Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 30-da keçirilən “Bakı Marafonu 2017” kütləviliyi, maraqlı məqamları ilə yadda qaldı
Marafona qoşulan 13 mindən çox iştirakçı həmrəylik, sağlam həyat tərzi ideyalarına dəstək verdi. Belə ki, marafon idmanın inkişafına dəstək göstərməklə yanaşı, sağlam həyat tərzinin təbliği, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək, pozitiv enerji yaratmaq baxımından vacib rol oynayır.
Budəfəki marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən 600-dək nümayəndə iştirak etdi, eləcə də tələbələr fəallıqları ilə seçildi.
Qeyd edək ki, artıq ikinci ildir keçirilən Bakı Marafonu Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub, layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
“Bakı Marafonu 2017” həm də bir çox təşkilatları öz ətrafında birləşdirdi. Yarışa respublikada fəaliyyət göstərən 60-dan artıq təşkilat və şirkətin təmsilçiləri qoşuldu.
Eyni zamanda bir sıra təşkilat və şirkətlər marafonun tərəfdaş və sponsorları oldu: Təhsil Nazirliyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, Regional İnkişaf İctimai Birliyi, “GreenCar”, “Azər Türk Bank”, “GoSport”, “Türk Hava Yolları”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo”, “Ernst & Young”, “Kontakt Home”.
Marafona qeydiyyat və hazırlıq prosesində sponsor şirkətlər onlar üçün ayrılmış həftələrdə müxtəlif müsabiqələr keçirib və qalibləri mükafatlandırıb.
Qeydiyyatdan keçən iştirakçılar üçün hər həftənin şənbə günü “Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında təlim məşqləri təşkil olunub.
Qeyd edək ki, “Bakı Marafonu 2017”nin qalibləri iki kateqoriya – kişi və qadınlar üzrə müəyyən olunub. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yeri tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
“Azər Türk Bank” 1-ci pillədən 10-cu pilləyədək qərarlaşan 20 iştirakçını mükafatlandırıb. Hər iki kateqoriya üzrə ilk üçlükdə yer tutan marafonçulara “Visa Infinite”, digər iştirakçılara isə “MasterCard Platinum” kartları təqdim olunub.
Bundan əlavə, kişi və qadınlar arasında 4 və 5-ci yerləri tutan 4 nəfərə “Türk Hava Yolları” tərəfindən Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə edilib.
6-cı pillədə qərarlaşan marafonçuları “Huawei” şirkəti mükafatlandırıb. 7-ci və 8-ci yerin sahiblərinə isə “Coca Cola” şirkəti velosipedlər hədiyyə edib.
Eyni zamanda, 2016-cı ildə keçirilmiş ilk Bakı Marafonunu kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənən 9 jurnalist mükafatlandırılıb. Azərbaycan Televiziyası, “Azad Azərbaycan” və “Lider” televiziyaları, “Trend” informasiya agentliyinin əməkdaşlarına “Kontakt Home” mağazalar şəbəkəsi “İphone 7” telefonu təqdim edib. İctimai Televiziya, CBC, “Xəzər” televiziyalarının, eləcə də “AzərTAc” və “1news” informasiya agentliklərinin nümayəndələrini isə SMG velosipedlərlə mükafatlandırıb.
Heydər Əliyev Fondu “Bakı Marafonu 2017”nin bütün iştirakçılarına, o cümlədən yarışın təşkilində göstərdikləri dəstəyə görə tərəfdaş və sponsorlara təşəkkür edir.
Qeyd edək ki, bu ilin sentyabrından “Bakı Marafonu 2018”ə hazırlıqlar başlanacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...