ATƏT-in Yerevandakı ofisinin mandatını uzatmaq mümkün olmayıb. Novator.az-ın məlumatına görə, bunu mayın 5-də Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan bəyan edib
Tiqran Balayan deyib ki, mandatın uzadılmasına Azərbaycan mane olub: “ATƏT rəhbərliyi, qurumun üzvləri, katiblik Yerevan ofisinin fəaliyyətini dəstəkləyir. Ancaq Azərbaycan ATƏT-də qərarların konsensusla qəbulu prinsipindən sui-istifadə edərək mandatın uzadılmasına imkan vermədi”.
Azərbaycan ATƏT-in Yerevandakı ofisinin son illər həyata keçirdiyi minalardan təmizləmə fəaliyyətinə etirazını bildirib. Xarici İşlər Nazirliyi bəyan edib ki, təşkilatın minalardan təmizləmə fəaliyyəti mandatın açıq-aşkar pozulmasıdır.
AZƏRTAC-ın məlumatına görə, Yerevan ofisinin mandatı məsələsinə ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında baxılıb. ATƏT-in Daimi Şurasının sədri, Avstriyanın bu qurum yanında daimi nümayəndəsi Klemens Koya qeyd edib ki, ATƏT-in Yerevan ofisinin mandatını uzatmaqla bağlı bütün imkanlar artıq tükənib, aparılan danışıqlar səmərəsiz qalıb, tərəfləri razı salacaq təkliflərin qəbul olunmaması nəzərə alınaraq ATƏT-in Yerevan ofisinin bağlanmasına qərar verilib.
İclasda ATƏT-in baş katibinə göstəriş verilib ki, ofisin bağlanması üçün tələb olunan proseslərin həyata keçirilməsini təmin etsin. Həmçinin qeyd edilib ki, ofisin bağlanması üçün texniki prosedurlar üç ay ərzində başa çatdırılmalıdır.
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov çıxışında bildirib ki, ATƏT Azərbaycanda və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib: “Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk qrupu məşğul olduğu üçün Bakı və Yerevan ofislərinin bu məsələlərə cəlb olunmayacağı razılaşdırılıb. Lakin son üç il ərzində bu ofisin öz mandatına zidd fəaliyyət göstərməsi, xüsusilə minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması əldə edilmiş razılaşmanı pozub.
Əsasən Ermənistandan olan ictimai mənbələrdən əldə edilən məlumatlara əsasən, minalardan təmizləmə fəaliyyətinin coğrafi dairəsi genişlənərək Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edib. Belə bir vəziyyət ofisin mandatına uyğun gəlmədiyinə görə Azərbaycan tərəfi bu mandatın yanlış interpretasiyası ilə razılaşa bilməzdi. Bu həmçinin ofisin təsis olunduğu vaxt əldə edilmiş razılaşmaya da ziddir. Həmin vaxt ofisin öz fəaliyyəti çərçivəsində nəinki Azərbaycanın işğal olunmuş ərazilərində layihələr aparması, ümumiyyətlə Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməyəcəyi razılaşdırılıb.
Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb. Ötən üç il ərzində müxtəlif imkan və proseslərdən istifadə edilməsinə cəhd göstərilsə də, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından məsələyə həll yolunun tapılması mümkün olmayıb.
Ofisin mandatının təhrif olunması və səhv təfsir olunmasının qarşısının alınması üçün Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılması və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə cəlb olunmamasına dair qərar layihəsi təklif olunub. Lakin Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək bu qərar layihəsini qəbul etməyib. Bu da nəticə etibarilə ofisin bağlanması barədə qərarın verilməsi ilə nəticələnib”.
Azərbaycan nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi ofisin bağlanmasına təəssüflənir, amma bu, Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.
1975-ci ildə yaradılmış ATƏT-in 57 üzvü var.
MilliYol.Az
Digər xəbərlər
loading...