“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprel ayının sonlarında İtaliyaya səfəri təkcə ona görə xüsusi əhəmiyyət kəsb etmir ki, bu il rəsmi Roma və Bakı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur, həmçinin ona görə ki, bu münasibətlər bu gün həm iqtisadi, həm də siyasi baxımdan xüsusi strateji əhəmiyyətə malikdir”
AzVision.az xəbər verir ki, bunu “Il Nodo di Gordio” geosiyasət üzrə araşdırmalar üzrə beyin mərkəzinin baş elmi işçisi Andrea Marcigliano öz məqaləsinədə bildirib. Onun sözlərinə görə, həqiqətən hər zaman əməkdaşlığa söykənmiş münasibətlərin inkişaf etdiyi bu illərdə İtaliya və Azərbaycan həm onları bir-birinə daha da yaxınlaşdıran sıx maraq və mübadilə şəbəkəsi, həm də gələcəkdə xüsusi əhəmiyyət kəsb edə biləcək qarşılıqlı mədəni anlaşma qurublar:
“Rəsmi Bakı İtaliyaya bir çox səbəblərdən böyük maraq göstərir. Ölkəmiz həqiqətən dünya əhəmiyyətli “mədəni pəncərə”dir. Nəzərdən qaçırılmamalı olan bu məqam İtaliyanın dünya geosiyasi səhnəsində vacib rol oynaya biləcəyi Soft Power-in əsasını təşkil edir. Azərbaycanın bu ilki Venesiya Biennalesində Emin Məmmədov və Martin Roth-un kurasiyası ilə iki sərgi ilə əhəmiyyətli iştirakı məhz onu nümayiş etdirir. Gənc Azərbaycan Respublikası həqiqətən mədəni və dini dözümlülük və birgə yaşama prinsipləri üzərində qurulmuş müxtəlif xalq və mədəniyyətlərdən ibarət bir ölkə olaraq, mürəkkəb reallığı başa düşmək üçün açar rolunu oynayan öz mədəniyyəti və tarixini beynəlxalq səviyyədə daha yaxından tanıtmağı qarşısına məqsəd qoyub.
Bundan başqa, İtaliya və Azərbaycan Avropa-Aralıq dənizi regionu ilə həyati əhəmiyyətli birgə əlaqələrə malik ölkələrdir – qədim yunan miflərində göstərildiyi kimi, həm coğrafi, həm tarixi baxımdan – Cənubi Qafqaz şərq tərəfdən sipər rolunu oynayır. Nəzərə alsaq ki, Azərbaycan təkcə iri neft və qaz istehsalçısı deyil, həmçinin Avrasiya regionunun bütün cənub hissəsini birləşdirən və Çindən bizim sahillərə qədər uzanan yeni “firavanlıq və ticarət zonası”nın əsasını təşkil edəcək avtomobil yolları, dəmir yolları, boru kəmərləri və multimedial şəbəkələrin sıx birləşməsindən ibarət 2.0 İpək Yolunun strateji qovşağıdır, bu əlaqələr günü-gündən inkişaf edəcəkdir”.
Baş elmi işçi bildirib ki, yaxın gələcəkdə Azərbaycanın qaz yataqlarından bizim Puliyaya qaz nəql edəcək Trans-Adriatik Boru Xətti kimi layihələrin önəmliliyi ortaya çıxır. Bu strateji layihə bizim sənaye sistemimizi enerji ilə təmin etmək və İtaliyanın cənubunun güclü inkişafı üçün imkanlar yaratmaqla yanaşı, ölkəmizi bütün Cənubi Avropaya qaz paylayacaq bir strateji qovşağa çevirəcəkdir:
“Qeyd edək ki, bu layihə bizi sadə idxalçı olaraq asılı bir ölkədən təkcə iqtisadi deyil, həm də Avropa Birliyi daxilində siyasi nöqteyi-nəzərdən mühüm bir mövqeyə gətirib çıxarır. Ona görə də, xüsusilə də müxtəlif səbəblər uydurmaqla ətraf mühiti qorumaq pərdəsi altında gizlənərək TAP layihəsinə qarşı çıxmağın yeri yoxdur. Bu qüvvələrin arxasında İtaliyanı tabe olan dövlət kimi saxlamaq marağında olan həris beynəlxalq maraqlar durur. Unutmamaq lazımdır ki, Azərbaycan qarşısında fərqli alternativlər olmasına baxmayaraq, dərin diplomatik və mədəni əlaqələri nəzərə alaraq öz qazını digər ölkələrə paylayacaq terminal kimi məhz İtaliyanı seçdi”.
Andrea Marcigliano əlavə edib ki, Bakının gözündə vacib əhəmiyyət kəsb edən məqam odur ki, Roma 2018-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri olacaqdır: “İtaliya həm də ağrılı Dağlıq Qarabağ məsələsində Qafqaz regionunda sülhün bərqərar olunması üçün beynəlxalq vasitəçilik roluna hər zaman və hər yerdə isti münasibət göstərib. Elə bir vasitəçilik ki, Dağlıq Qarabağda erməni azlığının mövcudluğuna zəmanət verməklə hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan torpaqlarda Azərbaycanın suverenliyini təmin edə bilsin.
Yəni bu, düşünülmüş, tarazlaşdırılmış, beynəlxalq lobbilərin təzyiqindən azad, bir milyondan çox azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtmasını təmin edəcək sırf humanitar və əsas da dünyada balansı təmin etmək üçün əhəmiyyətli olan Qafqaz kimi önəmli regionda təhlükəli gərginlik və qarşıdurma ocağını söndürmək üçün geosiyasi məqsəd daşıyan bir həll yolu olmalıdır. Bu mövqe Dağlıq Qarabağ münaqişəsini nizamlamaq funksiyası daşıyan, əslində hər hansı bir addım atmağa aciz olan Minsk Qrupu kimi beynəlxalq qurum tərəfindən qulaqardına vurulur. Bunun da səbəbi Vaşinqton, Moskva və Parisin həmsədrlik etdiyi bir qrupdakı mürəkkəb dinamikalardır. Ona görə də təbiidir ki, İtaliya ATƏT-ə sədrlik kimi önəmli bir vəzifədə bu ağrılı problemə münasibətdə də “mənəvi təzyiqə” nail ola bilər. Bu, təbii ki, Bakının ümid etdikləridir; eləcə də bu, böyük beynəlxalq siyasət meydanında ölkəmizin rolunun gücləndirilməsinə də töhfə verə bilər”.
MilliYol.Az
Digər xəbərlər
loading...