MTN bossu keçmiş “Azəryolservis” sədrindən neçə milyon alıb?
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumunun imkanlarından iş adamlarının əmlakına göz dikməsi, hədə-qorxu, şantaj yolu ilə onları müflis etməsi ilə yanaşı həm də ayrı-ayrı yüksək vəzifəli şəxslərdən də rüşvət alması üçün istifadə etdiyi heç kimə sirr deyil.
Eldar Mahmudov və hazırda həbsdə olan MTN-nin sabiq idarə rəisi Akif Çovdarov hakimiyyətdə nüfuzlu məmurlara belə təzyiq edərək onlardan haqq alırmış. Mediada yayılan məlumatlara görə, MTN-nin sabiq rəhbərliyi nəqliyyat naziri Ziya Məmmədov, “Bakı Metropoliteni”nin sədri Tağı Əhmədov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədən böyük məbləğdə pul ala bilib.
Aztoday.az-a daxil olan məlumatlara görə, Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin hədə yolu ilə rüşvət aldığı məmurlar adlarının gizli qalmasını istədiyindən hələ bir çox faktlar geniş ictimaiyyətə bəlli deyil.
Mənbə iddia edir ki, MTN-nin sabiq rəhbərliyinin hədəfində olan məmurlardan biri də millət vəkili, həmin zaman “Azəryolservis” ASC-nin sədri işləyən Cavid Qurbanov olub. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan Cavid Qurbanov MTN-in hədəfindən çox yayınmağa çalışsa da buna nail ola bilməyib. Onun hakim ailə ilə təzə qohumluğu belə Eldar Mahmudovu onun üzərinə getməkdən çəkindirməyibmiş.
Qeyd edək ki, Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Pərviz Həşimli açıqlamalarında MTN-nin sabiq rəhbərliyinin ondan Cavid Qurbanov da daxil olmaqla bir çox məmurların əleyhinə ifadə almaq istəməsini bildirmişdi. Bu da onu göstərir ki, sabiq MTN rəhbərliyi nəyin bahasına olursa olsun Cavid Qurbanovu “tor”a salmaq istəyib.
Mənbə bildirir ki, Pərviz Həşimlinin həbsindən sonra istəyinə nail ola bilməyən MTN rəhbərliyi Cavid Qurbanovun oğlu vasitəsi ilə hədəfə alır. Və xaricdən Bakıya qayıdan Şəmşir Qurbanov Heydər Əliyev adına Binə Hava Limanında saxlanılır. Cavid Qurbanov oğlunu MTN-nin cinayətkar dəstəsinin əlindn almaq üçün bütün əlaqələrini işə salsa da buna nail ola bilmir. Çünki MTN-nin sabiq rəhbərliyi Şəmşir Qurbanov barəsində hazırladığı dosyedə müvafiq şəxsləri Cavid Qurbanovun oğlunu haqlı olaraq saxladığına inandıra bilir. Ancaq bundan sonra Cavid Qurbanov məcbur qalıb oğlunu azad etmək üçün MTN-sabiq rəhbərliyinin tələb etdiyi məbləği verməyə razılaşır. Məbləğin isə kifayət qədər böyük olduğu bildirilir.
Cavid Qurbanovun oğlunun hansı səbəbdən aeroportda saxlanılması ilə bağlı sualımızı mənbə cavablandıra bilməyəcəyini və bundan məlumatsız olduğunu dedi. Bununla belə mənbə Cavid Qurbanovun sədrliyi zamanı “Azəryolservis”-in sifarişlərini həyata keçirən bir çox şirkətlərdən Eldar Mahmudovun aylıq “haqq” aldığını bildirdi.
Xatırladaq ki, millət vəkili Cavid Qurbanov “Yeni Müsavat” qəzetinə müsahibəsində MTN-nin ona toxunub-toxunmaması ilə bağlı sualı cavablandırmaqdan yayınmışdı. Həmin müsahibədən bir hissəni təqdim edirik:
“- Məlum MTN əməliyyatından sonra mediada çoxlu sayda məlumatlar yayıldı. Onlardan bəziləri təsdiqləndi, bəziləri təkzib olundu. Bu məlumatlardan biri də o idi ki, sabiq nazir Eldar Mahmudov və onun keçmiş komandası bəzi nazirlərdən, komitə sədrlərindən, yüksək vəzifədə olan məmurlardan haqq alırmış. Anadolu türkləri demiş, sizə də bulaşıblarmı, buna cəhd ediblərmi?
- Onların (MTN çetesini nəzərdə tutur-red.) mənə bulaşmağa heç haqqı, imkanı da yox idi. Məlum səbəblərə görə bulaşa bilmirdilər. Bircə dəfə xırda bir məsələ olmuşdu. O da aydınlaşdı, bitdi getdi. Amma mənim üstümə yerisinlər, məndən nəsə istəsinlər… belə şey olmayıb.
- Hiss edirəm ki, bu mövzuda çox dərinə getmək istəmirsiniz…
- Məhkəmə olmadan insanları cinayətkar adlandırmaq doğru yanaşma deyil. Sadəcə, sədaqət yaxşı şeydir. Bu proseslərdə kimin sadiq olub-olmadığı bilindi”.
Məsələ ilə bağlı Cavid Qurbanovun münasibətini öyrənmək cəhdlərimiz alınmadı. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxlayıb, Cavid Qurbanovun fikirlərini öyrənmək istədik. Ancaq Nadir Əzməmmədov Cavid Qurbanovun hazırda ölkədə olmadığını dedi.
MilliYol.Az
Digər xəbərlər
loading...