Xəbər verdiyimiz kimi, dünən Fransada keçirilən prezident seçkilərinin qalibi "İrəli" Hərəkatının lideri, liberal-demokrat Emmanuel Makron olub. Bəs bu seçim Azərbaycan-Fransa əlaqələrinə və Dağlıq Qarabağ probleminin həllinə necə təsir göstərə bilər?
“Qaynarinfo”ya açıqlama verən politoloq, ADA Universitetinin müəllimi Elnur Soltanov seçimin Azərbaycan üçün yaxşı hadisə olduğunu bildirib:
“Qısa olaraq deyə bilərəm ki, bu qlobal ölçülü bir hadisədir. Çünki Avropa İttifaqının taleyi mövzusuna toxunan amildir. Əgər Aİ-nin iki təməl sütunundan biri Almaniyadırsa, digəri də Fransadır. Bu iki ölkə bir arada olduğu müddətdə Aİ yaşayacaq. Bu təşkilat da Azərbaycanın yaxınında, qonşuluğunda olan ən böyük, supergüc xarakterinə sahib olan və müəyyən ölçülər daxilində kifayət qədər liberal əsaslarla hərəkət edən qurum olduğu üçün, həmçinin Azərbaycanın da liberallaşma və qloballaşma səmtindən yararlanan bir ölkə olduğunu nəzərə alsaq, Makronun seçilməsi bizim üçün yaxşı bir hadisədir. Amma əlbəttə ki, Fransanın dövlət siyasəti kontekstində Makronun əvvəlki siyasi xətdən daha fərqli bir xətt güdəcəyini gözləmək əbəsdir".
Ekspert eyni zamanda Makronun prezidentliyi müddətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansısa bir dəyişikliyin olacağını gözləməyin əbəs olduğunu qeyd edib:
"O, radikal biri deyil, Fransa mərkəzçiliyinə daha yaxın bir siyasətçidir. Bu mənada Fransanın Qarabağ məsələsinə dövlət səviyyəsində ümumi münasibəti Azərbaycan üçün böyük dəyişikliklər ifadə etmir. Çünki Fransanın mərkəzçilik siyasətində erməni faktorunun təsiri güclüdür. Zaman-zaman da bunun şahidi oluruq. Bu cəhətdən Le Pendən bəlkə də hansısa fərqli bir addım gözləmək olardı. Çünki o, yeni bir nəfəs idi. Hər nə qədər radikal olsa da, təhlükə ərz etsə də, ondan Qarabağ üçün daha yaxşı demirəm, daha dəyişik addımlar gözləmək olardı".
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı isə Makronun prezident seçilməsini Azərbaycan üçün uğur adlandırıb:
“Bu seçim istər Avropada, istərsə də bütün dünyada sivilləşmə prosesini özündə daşıyan ölkələrin uğurudur. Bu baxımdan Makronun seçilməsini Azərbaycan üçün də uğurlu saymaq olar. Düşünürəm ki, onun ən böyük üstünlüyü həm də ondan ibarətdir ki, erməni lobbisinin köməyi ilə prezident seçilməyib. Yəni, burada erməni lobbisinin hər hansısa bir rolu və ya dəstəyi olmayıb. Eyni zamanda o, Avropanın gələcəyi və inkişafında maraqlı olan bir siyasətçidir, gənc və dinamikdir. Buna görə, problemlərin həlli istiqamətində yaxından iştirak etmək istəyəcək və bu baxmdan bizim üçün də çox faydalı ola bilər. Onu da qeyd edim ki, Makron həmçinin Beynəlxalq Avropa Hərəkatının namizədi idi və rəhbərliklə də çox yaxşı münasibətləri var. Noyabr ayında keçiriləcək tədbirdə iştirak edəcək və Avropa Hərəkatının bütün nümayəndələri, o cümlədən biz də orada təmsil olunacağıq. Düşünürəm ki, Azərbaycanla bağlı müəyyən bir məsələni onun qarşısında qaldıranda bizim xeyrimizə hər hansısa bir qərar və ya bəyanat qəbul etdirmək çətin olmayacaq”.
Ramin Hacılı həmçinin Makronun Dağlıq Qarabağ probleminin həllinə müsbət yanaşacağını da vurğulayıb:
“Bütün hallarda Qarabağ probleminin həlli istiqamətində atılan addımları Fransa və ABŞ daim dəstəkləyir, Rusiya isə əksinə, bu prosesin olduğu kimi saxlanılmasının tərəfdarı olur. Bu səbəbdən problemin həlli istiqamətində Rusiyanı razı salmaq üçün son zamanlar ABŞ və Fransadan çox onunla danışıqların aparılmasına üstünlük verilir. Azərbaycan prezidenti sülh tərəfdarı olduğunu açıq şəkildə bəyan edib və problemin sülh yolu ilə həll olunması məsələsində qətidir. Lakin Serj Sarkisyan daim Rusiyanın ona verdiyi təlimatlarla addım atdığından bu məsələdə ortaq bir məxrəcə gəlmə prosesi ləngiyir. Bu baxımdan Minsk Qrupunun digər iki tərəfi Rusiya ilə danışıqlar aparır. Ümid edirəm ki, Makrondan sonra bu danışıqlar irəliyə aparılacaq və daha qətiyyətli addımlar atılacaq. Makron xarici siyasətdə daha diqqətcil bir siyasətçidir. Əgər Marine Le Pen gəlsəydi onun platformasında ən çox yer alan məsələlər daxili siyasətlə bağlı olacaqdı və xaricdə baş verən proseslərə o qədər də maraq göstərməyəcəkdi”.
MilliYol.Az
Digər xəbərlər
loading...