Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşa şəhəri ilə bağlı bəyanat yayıb
Fransalı deputat 8 may tarixinin Avropada faşizm üzərində qələbə günü kimi qeyd olunduğunu xatırladaraq, həmin tarixin onun azərbaycanlı dostları üçün kədərli gün – Şuşanın işğalı günü olduğunu bildirir və Şuşanı unutmamağa səsləyir.
Bəyanatda qeyd edilir ki, Şuşa Azərbaycan mədəniyyətinin ən gözəl səhifələrinin yazıldığı məkan, Azərbaycan musiqisinin, xüsusilə də muğamının beşiyidir. Aleksandr Düma Qafqaza səfəri zamanı Qarabağ xanının qızı, dövrünün ən məşhur şairəsi Xurşidbanu Natəvanla məhz Şuşada görüşüb.
Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan günədək – mayın 8-dək Azərbaycan mədəniyyətinin döyünən ürəyi olub. Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə Şuşa şəhəri də işğal olunub və 480 nəfər qətlə yetirilib, 600 nəfər yaralanıb, 552 uşaq valideynsiz qalıb. Məktəblər, tarixi, dini və mədəniyyət abidələri dağıdılıb, Azərbaycan mədəniyyət irsinin bütün elementləri yerlə-yeksan edilib.
Bildirilir ki, erməni dağıdıcı maşını azərbaycanlıları doğma yurdundan didərgin salıb. Qədim Azərbaycan torpaqlarında bu gün saxta öz müqəddəratını təyinetmə iddiası ilə işğalçılar məskunlaşıb. İntellektual və bədii təxəyyülün birliyini təcəssüm etdirən əfsanəvi Şuşa işğaldan sonra kabusa çevrilib.
“Fransada faşizm üzərində Qələbənin 72-ci ildönümünü bayram etdiyimiz 8 may günündə 25 il əvvəl torpaqlarını itirmiş, doğma yurdlarından didərgin düşmüş azərbaycanlı dostlarımızı və işğal olunmuş Şuşanı unutmayaq.
Arzu edirik ki, Fransanın yeni seçiləcək prezidenti Minsk qrupu çərçivəsində dərhal və fəal şəkildə həmsədrlik roluna başlasın, Ermənistan və Azərbaycan arasında barışığa, işğal olunmuş ərazilərin azad olunmasına və qaçqınların, məcburi köçkünlərin hüquqlarının tanınmasına əsaslanan ədalətli və davamlı sülhə öz töhfəsini versin”, – deyə bəyanatda qeyd edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...