Mayın 1-də Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib
Lent.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak edib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib.
E.Əmrullayevin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Bakı məktəblərində təhsil alan VI sinif şagirdlərinin nəticələrinin təhlilləri göstərir ki, şəhərin bəzi inzibati rayonlarında, xüsusilə Pirallahı, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında şagirdlərin nəticəsi orta göstəricidən azdır.
Şagirdlərin təhsil səviyyəsinə bir çox amillərin təsir etdiyini vurğulayan E.Əmrullayev deyib ki, bəzi məktəblərdə şagirdlərin 90%-i evdə tədris resursları ilə ( kompüter, televizor, dərslik, əlavə vəsait və.s) təmin edilirsə, digər məktəblərdə bu nisbət 44 % təşkil edir: “ Və bu da imtahan nəticələrinə, ali təhsil müəssisələrinə qəbul səviyyəsinin keyfiyyətinə təsir göstərən amillərdəndir”.
Qurum təmsilçisi qeyd edib ki, uşaqların təhsil keyfiyyətinə valideynlərin ali təhsilli olub-olmaması da təsir edir: “Bakının Nəsimi, Yasamal rayonunda Nazirliyin tabeliyində olan məktəblərdə oxuyan 70% uşağın anası ali təhsillidirsə, Xəzər rayonunda bu rəqəm 34%, Qaradağda 35% , Sabunçuda 40% təşkil edir. Gözləntilərlə reallıq arasında fərq var. Əgər Nazirliyin tabeçiliyində olan liseylərdə 82% uşağın anası ali təhsillidirsə, digər bölgələrdə bu nisbətin daha aşağı olması ehtimalı yüksəkdir”.
E.Əmrullayev bildirib ki, bu il 55 % uşaq məktəbəhazırlığa cəlb olunubsa, növbəti illərdə 60, 70%, 2020-ci ildə 90% faizə çatacaq.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb, belə görüşlərin təhsildə dəyişikliklərin aparılmasında mühüm əhəmiyyətini qeyd edib.
Nazir təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu prosesdə hesabatlılığın və şəffaflığın təmin edilməsi əsas şərtdir.
M.Cabbarov son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini deyib. Təhsil naziri qeyd edib ki, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır.
Tədbirdə çıxış edən millət vəkilləri, təhsil ekspertləri, tanınmış ziyalılar təhsil sahəsindəki yeniliklərlə bağlı cəmiyyətin məlumatlandırılmasının zəruriliyini və belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib, həmçinin rəy və təkliflərini bildiriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...