Keçmiş əməkdaşımızın döyülməsi sifarişini verən sabiq nazirin yaxınlarına zindanın qapıları açıldı
“Yeni Müsavat” qəzetinin əməkdaşı olaraq döyülən Fərahim İlqaroğlunun (Qasımov Fərahim İlqar oğlu) işi üzrə yenidən araşdırma aparıla bilər.
Bu haqda “Yeni Müsavat”a mötəbər mənbədən daxil olan məlumatda bildirilir.
Yada salaq ki, F.İlqaroğlu hazırda Almaniyada mühacirətdədir. Onu “Yeni Müsavat”da çalışdığı günlərdən birində, 25 aprel 2014-cü il tarixdə saat 10 radələrində yaşadığı evin (Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 6) qarşısında naməlum şəxs amansızlıqla döymüş, fiziki təzyiqə məruz qoymuşdu. Həmin zaman avtomobilində açıq qalan kamera (video-qeydedici) bu hadisəni əvvəldən sona qədər çəkmişdi. Çəkilişdən də göründüyü kimi, idmançı görkəmində olan şəxs əvvəlcədən evin qarşısında jurnalisti güdüb, avtomobilinə mindiyi vaxt ona yaxınlaşıb. Guya söhbət etmək istədiyini bildirib və sifətinə zərbələr endirməyə başlayıb. Daha sonra jurnalisti idman fəndi ilə yerə yıxıb qarın və baş nahiyəsinə zərbələr endirib. Bir neçə saniyə sonra daha bir naməlum şəxs həmin adamı hadisə yerindən uzaqlaşdırır. Sonradan hadisənin videogörüntüsü istintaqa verilmiş, o cümlədən də internet səhifələrinə və sosial paylaşım şəbəkələrinə yerləşdirilib.
Az sonra Nizami Rayon Polis İdarəsi əməkdaşları jurnalisti döyən Feyruz Termişi tutub. F.İlqaroğlu ilə üzləşən zaman etiraf edib ki, jurnalistin döyülməsi sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Bu şəxsin isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovun oğlu Aynar və Elnur Məmmədovlarla çox sıx əlaqələri üzə çıxmışdı. Tural Bayramov Məmmədovların idman təşkilatı adı altında fəaliyyət göstərən qanunsuz dəstəsində qərarlaşan şəxslərdən idi. O dövrdə sifarişi icra edən Feyruz Termişi saxlanılsa da, Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov istintaqdan kənar qala bilmişdilər. Səbəb də sadə idi - Aynar Məmmədovun əmisi Ziya Məmmədov nazir, atası isə deputat idi. Tural Bayramov da iş üzrə açar fiqur olduğundan onu da istintaqdan yayındırmışdılar. Bu haqda həmin dövrdə mətbuatda geniş yazılar dərc olunmuşdu.
Hazırda Z.Məmmədov vəzifədə deyil, E.Məmmədov da mandatsızdır. Məmmədovların əllərində istintaqa təsir edəcək rıçaqlar demək olar ki, qalmayıb. Bu baxımdan, jurnalistin döyülməsi, fiziki zorakılığa məruz qalması faktının gec də olsa araşdırılması üçün şərait yaranıb. Qalır bircə cinayət işini təzələyib jurnalistə qarşı zorakılığı sifariş etmiş şəxslərin cəzalandırılması.
MilliYol.Az
Digər xəbərlər
loading...