Türkiyə ilə Avropa arasında gərginlik günbəgün artır. Bu gərginliyi daha da kəskinləşdirən məqam isə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məlum qərarı oldu
Ekspertlərə görə, Türkiyəyə qarşı atılan bu kimi addımlar ilk deyil. Bəllidir ki, Azərbaycanın AŞPA ilə sıx əlaqələri mövcuddur. Bəs belə olan halda rəsmi Bakının mövqeyi necə olacaq, Türkiyə qurumdan çıxarsa, Azərbaycan hansı qərarı verəcək?
Deputat Zahid Oruc musavat.com-a bildirib ki, Türkiyə-Avropa Şurasının münasibətlərinin gərginləşməsi qətiyyən yalnız son referendumla bağlı deyil: “Yaxud bu, Ərdoğan hakimiyyətinin özünü bir sıra məqamlarda Qərbin maraqlarına qarşı qoyması deyil. Real olaraq uzun on illər ərzində Avropa təchizatları, həmçinin bəlli siyasi mərkəzlər Türkiyəni içəridən yönləndirmişlər. Bunlar konspirativ nəzəriyyələr, sadəcə hansısa lojaların ətrafında yaradılmış mistik baxışların qənaəti deyil, gerçək hadisələrdir və üzərilərindən məxfilik qrifləri götürülüb. Ümumilikdə yanaşanda Avropa Şurasının Türkiyəni monitorinq altına alması açıq-aşkar bu ölkənin həm xarici, həm də daxili siyasətini cilovlamaq, onu öz diktəsi altına gətirmək niyyətindən doğur. Bu isə konkret olaraq hazırkı hakimiyyətə qarşı təzyiqə çevrilir. Şübhəsiz ki, burada başqa bir məqam Türkiyənin müstəqil regional və beynəlxalq rolunu kiçiltmək, onu zərbəyə məruz qoymaq niyyətidir. Mahiyyətcə bu, Avropa Şurasını qeyd etdiyimiz siyasi mərkəzlərin əlində dəyənəyə çevirir. Onu çox ustalıqla, müxtəlif maraq qruplarının təmsilçiləri vasitəsilə ayrı-ayrı dövlətlərin üzərinə yönəldirlər. Bu, faktiki olaraq kifayət qədər məsləhətçi, ümumi nəzəri tövsiyələr verən bir qurumu, açıq şəkildə məhkəmə təchizatına çevirməkdir. Biz, sovetlər dönəmində Kremlin paytaxt statusundan başqa Roma imperiyasına xas olan diktəsini görmüşük. İndi sanki sovetlər dönəminin Kremlini ayrı-ayrı hallarda Strasburq təkrarlamış olur. Burada başqa bir önəmli məqam da odur ki, Türkiyə hazırda bir neçə cəbhədə savaş aparır. Bir tərəfdən onun yaxın sərhədlərində uzun on illərdir ki, davam edən müharibə mövcuddur və bu, özünəməxsus təhlükəsizlik tədbirləri, hərbi əməliyyatlar, gerçək savaş tələb edir. İkinci tərəfdən isə Türkiyənin özünün əleyhinə bəlli terror qrupları fəaliyyət aparmaqdadırlar ki, onlara da qarşı mübarizə gedir. Ötən günlərdə müxtəlif informasiya vasitələrində Amerikanın dəniz qüvvələrinin Suriya içərisindəki ayrı-ayrı ərazilərdə terror birləşmələri ilə yanaşı dayanaraq, guya hansısa hədəflərə qarşı mübarizəsindən bəhs olunurdu. Bu, o günlərə təsadüf edirdi ki, Türkiyə ordusu həmin terror qruplaşmalarına (PKK və uzantıları) qarşı ciddi zərbələr endirirdi. Türkiyə, bir tərəfdən terror qruplarına qarşı savaş apararkən, digər tərəfdən isə uğursuz çevrilişə cəhd edib, özlərini ifşa edən Fətullah Gülən tərəfdarlarını zərərsizləşdirildiyi dönəmdə, beynəlxalq qrumların bu cür sərt təzyiqləri ilə üz-üzə qalıb. Bu mənada Strasburq və Brüsselin bir addımlığında olan PKK-nın mənzil qərargahı və onlara verilən tribunalar, göstərilən maliyyə yardımları onu düşünməyə vadar edir ki, Qərb Türkiyə əleyhinə terroru himayə edib, onlara köməklik göstərir”.
Z. Oruc Azərbaycan hər zamankı kimi Türkiyənin yanında olacağına əmindir: “Çox yaxın bir zamanlarda Avropa Şurası nazirləri tərəfindən qeyd olunan qərar qəbul oluna bilər. Bu isə o deməkdir ki, həmin areala daxil olan ölkələrin siyasətində məlum mövqe öz əksini tapacaq. Çox qısa bir zamanda Avropa Birliyi Türkiyə ilə iqtisadi əlaqələrə də yenidən baxılması və bir sıra münasibətlərin dayandırılması mövqeyini işləyib hazırlayıb. Bundan ötrü yeni bir hesabat da hazırlanıb ki, onun da artıq üzərindən məxfilik çıxıb və məlumatlar mətbuata sızıb. Bütövlükdə götürdükdə bu, Azərbaycanın da keçmişdə yaşadığı proseslərin demək olar ki, eynisidir. Daha böyük miqyasda isə Türkiyənin varlığında təkrar olunmaqdadır. Düşünürəm ki, biz Türkiyə ilə həmrəylik göstərərkən, ”Türkiyəsiz Avropa yoxdur" çağırışını verərkən, bu məsələyə dirənişimizi də bütün rəsmi səviyyədə göstərmişik və proses davam edəcək. Bu günlərdə AŞPA baş katibi Pedro Aqramuntun Suriyaya daxili qaydaları gözləmədən getməsi məsələsini mühakimə edib, onunla bağlı ciddi bir siyasi böhran vəziyyəti yaranıb. Bu məsələ ətrafında Avropa Şurasının funksionallığı ciddi şübhə altına düşüb. Məsələnin başqa bir məqamına baxaq. Əgər Aqramunt doğrudan da parlamentin hər hansı bir müddəaları əleyhinə addım atıbsa, uzun on illər boyu Avropa Parlamentinin, Avropa Birliyinin Qarabağa hansı icazə altında gəldiyini əsaslandırmaq mümkündürmü? Bəs birinci şəxsə qarşı bu cür qəddar davranışları o zaman niyə istəmirdilər. Belə çıxır ki, həmin qurumda separatizm bölgəsini ayağa qaldırmaq, Azərbaycan əleyhinə fəaliyyət aparmaq üçün “xeyir-dua” var, ancaq Rusiya və İranın qüvvələri olduğu yerdə bu keçmir. Bu məqam Avropanın bəlli prinsiplərinin elə özü tərəfindən də tapdalanması deməkdir. Şübhəsiz ki, qeyd edilən qərar Azərbaycanla Türkiyənin birgəliyini daha da möhkəmləndirərək, bu cür davranışlara qarşı mübarizəni dərinləşdirəcək. Düşünürəm ki, Azərbaycan parlamentində bu məsələ ilə bağlı çox sərt reaksiyalar olacaq. Düşünürəm ki, burada hər zaman olduğu kimi sinxronlaşdırılmış fəaliyyət davam edəcək. Mümkün müxtəlif addımlar atıla bilər. Ehtimal edirəm ki, daha effektiv olması üçün orada, səsvermə proseslərində protest mövqeyimizi göstərmək üçün ayrı-ayrı hallarda biz də səsvermə prosesindən özümüzü kənarda saxlaya bilərik. Bu, bir elementdir və təsir mexanizmidir. Söhbət qətiyyən fəaliyyətin dayandırlmasından gedə bilməz. Çünki biz, o meydanı başqa qüvvələrin ixtiyarına da verə bilmərik. Burada ağıllı qərarlar alınmalıdır".
Deputat onu da qeyd edib ki Avropa ilə Türkiyənin münasibətləri tam pozulmayacaq: “Avropa tərəfinin istədiyi birinci növbədə idarə olunan Türkiyə modelidir, ikincisi bu dövlətin içərisində onu daim yönləndirməyə imkan verən mexanizmlərin əldən verilməməsidir. Eyni zamanda Avropa tərəfindən Türkiyənin regional və müstəqil siyasəti qəbuledilməzdir. Nə Avropa Türkiyəsiz, nə də Türkiyə Avropasız siyasətini davam etdirə bilməyəcək. Türkiyə hər hansı bir islam birliyi liderliyinə can atmaqla Avropa arealından qopub, kənarlaşası deyil. Şübhəsiz ki, bir qədər Türkiyəyə iqtisadi zərbə vurub, xalqı hakimiyyətə qarşı qaldırmağa çalışacaqlar. Ancaq düşünmürəm ki, bütövlükdə misal üçün, Rusiya kimi sanksiyalara məruz qoyulacaq. Bu, ağıla gəlsə də, reallıqda tətbiqi mümkün deyil”.
MilliYol.Az
Digər xəbərlər
loading...