"Məlumdur ki, hazırda bank sistemində ciddi dəyişikliklərə ehtiyac var. Faktlar göstərir ki, problemli aktivlərin taleyi həll olunmalıdır. Bank sistemindəki əskikliklərin bu fərmanın icrası ilə yaxın vaxt ərzində həll olacağına ümid edirəm. Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlə daim məşğuldur və mütəmadi olaraq diaqnostik yoxlamalar aparır".
Bu sözləri axar.az-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiqi ilə bağlı fərmanın mahiyyəti haqda danışarkən deyib. Onun sözlərinə görə, fərmanın icrası iqtisadiyyat üçün müsbət nəticələr verəcək:
“Banklarda aktiv və qeyri-aktivlər mövcuddur ki, görülən işlər bunun hər ikisinə də şamil olunacaq. Yəni bununla tək sağlam deyil, işlənməyən aktivlərin də birləşdirilməsi həyata keçiriləcək. Bu sağlamlaşdırma üçün atılan addımlardan birincisidir.
Hazırda banklarda ümumi vəziyyət stabilləşməyə doğru getmir. Nəticə onun göstərir ki, artıq bank sistemində dəyişikliklər etməyə ehtiyac var. Belə olduqda sağlamlaşdırma tədbirləri üçün bankların birləşməsi, yaxud bağlanması gözləniləndi. Vəziyyət göstərir ki, bəzi bankların birləşdirilməsi mümkün olmasa, bağlana bilər. Bu isə bank sistemində sağlamlaşdırılmanın ilkin mərhələsi üçün nəzərdə tutulub.
Düşünürəm ki, bu işin davamı kimi növbəti aylarda digər qərarlar veriləcək və geri yığıla bilməyən kreditlər üçün də müəyyən tədbirlər görüləcək”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...