Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərdən bir çoxu mülki iddia qaldırıblar. Onlar özlərinə dəymiş ziyanın təqsirləndirilən şəxslərdən tutularaq onlara verilməsi tələb ediblər. Zərərçəkmiş Mətləb Mustafayev 22 nəfər şəxsin əlavə şahid qismində dindirilməsini istəyib. Bildirilib ki, həmin şahidlər arasında sabiq nazir Eldar Mahmudovun, Səbail və Nəsimi rayon məhkəmələrinin hakimlərinin adları var. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Hakim bildirib ki, buna sonda qiymət veriləcək.
Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının çəkilişlə aparılması və qapalı keçirilməsi ilə bağlı vəsatət verib: “Mətbuatda xoşagəlməz məlumatlar yayılır. Biz istəyirik ki, çəkiliş aparılsın, həmin çəkilişlə məhkəmə iclasının protokolları uyğunlaşdırılsın. Hələ burada məhkəmə istintaqı başlanmamış mətbuatda Elçin Quliyevin ifadələri yayılıb. Elə məlumatlar yayırlar ki, onların açıqlanması qanunla qadağandır”.
General Elçin Quliyevdə məhkəmənin qapalı keçirilməsini istəyib.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirək təmin olunmamasını istəyib: “Protokoldan narazı qalanlar şikayət edə bilər. Məlumatların yayılmasına gəlincə, ölkəmizdə azad mətbuat var. Mətbuatda yazılanların işə aidiyyəti yoxdur. Video çəkilişlə bağlı vəsatət də təmin edilməsin. Prosesin qismən qapalı aparılması barədə bizim tərəfimizdən vəsatət var. Həmin vəsatətə əsasən dövlət sirrinin və şəxsi ailə sirrinin yayılmaması üçün prosesin qismən qapalı keçirilməsini istəyirik”.
Zərərçəkmişlərdən Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini olmuş Ələkbər Heydərov prosesin qapalı keçirilməsinin tərəfdarı olub: “On il əvvəl olan işlərlə bağlı indi mətbuat yazır. Yazırlar ki, əli ilə 5 göstərib, 500 min istədi. Buna görə də prosesin tam qapalı keçirilməsini istəyirik”.
Hakimlər müşavirə edərək prosesin video-çəkilişlə aparılması barədə vəsatəti təmin etməyib, məhkəmənin qismən qapalı keçirilməsi barədə vəsatət isə qəbul edilib.
Bundan sonra məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. General Elçin Quliyev və digərləri də onlar barəsində verilən ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Hakim Elçin Quliyevə ifadə vermək təklif etsə də, general indiki mərhələdə ifadə vermək istəmədiyini deyib: “Burda hər sözüm dövlət sirri təşkil edir. Məhkəmədə əməkdaşlarımızın adları açıqlanır. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. Meşə qardaşları, Kamran Əsədovun dəstəsi, İŞİD, Əl-Qaidə və digər terror şəbəkələri ilə əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram. Daha mənim adımı açıqlayıblar. Həmin əməkdaşların adını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, kim məsuliyyəti üzərinə götürəcək?”.
Digər təqsirləndirilən şəxslər də indiki mərhələdə ifadə vermək istəmədiklərini deyiblər.
Bu zaman ilkin olaraq zərərçəkmiş şəxslər dindirilib. Zərərçəkmiş Xalıq Sadıxov ifadəsində bildirib ki, “Elite Travel” MMC-nin təsisçisi və direktoru olub: “MTN əməkdaşları 2010-cu ildə saxlayıb nazirliyə gətirdi. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay aylıq verməyimi tələb etdilər. İkinci dəfə MTN-ə 2013-cü ildə aparıldım. Ayaz Gərayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, sanki şirkət onlarındır. Onların bu hərəkətləri barədə heç yerə şikayət etməmişəm. Müraciət edə bilməzdim. Şikayət etsəydim, evimdə məni güllələyərdilər”
Xalıq Sadıxovdan sonra digər zərərçəkən Elşən Tağıyev dindirilib. O, ifadəsində qeyd edib ki, 2015-ci ilin sentyabrın 27-də işlədiyi “Ankara” klinikasının qarşısında MTN əməkdaşları tərəfindən saxlanılıb və nazirliyə aparılıb: “Orda dedilər ki, hansına qadına qarşı əxlaqsız hərəkətlər etmişəm. Sonra məndən 50 min, daha sonra isə 30 min manat istədilər. Amma MTN əməkdaşlarına heç bir vəsait ödəməmişəm. Onda sonra mənimlə bağlı işi Sabunçu rayon Polis İdarəsinə göndərdilər, heç nə sübuta yetirilmədiyi üçün cinayət təqibinə xitam verilib”.
O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib.
Elçin Quliyev bildirib ki, zərərçəkmişin əməlləri ilə bağlı MTN-ə şikayət edilib: “Çoxları fikirləşir ki, MTN ancaq dövlətin təhlükəsizlik işləri ilə məşğuldur. Bizim işimiz insanlarla işləməkdir. Bu zərərçəkmiş ərəb ölkələrində işləyib. Biz də insanların fəaliyyətində seçim edirik, bu üsulla onları nazirliyə dəvət edib, əlaqə yaradırıq”.
Məhkəmə iclası mayın 8-də davam edəcək.
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...