Rayon sakinindən 300 manatı kim istəyib?
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Ağdamın Əhmədavar kənd sakini Şəndə İsmayılova müraciət etmişdi. “Əhmədavar kəndi sovet dövründə Xıdırlı kənd sovetinin tabeliyində idi. 1990-cı illərdə keçmiş kənd sovetləri ləğv olundu, onları icra nümayəndəlikləri əvəz etdi. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasından sonra, biz məcburi köçkünə çevrildik və dövlətdən maddi yardım almalı olduq.
Bu yardımın vətəndaşlara verilməsini icra hakimiyyətinin nümayəndələri həyata keçirirdi. Biz yardımı Xıdırlı kənd icra nümayəndəliyindən alırdıq”, - deyə Ş.İsmayılova bildirib.
Onun sözlərinə görə, yaxın zamanlara qədər qaçqınlar dövlət yardımını əlbəəl alırdılar.
“Amma artıq bu pul bank hesablarına yatırılmağa başlayıb. Bizə bank kartı veriblər ki, yardımı ordan götürək. Bizə deməmişdilər ki, kartı davamlı yeniləmək lazımdır. Mən bunu biləndə yeni bank kartı üçün Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyevə müraciət etdim. O isə bizdən 500 manat tələb etdi. Mən bu məbləği ödəyə bilmirəm”, - deyə Ş.İsmayılova qeyd edib.
O, sözlərinin sübutu olaraq, bizə məcburi köçkün statusunu təsdiq edən sənədləri və Hüseyn Əliyev adlı şəxsin Şəndə İsmayılovadan rüşvət tələb etdiyi diktofon yazısını təqdim etdi. Biz Hüseyn Əliyevdən Şəndə İsmayılovanın sözlərini şərh etməyi xahiş etdik.
“Bu yalandır. Mən ondan rüşvət istəməmişəm”, - deyə Hüseyn Əliyev bildirib.
Mayın 31-də qafqaznews.az bu mövzuda araşdırma apararaq yenidən Ş.İsmayılova ilə əlaqə saxlayıb. O bildirib ki, 2012-ci ilin noyabrında yoldaşı Nofəl İsmayılova aid kartın artıq işləmədiyini (vaxtı keçdiyini) öyrəndikdən sonra, 2016-cı ilə qədər bir neçə dəfə Hüseyn Əliyevə müraciət edib.
“Gəlinim anasıgilin kəndində qeydiyyatdadır, qızım isə bizim qeydiyyatdan çıxıb, hazırda 3 nəfərik. Mayın 27-də yoldaşım, mən və oğlum üçün müavinət kartını bərpa etmək istədim, Hüseyn Əliyev mənə dedi ki, 300 manat verməliyəm”, – deyə Ş.İsmayılova qeyd edib.
Biz səs yazısını diqqətlə dinlədik. Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyev həqiqətən də vətəndaşa bildirir ki, müavinəti bərpa etmək üçün 300 manat lazımdır və bu puldan “yuxarılara da çatacaq”.
Yazı prosesində Hüseyn Əliyevin özü zəng edib və “30 ildə ilk dəfə onun adının qəzetdə çəkilməsinə görə” minnətdarlıq edib.
“Amma mən iki oğlumun canına and içirəm ki, ondan bir qəpik istəməmişəm. Özü mənimlə puldan söhbət elədi. Sənədləri gətirsin, Elmlər Akademiyasındakı qərargaha versin, mən ona kömək edərəm”, - deyə H.Əliyev bildirib.
Amma 2012-ci ildən 2016-cı ilə qədər İsmayılovlar ailəsinin ala bilmədiyi müavinətin taleyi ilə bağlı, dəqiq bir cavab ala bilmədik. H.Əliyev bildirdi ki, o pul artıq verilə bilməz, çünki onun ixtiyarı yoxdur. Hətta kənd nümayəndəsi bizə Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin ünvanını göstərdi.
Biz sözügedən Komitəyə zəng etdik, regional idarəetmə şöbəsinin baş məsləhətçisi Nadir Ağacanovla əlaqə saxladıq. Onun sözlərinə görə, müavinət kartlarının müddəti bitdikdə belə, avtomatik olaraq yenilənir və icra nümayəndəliklərinə göndərilir.
“Onun dövlət yardımı dayandırıla bilməzdi. Vətəndaş bizə müraciət etsin, aydınlaşdıraq görək, onun kartından bu illərdə pul çıxarılıbmı?”, N.Ağacanov bildirib.
Beləliklə, bizdə sual yaranıb: olmaya, rüşvətdən savayı, ortada mənimsənilmə faktı da var? Axı, 4 ildə Ş.İsmayılova 2400 manatdan çox dövlət yardımından məhrum olub? Bu pul necə və kimlər tərəfindən mənimsənilə bilər? Yaxud, həyatda olan bir məcburi köçkünün dövlət yardımı hansı əsaslarla dayandırılıb?
Müstəqil hüquqşünas Cəmil Şirvanov bildirib ki, məcburi köçkünlərin dövlət yardımı heç cür ləğv oluna bilməz – hətta kartın vaxtı bitdikdə belə: “Əgər vətəndaş dəfələrlə şifahi olaraq müraciət edibsə və onun kartının yenilənməsi icra nümayəndəsi və ya başqa şəxslər üzündən yubadılıbsa, buna görə məhz həmin şəxslər məsuliyyət daşıyır. Vətəndaş əvvəlki qaydada və yardım almadığı aylar da hesablanmaqla, bütün məbləği almalıdır”.
Ağdam RİH başçısının köməkçisi Eldəniz Abdullayev deyib ki, bu məsələ ilə bağlı konkret fikir bildirə bilməz, amma rüşvət ittihamına inanmır: “Hüseyn Əliyev çox nümunəvi dövlət xidmətçisidir və heç vaxt başçının sözündən çıxmayıb, hər əmri yerinə yetirib. Onun belə şey edəcəyinə inanmıram”.
“Bizdə səs yazısı var… Ümumiyyətlə, bir məmurun rüşvət alması və ya istəməsi necə dəyərləndirilə bilər” sualına “Əgər fakt varsa, bu cinayətdir. Həmin adam mütləq cəzalandırılmalıdır, həbs olunmalıdır”, – deyə Ağdam RİH başçısının köməkçisi cavab verib.
“Kim ölçü götürməlidir” sualına Eldəniz Abdullayev “Korrupsiyaya qarşı Mübarizə İdarəsi” deyə cavab verib və əlavə edib ki, fakt sübuta yetirilənə qədər, RİH heç bir şey edə bilməz.
Biz səs yazısını sayta yerləşdirəcəyimizi dedikdə isə, az əvvəl fakt və sübut tələb edən icra başçısının köməkçisi başqa cür danışıb:
“Mən sizə məsləhət görmürəm. Qurdalasaq, sizinlə qohum çıxarıq. Düşmən qazanmaq yaxşı şey deyil. Məsləhət görürəm ki, o səs yazısını sayta qoymayasınız”.
Ağdam RİH başçısının müavini Arzu Rəhimov isə məsələnin mahiyyətini bilmədən fikir bildirməyəcəyini deyib və şikayətçi vətəndaşı Bakıdakı qərargaha dəvət edib.
Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da Ağdam rayonunun Xıdırlı kəndindəndir.
<iframe width="420" height="315" src="https://www.youtube.com/embed/SS9pPycjj4w" frameborder="0" allowfullscreen></iframe>
MilliYol.Az
Digər xəbərlər
loading...