"The İndependent" qəzeti yazır ki, ABŞ prezidenti Donald Tramp onun inaqurasiyası zamanı toplaşmış izdihamı Barak Obamanın inaqurasiya izdihamı ilə müqayisə edən iki fotonu tvit etmiş şəxsin axtarışında birbaşa iştirak edib. ABŞ Milli Park Xidmətinin bir işçisi tərəfindən postlanmış olduğu düşünülən bu tvit dərhal internetdən silinib, onu göndərən hesab isə müvəqqəti olaraq bağlanıb
Ağ Ev bu tvitin silinməsinə göstəriş verdiyini danır. Buna baxmayaraq MuckRock internet saytının, İnformasiya Azadlığı Qanununa uyğun olaraq əldə etdiyi məlumat, habelə CBS News telekanalının reportajı Trampın həmin tvitdən nə qədər narahat olduğunu və bu tvitin necə postlandığı barədə təhqiqata müdaxilə etdiyini göstərir.
Milli Park Xidmətinin rəqəmsal strategiya şöbəsinin rəhbəri Tim Kaş təsdiq edib ki, prezident bu barədə "həddən artıq narahat olaraq" birbaşa parkın direktor əvəzi Mike Reynoldsa müraciət edib.Bu barədə email Milli Park Xidmətinə inaqurasiyadan bir gün sonra, yanvarın 21-də göndərilib.
Əldə olunmuş sənədlərdən görünür ki, Milli Park Xidmətinin rəhbərləri tviti yazmış işçinin üzə çıxarılmasına cəhd göstəriblər.Onlar hətta tvitin göndərildiyi İP ünvanını da aşkar ediblər. Bundan sonra İP ünvanının yerləşdiyi San Bruno dairəsində Milli Park Xidməti işçilərinin sosial media ilə mümkün kontaktları araşdırılıb.
Bu tvit cənab Trampın inaqurasiyasına toplanmış izdihamın kiçik olduğunu göstərməklə böyük qalmaqala səbəb olmuşdu.Ağ Evin sözçüsü Şon Spayser özünün birinci mətbuat konfransında jurnalistlərin inaqurasiyanı işıqlandırma tərzini tənqid etmişdi.O demişdi ki, bir sıra media nümayəndələri qərəzli şəkildə yalan məlumat yayırlar. Tramp da mətbuatı tənqid edərək bildirmişdi ki, inaqurasiyaya gələnlərin sayı ona "milyon yarım kimi görünüb".
Barack Obamanın 2009-cu ildə keçirilmiş inaqurasiyasına 1, 8 milyon insan gəlmişdi.Trampın andiçmə mərasimi zamanı havadan çəkilmiş fotolarda izdihamın əhəmiyyətli dərəcədə azsaylı olduğu görünür. Buna baxmayaraq, "Trampın izdihamı" barədə rəsmi rəqəmlər indiyədək açıqlanmayıb. (BBC)
MilliYol.Az
Digər xəbərlər
loading...