“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında deputatların narazılığına səbəb olub
MilliYol.Az APA-ya istinadən məlumatına görə, deputat Zahid Oruc deyib ki, deputat mandatını parlamentdə itirəcəksə, deməli, məhkəmənin səlahiyyətləri mənimsənilir: “Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?”
Deputat bu halın parlamentin nüfuzuna zərər gətirəcəyini bildirib. Deputat onu da deyib ki, insan azadlıqları ilə bağlı öndə olan ölkələrdə deputatın davranış qaydası ilə bağlı qanun yoxdur.
Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.
“Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox”, – deyə T. Kərimli qeyd edib
Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.
Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib, qanunun qəbulu ilə deputatın fəaliyyətinin məhdudlaşdırılacağını deyib.
Siyavuş Novruzov isə bildirib ki, qanun layihəsinin lehinə səs verəcək: “Həmkarlarım narazılıqlarını nəzəri cəhətdən əsaslandırmağa çalışdı. Amma mən praktik cəhətdən əsaslandıracağam. Çünki 5 il İntizam komissiyasının sədri olmuşam. Bu müddətdə həmkarlarımın parlamentdən kənar fəaliyyəti ilə bağlı 3000-dən çox şikayət daxil olub. Biz bunu araşdıranda məlum oldu ki, şikayətlər ən çox onların özlərini apara bilməməsi ilə bağlı idi.
Müzakirə elədiyimiz qanun bu məsələləri daha yaxşı nizamlayır. Əgər deputat özünü yaxşı apara bilirsə, niyə narahat olur? O zaman mən də Cinayət Məcəlləsinə etiraz edim ki, niyə mövcuddur? Yəni, bu narazılıq düzgün yanaşmaq deyil. Bu qanun layihəsini qəbulu parlamentin fəaliyyətini daha da şəffaflaşdırır. Düzdür, mandatın ləğvi ilə bağlı parlamentin qərarının 50+1 yox, 2/3 formulu ilə qəbul olunmasına baxıla bilər. İkinci oxunuşda bunu edə bilərik. O zaman həmin deputat səs çoxluğu ilə mandatını saxlamağa çalışa bilər.
Bundan başqa, deputatın 50 manata qədər məbləğdə hədiyyə ala biləcəyi ilə bağlı məhdudiyyətdə miqdarı qaldırmaq məsələsinə də baxmaq olar. Məsələn, ABŞ Konqresində bu məbləğ 300 dollardır”.
Deputat onu da deyib ki, Konstitusiya Məhkəməsi deputatın fəaliyyətini fərdi qaydada təsdiq etmir, Milli Məclisə çağırışla bağlı seçkilərin nəticələrini ümumilikdə təsdiqləyir.
Spiker Oqtay Əsədov da bildirib ki, qanun layihəsi üzərində yenidən işləmək lazımdır: “Bəzi maddələr bir qədər yumşaldılmalı, bəzi təkliflər ikinci oxunuşda nəzərə alınmalıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...