qazanacaqlar. Həmçinin deputat, MSK üzvü, ombudsman, kimi pensiya almaq üçün sadəcə deputat seçilmək kifayət etməyəcək. Bunun üçün deputat, MSK üzvü, ombudsman səlahiyyət müddətinin yarısı qədər həmin vəzifələrdə işləməlidir.
Maraqlıdır ki, dəyişikliklərin bu hissəsində müəyyən ziddiyyətlər vardır. Belə ki, bir tərəfdən deyilir ki, bütün dövlət qulluqçuları və əmək pensiyası yaşına çatmış sabiq hakimlər yaşa görə pensiyaya əlavələr hüququna malikdirlər. Digər tərəfdən isə yalnız 15 ildən çox işləmiş dövlət qulluqçuları və hakimlərə əlavənin məbləği müəyyən olunub, 15 ildən az stajı olanlar üçün isə bu məbləğ müəyyən olunmur və bu hal çox güman ki, gələcəkdə çoxsaylı məhkəmə mübahisələrinə səbəb olacaqdır.
Həmçinin mühüm dəyişikliklərdən biri də odur ki, deputatlar, MSK üzvləri, hakimlər, 25 il stajı olmayan prokurorluq işçiləri, Ombudsman, dövlət qulluqçuları, baş nazir, nazirlər və onların müavinləri, ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarının işçiləri və s. xüsusi kateqoriyadan olan şəxslər 2-ci və 3-cü qrup əlil olduqda artıq əvvəlki kimi pensiyaya əlavələr almaq hüququna malik olmayacaqlar və pensiyalarını sıravi vətəndaşlar kimi alacaqlar.
MilliYol.Az
Digər xəbərlər
loading...