Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə Rabitə Nazirliyinin nümayənədəsi Vüqar Babayev çıxış edərək bildirib ki, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov və həmin şirkətin baş mühasibi Səhrab Hümbətov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov nazirliyə vurduğu ziyanı əvəzləşdirmə yolu ilə tam ödəyib: “Nazirlik tərəfindən həmin şəxslərlə bağlı heç bir mülki tələb yoxdur”.
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov nazirliyin nümayəndəsinə sual verərək 3 nəfər tərəfindən ödənilən məbləğin ittihamda yazılan ümumi 153 milyon manatdan çıxılıb-çıxılmamadığını soruşub.
Vüqar Babayev isə deyib ki, buna yekunda məhkəmə qərar verəcək.
Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatətlə çıxış edərək bildirib ki, həm Korrupsiyaya qarşı Mübarizə İdarəsində, həm də məhkəmə istintaqında ciddi prosesual qayda pozuntuları var: “İttihamda dəymiş zərər 153 milyon manat göstərilib. Amma nazirliyin nümayəndəsi dəqiq olaraq hansı məbləği müdafiə etdiyini açıqlamır. İstintaq dövründə bəzi şəxslər dəymiş zərəri ödəyib. Amma bu məbləğ məlum deyil. Maraqlıdır ki, korrupsiya idarəsində dəymiş zərər bəzi şəxslərə ödətdirilib. Bəlkə məhkəmə istintaqı başqa qrərara gələcəkdi? İndi maraqlısı ondan ibarətdir ki, məhkəmə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sorğu göndərməlidir. Çünki tam olaraq ödənilən məbləğ dəqiqləşdirilməlidir”.
Vəkil həmçinin prosesdə ekspertlərin, əlavə şahidlərin, mütəxəssislərin dindirilməsi ilə bağlı vəsatət də verib: “Məhkəmə istintaqı dövründə ciddi prosessual pozuntular qeydə alındı. Biz belə qənaətə gəldik ki, bu qərəzli istintaqın davamıdır. Biz keyfiyyətli müdafiə qura bilmirik. Bir vəkil kimi mənim hüquqlarım pozulur. İstintaq orqanı tələb etdiyi, ittiham aktında yazdığı məbləği əsaslandırmır, kökünü göstərmir”.
Digər vəkillərin bir çoxu Vidadi Zeynalovun vəkilinin verdiyi vəsatətin təmin edilməməsini istəyib.
Bu zaman təqsirləndirilən Bayram Vəliyevin vəkili söz olaraq bildirib ki, Vidadi Zeynalov özünü təqsirli bilmir, ona görə də verilən vəsatətin heç bir önəmi yoxdur.
Vidadi Zeynalov vəkilin dediyinə replikaya ilə cavab verib: “Sən nə bilirsən ki, mən özümü təqsirli bilmirəm. Mən hələ ifadə verməmişəm”.
Daha sonra vəkillərdən BTRİB-in baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova vəsatətin təmin olunmasını istəyib: “Burda təqsirləndirilən şəxslər də, müdafiəçilər də məndən inciməsin. Kim dəymiş ziyanı ödəyibsə də təbrik edirəm. Allah qapısını açsın. Amma onlar istəyirlər ki, məhkəmə tez qutarsın. Yalnız burada pulu ödəməyənlər var. Onlar günahsız olduqlarını sübut etmək niyyətindədir. Məhkəməni tez-bazar yola vermək olmaz. Əgər məhkəmə də istintaqın dediyini müdafiə edirsə, buna nə ehtiyac var?. Elə istintaqda da hökm oxusunlar bitsin. Elxanın verdiyi vəsatət təmin edilməlidir”.
Bu zaman Elxan Süleymanlı Gülşən Salmanovanın çıxışını yerindən alqışlayıb: “Sən də olan qeyrət çox kişidə yoxdur”.
Vəsatətə münasibət bildirən Vidadi Zeynalov isə birinci vəsatətin təmin edilməməsini istəyib: “Korrupsiyaya qarşı Mübarizə İdarəsinə sorğu göndərməyə nə ehtiyac var? Hər adamın ayağına nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib”.
Məhkəmə yerində müşavirə edərək vəsatətlərə münasibət bildirib. İlk vəsatət təmin edilməyib. Məhkəmə əlavə şahidlərin, mütəxəsislərin və ekspertlərin dindirilməsi ilə bağlı vəsatəti də təmin etməyib və bildirib ki, bu, məhkəmənin əsassız olaraq uzanmasına səbəb olacaq. Sonuncu vəsatət də təmin edilməyib.
Məhkəmə sərbəst ifadə vermək üçün Vidadi Zeynalova fasiləyə qədər vaxt verib.
Məhkəmə fasilədən sonra davam edəcək.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...