MilliYol.Az Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiri Sabit Fətizadənin Trend-ə müsahibəsini təqdim edir
- İstərdik, əvvəlcə ölkənin bank sisteminin hazırkı vəziyyətinə toxunaq. Ümumiləşdirilmiş olsa da, bir mütəxəssis kimi müəyyən fikirlərinizi bizimlə bölüşərdiniz.
- Bu gün Azərbaycanın bank sistemi dövlətin xüsusi nəzarətindədir və bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir. Bu sahə hazırda dünyada yaşanan və təbii ki, ölkəmizə də təsirsiz ötüşməyən arzuolunmaz iqtisadi proseslərə rəğmən inkişafa meyilli mexanizmlərə söykənir. Ortada çox fikirlər, müxtəlif yanaşmalar ola bilər və təəssüf ki, bunların əksəriyyəti qeyri-obyektiv mülahizələrdən irəli gəlir. Əslində isə Azərbaycanın bank sistemi inkişafa hədəflənmiş xətt üzərində hərəkət edir. Maliyyə çatışmazlığı, təbii resursların dünya bazarındakı qiymətində baş verən dəyişikliklər səbəbindən gəlirlərin azalması və sair kimi hallar heç bir halda fəlakət kimi qiymətləndirilməməlidir. Bütün bunlar təbii proseslərdir və əgər kimsə hesab edirsə ki, hazırkı mərhələ banklar üçün sondur, faciəvidir, dözülməzdir, kökündən yanılır. Hər bir ciddi maliyyə institutunun böhranlı vəziyyətlər də daxil olmaqla, bütün iqtisadi situasiyaları qarşılayacaq dəqiq maliyyə siyasəti var. Bu gün biz çalışmalıyıq ki, dünyadakı qabaqcıl təcrübələrdən maksimum yararlanaraq yeni modellərin tətbiqinə çalışaq. Azərbaycan ilklərin yarandığı, ən müasir texnologiyalardan istifadə olunan və çoxlarına nümunələr göstərən ölkədir və indi bizim əsas məqsədimiz də bu ənənəni davam etdirib daha böyük uğurlara imza atmaqdır.
- Yəni ölkənin bank sistemində hər hansı problem yoxdur.
- Aydındır ki, gəlirlərin azalması istər-istəməz maliyyə bazarına da öz təsirini göstərir. Belə vəziyyətlərin faciəvi hal kimi qiymətləndirilməsinin əleyhinəyəm və bir daha təkrar edirəm ki, əsas məsələ yaranmış situasiyaya müvafiq fəaliyyət mexanizmlərinin tətbiq olunmasıdır. Banklarımız müvafiq icra qurumunun qaydalarına, valyuta siyasətinə əsaslanaraq hazırkı mərhələnin şərtlərinə uyğunlaşmağa çalışırlar. Problem əslində inkişafın ayrılmaz tərkib hissəsidir. Əgər biz yerimizdə saymamaq, əldə etdiklərimizlə kifayətlənməmək, daha modern sistem və texnologiyaları tətbiq etmək istəyiriksə, deməli, bu yolda problemlər də olacaq. Uğuru gətirib xonçada sənə vermirlər. Onu qazanmaq, bu yolda qarşıya çıxan problemlərin öhdəsindən gəlmək lazımdır. Əsas məsələ həm də bilirsiniz nədir? Problemi görmək, onu dəqiq təyin etmək. Bəzən insanlarımız sıradan bir məsələni böyük problemə çevirir, onun həlli üçün baş sındırırlar. Əslində isə həmin məsələ bir sözlə və ya hansısa bir avadanlığa adi toxunuşla həll olunandır. İşləri ləngidən, inkişafa imkan verməyən problem isə qalır kənarda. Bax, problem əslində problemi görməməkdədir. Problemi gördünsə, onun həll yolunu müəyyən etmək çox asandır. Ümumiyyətlə, hər hansı bir sahəni təhlil etmək üçün o sahənin mütəxəssisi olmaq lazımdır. Fakt odur ki, bu gün banklar həmişə olduğu kimi, bütün növ xidmətləri göstərir.
- Son iki ildə Azərbaycanda bir neçə bank fəaliyyətini dayandırıb. Vəziyyəti "fəlakətli" kimi qiymətləndirənlər bu faktları da misal kimi göstərirlər.
- Bu fikirlərlə qətiyyən razı deyiləm. Bankların bağlanması və yenilərinin təsis olunması kimi hallara bütün ölkələrdə və bütün dövrlərdə rast gəlinir. Hətta inkişaf etmiş ölkələrdə, özü də hər hansı maliyyə böhranı yaşanmadığı bir dövrdə banklar fəaliyyətini dayandırır və yaxud bir neçə bankın təmərküzləşməsi kimi faktlar qeydə alınır. Bankların bağlanması kimi halların yalnız iqtisadi böhran dövrləri üçün xarakterik olduğu barədə qənaətlər tamamilə yalnışdır. Eləcə də bankların bağlanmasını böhranın göstəricisi kimi qiymətlətləndirmək doğru deyil. Banklar müxtəlif səbəblərdən fəaliyyətini dayandıra bilər. Bu sırada düzgün qurulmayan maliyyə siyasəti, bazar şərtlərinin dəqiq müəyyənləşdirilməməsi, rəqabətə davamlılığı təmin edəcək təsir rıçaqlarının işlənilməməsi və s. kimi səbəblər göstərmək olar. Eləcə də bank sahibləri başqa bir sahədə fəaliyyət göstərmək və investisiyanı həmin sahəyə yönəltmək barədə qərar verə bilərlər və bu da tamamilə normal haldır.
- Bəs sizdə bank-müştəri münasibətlərində vəziyyət yaxşıdırmı? Hər halda milli valyutanın devalvasiyası nəticəsində müştərilərin krediti qaytarmasında müəyyən problemlər yaranmışdı.
- Ümumi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, devalvasiyanın ilk ayları ilə müqayisədə ödəniş qabiliyyətinin artdığı müşahidə olunur. Kredit tələbi və depozit qoyuluşları da getdikcə yüksələn xətt üzrə yüksəlir. Bilirsiniz, insanlarımız da artıq dövrün tələblərinə uyğunlaşmağa başlayıblar. Daha çox çalışmaq, atılan addımın məsuliyyətini dərk etmək, imkanları doğru-düzgün hesablamaq və s. indi hər bir vətəndaşımızın öz həyatında tətbiq etməli olduğu qaydalardandır. Bu proses də artıq gedir. İş adamlarımız, sahibkarlar artıq yeni-yeni qazanc mənbələri axtarır, çağdaş dövrün tələblərinə uyğun biznes planlar hazırlanır, kənd təsərrüfatına qoyuluşlar artır.
- Sizcə, banklarda çalışan kadrların sahə üzrə səviyyəsi qaneedicidirmi?
- Bu gün Azərbaycanın bank sistemində bu işi mənimsəyərək yüsək səviyyəli mütəxəssisə çevrilmiş kadrlar çalışır. Onlar nəinki bank sahəsinin, hətta başqa-başqa sahələrin maliyyə-təsərrüfat fəaliyyətini yüksək dərəcədə idarə edəcək qüvvələrdir. Burada bir vacib məqama diqqətinizi yönəltmək istəyirəm. Hazırda Azərbaycanın nəinki bank sistemində, bütün sahələrdəki aparıcı mütəxəssislər, peşəkar iş icraçıları bu gün 94 illik yubileyini qeyd etdiyimiz dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin hələ illər əvvəl indiki dövr üçün hazırladığı intellektual resurslardır. Onun üçün insan kapitalı çox vacib bir istiqamət idi. O bizim hamımıza şəxsi nümunələr göstərdi, məktəb yaratdı, müəllimimiz oldu. Heydər Əliyevin nəsihətləri hələ də qulağımızdadır və bu, həmişə belə olacaq. Allah ona rəhmət eləsin, məkanı nurla dolsun!
- Kənd təsərrüfatına yatırımlardan danışdınız. Bu, doğrudan da çox vacib məsələdir. Banklar bu sahəyə kredit ayırmağa həvəslidirlərmi?
- Əlbəttə. Bu, başqa cür ola da bilməz. Bilirsiniz ki, Azərbaycan tarixən aqrar ölkə kimi tanınıb. Ulu Öndərimiz Heydər Əliyev hələ SSRİ dönəmlərində Azərbaycanda bu sahənin inkişafı üçün misilsiz xidmətlər göstərib. O, müstəqillik illərində də aqrar sahəyə xüsusi diqqət ayırıb və bu ənənə indi möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlbəttə, banklar dövlətin diqqət göstərdiyi istiqamətlərə vəsait ayırmaqda maraqlıdırlar. Sözsüz ki, kənd təsərrüfatını əhatə edən maraqlı layihələrə də banklar lazımi münasibəti göstərir və göstərməlidirlər. Mənim şəxsi hesablamalarıma görə, Azərbaycanın kənd təsərrüfatı çox yaxın illərdə iqtisadiyyatımızın sürətli inkişafını təmin edən əsas sahələrdən birinə çevriləcək. Allah bizə yerin üstündə də çox sayda sərvət qismət edib və dövlətin də aqrar sahəyə böyük qayğısı var. Düşünürəm ki, getdikcə iş adamlarımız aqrar sahəyə yatırım qoymağa daha çox maraq göstərəcəklər. Çünki növbəti mərhələlərdə bu sahədə likvidlik çox yüksək olacaq.
- Sizcə, ölkənin kənd təsərrüfatı sahəsində hansı islahatlara ehtiyac duyulur?
- Bu sualınıza daha dəqiq cavab almaq üçün siz aqrar sahədə çalışan mütəxəssislərə müraciət etməlisiniz. Mən ancaq ümumi fikirlərimi bölüşə bilərəm. Məsələn, deyə bilərəm ki, islahatlar artıq gedir. Bu sahənin inkişaf etdirilməsi məqsədilə dövlət səviyyəsində ən müxtəlif komponentlər nəzərə alınmaqla xüsusi proqramlar işlənilərək icraata yönəldilir. Bilirəm ki, gənclərin bu sahəyə marağının artırılması, dövrün tələblərinə cavab verən kadrların yetişdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir və bu da olduqca vacib məsələdir. Çünki getdikcə aqronomlara, zootexniklərə, baytar həkimlərə daha çox ehtiyac yaranacaq. Təbii ki, tədricən yeni yanaşmalar da meydana gələcək. Misal üçün, nəsildən-nəsilə keçən mülk torpaqları anlayışı yenidən aktuallıq qazana və tarixdə artıq tətbiq olunmuş bu təcrübə çağdaş dövrümüzdə də kifayət qədər səmərəli ola bilər. Rusiyada vərəsəlik hüququna söykənən mülk torpaqları haqqında qanun layihəsi də işlənilib və onlar xeyli müddətdir ki, bu istiqamətdə ciddi iş aparırlar. Biz də bunu sınaqdan keçirə bilərik. Nəsildən-nəsilə ötürülən mülk torpaqları dövlət tərəfindən həmişəlik ayrılır və həmin ərazilərdə yaşayış sahəsi və təsərrüfatlar yaratmaq üçün lazım olan tikililər inşa olunur. Bu, eşitdiyimiz və bildiyimiz ailə təsərrüfatının çoxşaxəli və daha böyük formasıdır. Dediklərimiz reallaşarsa, bu bir tərəfdən urbanizasiyanın qarşısını alar, digər tərəfdən isə aqrar sahənin daha sürətli inkişafına təkan verər. Təbii ki, başqa tədbirlərin görülməsi də mümkündür və yəqin ki, vaxt keçdikcə biz onların şahidi olacağıq. Bəzən islahatlar anlayışına tamamilə yanlış şərh verilir. İslahatlar aparmaq o demək deyil ki, bu vaxta qədər qurulmuş nə varsa, hamısı sökülüb atılmalı və hazırda istifadədə olan iş nümunələrindən tamamilə imtina olunmalıdır. Qətiyyən belə deyil. Hər şey tədricən öz həllini tapmalıdır. Dövrün tələbi olan yeni və müasir vasitələr mərhələli şəkilədə təcrübəyə yönəldilə bilər. Eləcə də kadr məsələlərində eyni qayda ilə hərəkət etməliyik. İllərin təcrübəli və peşəkar mütəxəssisləri var ki, biz onlardan yararlandıqca yararlana bilərik.
- Necə düşünürsünüz, bu gün iş adamlarmız, sahibkarlar hər hansısa sahəyə maliyyə yatırarkən həmin sahədəki iqtisadi səmərəliliyi dəqiq hesablaya bilirlərmi?
- Bu məsələdə narahatlıq yaradan məqamlar var. Pul qazanmaq həvəsi hamıda var. Lakin pulu necə qazanmaq məsələsində hamının bacarığı eyni səviyyədə deyil. Necə deyərlər, pulu qazanmaq asandır, xərcləmək çətin. Təkcə iş adamları deyil, eyni zamanda, vətəndaşlarımız da iqtisadi səmərəliliyin əvvəlcədən ölçülməsinə o qədər də maraq göstərmir və buna dırnaqarası yanaşırlar. “Filan sahədə yaxşı qazanc var” kimi kənardan eşidilən söhbətlər bəzilərinə kifayət edir ki, həmin sahəyə böyük məbləğdə vəsait yatırsın. Amma işin dərinliyinə baş vuranda görürlər ki, bu sahənin elə bir özəlliyi var ki, hamı bu işin öhdəsindən gələ bilməz. Çünki ərazidəki sakinlərin sayı, onların alıcılıq qabiliyyəti, sosial statusları nəzərə alınmır. Bütün işlərdə gərəkdir ki, məntiqi limitlər müəyyən olunsun. Əlbəttə, biznes sahəsində uğurlu fəaliyyət göstərən insanlarımız da var. Yeni-yeni ticarət nişanları, hotellər, əyləncə mərkəzləri, restoranlar və s. kimi milli koloritə söykənən biznes şəbəkələri formalaşır. Azərbaycanda gənc iş adamları var ki, yalnız öz bacarıqları sayəsində milli brendlər yaradırlar. Belə insanlara dəstək verilməlidir ki, daha nəhəng layihələrə müəlliflik etsinlər.
- İqtisadi səmərəliliyin hesablanmasındakı çatışmazlıqlardan danışdınız. Bu sıraya marketinq işini də əlavə etmək olarmı?
- Bəli, tamamilə doğrudur. Kommersiya fəaliyyəti ilə məşğul olan insanlarımızın böyük əksəriyyəti marketinq işinə ciddi önəm verməlidirlər. Bu sahə hələ ki, ürəkaçan səviyyədə deyil. Eyni zamanda, işəgötürmə məsələsində də bəzən ciddi xətalara yol verilir ki, sonradan bunun ağır fəsadları ortaya çıxır. Artıq elə bir dövrə qədəm qoymuşuq ki, biz bütün hallarda keyfiyyətə diqqət ayırmalıyıq. Kəmiyyət məsələsi tamamilə arxa plana keçməlidir. Ümumiyyətlə, mənim fikrimcə, tədricən bütün sahələrdə frilans formatına üstünlük veriləcək.
- Frilans? Maraqlı fikirdir, sizcə biz bu təcrübəyə hazırıqmı?
- Bunu iqtisadi məkanda zaman tələb edir. Biz nəinki buna, müasir dövrün bütün çağırışlarına cavab verməyə hazır olmalıyıq. Frilanser azad işçi deməkdir. Bütün sahələrə uyğun belə işçilər var və onlar demək olar ki, mövsümi şəkildə və sifarişlə fəaliyyət göstərirlər. Sahədən asılı olmayaraq, hansısa müəssisədə bu və ya digər müvəqqəti işin öhdəsindən gəlmək üçüm peşəkar işçiyə zərurət yaranır. Bu halda müəssisə rəhbəri həmin frilanseri müddətli işə dəvət edir və həmin iş üçün əlavə ştat vahidi müəyyənləşdirilmir. Düşünürəm ki, tədricən bizdə frilans işi aktuallıq qazanacaq.
- Azərbaycanda turizm sahəsinin gələcəyini necə görürsünüz?
- Bu sahə Azərbaycanda çox sürətlə inkişaf edir. Bunu da şərtləndirən bir neçə mühüm amil var. Məsələn, füsunkar təbiət, dərin tarixə malik memarlıq abidələri, zəngin mətbəx, qonaqpərvər xalq, unikal infrastruktur, bir neçə dünya miqyaslı tədbirlərə ev sahibliyi etməsi, multikultural dəyərlərin ən yüksək səviyyədə qorunması və şübhəsiz ki, ictimai-siyasi sabitlik. Statistikaya da nəzər yetirdikdə görürük ki, ölkəmizə gələn turistlərin sayı artır. Amma bununla kifayətlənə bilmərik. Hesab edirəm ki, biz bütün sahələrə uyğun elə mükəmməl xidmətlər portu yaratmalıyıq ki, millətindən, dilindən asılı olmayaraq, ölkəmizə gələn bütün turistlər həmin portlara qoşulub daha sərbəst hərəkət edə bilsinlər.
- Azərbaycanda "Nağdsız hesablaşmalar haqqında" qanun aprelin 1-dən qüvvəyə minib. Bununla da bağlı fikirləriniz maraqlı olar.
- Bu, dünyada gedən pul siyasətinin şəffaflaşdırılmasına yönəlmiş keçid addımıdır. Bu gün dünya tədricən nağdsız hesablaşmaların daha da təkmilləşdirilmiş bir forması olan elektron valyuta sisteminin tətbiqinə keçir. Dövr artıq kriptovalyutanın yollarına işıq salır. Artıq bir neçə ölkədə Bitkoin, Onekoin kimi elektron pulların tətbiqinə başlanılıb.
- Elektron pul?
- Bəli, elektron pul. İnternet məlumat bazalarında Bitkoinlər, Onekoinlər barədə geniş məlumatlar var. İnsanlarımız, xüsusən gənclərimiz bu barədə biliklərini zənginləşdirsələr, daha yaxşı olar. Bu, nağdsız hesablaşmaların bir növüdür, IT valyutadır. Artıq bu proses başlayıb və tədricən də sürətlənir. Məsələn, Yaponiya bu sistemi banklar səviyyəsində tətbiq etməyə başlayıb. Dünyada hər şey elektronlaşır və bu proses əvvəl-axır ənənəvi ödəniş vasitələrini də əhatə etməlidir. İndi biz həmin mərhələdəyik. Kağız və dəmir pullar barter üsulunu əvəzləmişdi, hazırda nağdsiz hesablaşmalar mərhələsidir, daha sonra isə sıra elektron pullara çatacaq. Kripotovalyuta şəffaflığı təmin edən, idarə olunması rahat olan çevik ödəniş vasitəsidir. Koinlər vasitəsilə biz ən adi ödənişlərimizi də edə bilərik. Hansısa bank kartına da ehtiyac qalmayacaq. Koinlərin tətbiqindən sonra bu məsələ də ortadan qalxacaq. Hazır məhsuldur, hesabına yüklə və ürəyin istədiyi əməliyyatı gerçəkləşdir. Hər şey sadəcə smartfonda bir əməliyyat edəcək qədər sadədir. Hətta "Messenger"lərlə də (Tencent QQ, WeChat) pul köçürməsi bu gün bəzi dövlətlərdə artıq realdır. Marketlərdə alış-veriş zamanı da QR kodlar vasitəsilə bu sistemdən istifadə etmək mümkündür. Bu zaman xüsusi sistem smartfonunuzdakı QR kodu sürətlə oxuyub elektron cüzdanınızdan müvafiq miqdarda vəsaiti çıxarır.
- Bəs təhlükəsizlik necə? Koinlərin bankdankənar dövriyyəsi təhlüksizliyin təmin olunması kimi məsələlərdə çətinlik yaratmayacaq ki?
- Mən belə düşünmürəm. Bayaq dedim, Yaponiya kimi dövlət artıq bu sistemin tətbiqinə başlayıb. Avropa ölklərində Bitkoin bankları yaradılır, müxtəlif klublar fəaliyyət göstərir.Təbii ki, yaponlar ən xırda detalları, üzləşə biləcəkləri çətinlikləri nəzərə alıblar. Heç bir proses kortəbii baş vermir. Koinlər bankdankənar olmaya da bilərlər. Hətta bu elektron ödəniş vasitəsini hansısa qiymətli metala bağlamaq da olar. O ki qaldı təhlükəsizlik məsələsinə, burada da qorxu yaradacaq heç nə yoxdur. Bu gün çox şey IT sistemi ilə idarə olunur. Kiberhücumlara qarşı da artıq güclü müdafiə sistemləri yaradılıb. Bunların hamısını nəzərə aldıqda elektron puldan çəkinmək üçün ortada ciddi əsas qalmır. Dövlətin müvafiq qurumlarının kifayət qədər geniş nəzarət imkanları və təhlükəsizliyi ən yüksək səviyyədə təmin edəcək vasitələri var. Əlbəttə, hər bir yeni texnologiyanın və ya hansısa yeni sistemin tətbiqi ilkin dövrlərdə müəyyən çətinliklər yarada bilər. Amma bu heç də o demək deyil ki, biz bundan qorxub qloballaşan dünyanın yeni tələblərinə uyğunlaşmamalıyıq. Mən inanıram ki, Azərbaycan bu sahədə də MDB ölkələri sırasında lokomotiv rolunu oynamaqla daha bir nümunə yarada bilər. Əslində pulların elektronlaşması prosesinin geri dönüşü yoxdur. Qarşıdakı illərdə biz dünya ölkələrinin ardıcıllıqla bu prosesə qoşulduğunun şahidi olacağıq. İnanıram ki, vaxt gələcək, Azərbaycanın özünün, məsələn, AZkoin adlı elektron valyutası olacaq. Digər ölkələrdə də təbii ki, həmin ölkənin adına uyğun elektron pullar yaranacaq. Misal üçün, Rusiyada RUSkoin, Gürcüstanda GEOkoin kimi və sair.
- Koinlərin məzənnəsi necə təyin olunacaq?
- Bunu koinə olan tələbin səviyyəsi müəyyənləşdirəcək. Mən indi bu müsahibədə bütün məsələlərdən detallı şəkildə bəhs etmək istəmirəm. Hesab edirəm ki, pilot layihələr işlətməliyik. Yeni nəsil buna doğru addım atmalıdır. İnsanlarımıza bunun üstün tərəflərini izah etməliyik ki, cəmiyyət bunu mənimsəsin. Ola bilsin ki, yaşlı insanlar heç bununla tanış olmaq fikrində də deyillər. Olsun, heç bir problem yoxdur. Hazırda istənilən ölkədə, məsələn, mobil telefonlar barədə anlayışı olmayan, bu aparatları bir dəfə də olsun əlində tutmayan adamlar tapmaq olar. Məgər dünya onları gözləyəcək? İKT-nin inkişafının qarşısını necə almaq olar axı?
- "Pilot layihələr" dediniz. Bunu bütün banklarda sınaqdan keçirmək olar, yoxsa pilot layihəni icra edəcək xüsusi bir bank müəyyən edilməlidir?
- Fikrimcə, bunun üçün ayrıca bir bank seçilməlidir. Amma başqa variantlar da ola bilər.
- Sizcə hansı bank?
- Reytinqli bank. Bu sistemi ancaq güclü bank sınaqdan keçirməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...