Oksford və Nyu York universitetlərinin professoru Robert Hoyland və AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif olunublar
Aprelin 28-də Milli Elmlər Akademiyasının (AMEA) növbəti ümumi yığıncağı keçirilib. AMEA-nın 54 həqiqi üzvü və 103 müxbir üzvünün qatıldığı geniş toplantıda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" sahiblərinə təqdim olunub.
MilliYol.Az Trend-ə istinadən xəbər verir ki, AMEA-nın ümumi yığıncağında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, dövlət və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının rəhbərləri, Azərbaycanın ali məktəblərinin rektorları iştirak ediblər.
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təqdimat mərasimində xüsusi qonaq qismində Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts iştirak edib.
Toplantıdan öncə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzlərinin Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrləri, akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsulları nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda AMEA-nın müxtəlif qurumlarının nailiyyətlərini əks etdirən videoçarxlar təqdim olunub. Sərgini ziyarət edən qonaqlara akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verilib.
Yığıncağın əvvəlində AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın ötən ildəki elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra akademik Akif Əlizadə AMEA Rəyasət Heyətinin "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri ilə bağlı qərarını açıqlayıb. Qeyd olunub ki, bu il "Nizami Gəncəvi adına Qızıl medal" müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında təbliğ olunması sahəsindəki müstəsna xidmətlərinə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya təqdim olunur.
Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə və dəstəyə görə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif olunur.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, alimlər dahi Nizami Gəncəvinin adına xələl gətirən bəzi nüanslara qarşı böyük bir təşəbbüslə çıxış ediblər. Məhz AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin alimləri ilə birlikdə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi, həmçinin Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun yaranması mümkün olub: "Bu ilin yanvarında biz Azərbaycan və Qafqazı öyrənən Britaniya Fondunun Londonda, Viktoriya və Albert muzeyində keçirilən təqdimatında iştirak etdik. İnanın, adamın ürəyi fəxrlə dolurdu. Çünki ingilis filoloqları, ingilis alimləri bir səslə təsdiq edirdilər ki, Nizami Gəncəvi böyük Azərbaycan şairidir. Məşhur rus şərqşünas-alimi Yevgeni Bertelsin 40-cı illərdə yazdığı "Dahi Azərbaycan şairi Nizami" kitabının professor N.Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin alimləri tərəfindən ilk dəfə ingilis dilinə tərcümə edilərək nəşr olunması dünya nizamişünaslığına yeni bir töhfə oldu. Bu, öz-özlüyündə Azərbaycan filologiya elminin Avropa elminə sıçrayışı kimi qiymətləndirilə bilər. Şübhəsiz, İngiltərə alimlərindən sonra digər Avropa ölkələrinin alimləri də bu işə dəstək olacaqlar".
Bundan sonra AMEA-nın prezidenti Akif Əlizadə "Nizami Gəncəvi adına Qızıl medal"ı professor Nərgiz Paşayevaya təqdim etdi. Təqdimatdan sonra AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva çıxış edərək bu mükafata layiq görüldüyünə görə həmkarlarına təşəkkürünü bildirdi: "Azərbaycan hələ keçən əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikası timsalında öz milli kimliyini, qürurunu və sivil dövlətçilik qurmaq bacarığını bütün dünyaya bəyan etdi. Müasir dövrümüzdə qlobal tarixi hadisələrin gedişatı insanlar, zaman və həyatın özü küldən yenidən dirçəlmiş Azərbaycanın müstəqilliyinin, milli özünüdərkin qorunub saxlanması üçün yeni tarixi şərait, obyektiv imkan, səbəb və zəmin yaratdı. İndi bizim əsas məqsədlərimizdən biri Azərbaycanın qədim, elmi-mədəni, mənəvi-estetik tarixi irsini dünyanın nüfuzlu elmi məkanlarında, akademik müəssisələrində layiqli, peşəkarcasına təmsil etmək və bu səylər nəticəsində beynəlxalq elmi müstəvidə qabaqcıl, davamlı yer alan nəticələr əldə etməkdir. Bu yolda çox işlər görülməlidir. Söhbət elmdən gedirsə, biz nə deyə bilərik? Elmi boşluq təkcə elmi boşluq deyil. Müasir dünyada elmi boşluq yüksək tribunalardan, möhtərəm müstəvilərdən məhrum olmaq deməkdir. Və bu baxımdan, aydındır ki, bizim seçimimiz - Oksford universiteti - tam doğrudur".
Professor Nərgiz Paşayeva qeyd etdi ki, 2013-cü ildə Oksford Universiteti ilə əməkdaşlığın təməli qoyulub. Elə həmin il dünyanın ən qədim universiteti, 800 illik tarixə malik olan Oksford Universitetində dahi Nizaminin adını daşıyan Azərbaycan və Qafqazşünaslıq mərkəzi yaradılıb: "Bu mərkəz Oksford Universitetinin funksional elmi tərkib hissəsinə çevrildi. Bu, təkcə bizim nailiyyətimiz deyil. Bu nailiyyət həm Azərbaycan elm tarixinə, həm Azərbaycan Milli Elmlər Akademiyasına, Bakı Dövlət Universitetinə, Moskva Dövlət Universitetinin Bakı Filialına, bu işdə əməyi keçmiş hər insana şamil edilir. Bu münasibətlə hər birimizi ürəkdən təbrik edirəm".
Professor Nərgiz Paşayeva qeyd etdi ki, Nizami Gəncəvi Mərkəzinin elmi təhsil proqramı əsasən dörd istiqamətdə fəaliyyət göstərir: "Birincisi, tarix və arxeologiya elmləri üzrə tədqiqatların aparılmasıdır. Həmçinin, Azərbaycan tarixinə və ədəbiyyatına aid elmi əsərlərin, həm də bu günədək dünya müstəvisində məlum olmayan, Avropa dillərinə çevrilməyən elmi ədəbiyyatların tərcüməsi ilə məşğul oluruq. Bununla yanaşı, konfranslar da təşkil edilir. Artıq iki beynəlxalq elmi konfrans keçirilib. Bunlarla yanaşı, bizim 6 məzun - üç doktorant və üç magistr yerimiz var ki, artıq bu yerlərin hamısı müsabiqə yolu ilə ABŞ-dan, İngiltərədən və başqa dövlətlərdən olan tələbələr tərəfindən tutulub. Zaman kəsiyinə gəlincə, bizim elmi fəaliyyət dairəmiz qədim, orta erkən dövrlərdən başlayaraq XIX əsrə qədər vaxt kəsiyini özündə ehtiva edir. Adından da məlum olur ki, biz tək Azərbaycanda deyil, Qafqazda yaşayan bütün xalqların dilləri, ədəbiyyatları və tarixini öyrənirik. Onların maddi, mənəvi sərvətlərini, ayinlərini öyrənirik. Çünki Qafqaz bölgəsi həmişə maraq doğuran multietnik bölgələrdən olub. Qafqaz bölgəsində ilk müsəlman istehkamı, nümunəsi, məbədi də Qafqaz Albaniyasında olub. Alimlərin fikrincə, Şərqdə birinci xristian məbədi yenə də Qafqaz Albaniyasındadır. Yəni bu bölgə elmi, tarixi baxımdan çox maraqlı bölgədir. Həmçinin müasir dövrümüzdə siyasi proseslərin gözəçarpan şəkildə mərkəzində duran bölgədir. Eyni zamanda bu ərazilər Qərbdə, xüsusilə İngiltərədə az öyrənilən, az tədqiq edilən, elmi ədəbiyyatda az təbliğ edilən bölgələrdən sayılır. Bu səbəbdən də biz bu boşluğu doldurmaq niyyətində olmuşuq".
Professor Nərgiz Paşayeva Oksford Universitetində yaradılan Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinə Nizami Gəncəvinin adının verilməsini böyük hadisə kimi qiymətləndirir: "Bu adın verilməsi özü müəyyən mənada böyük qələbəyə işarədir. Tək bizə deyil, yalnız Azərbaycan Respublikasında yaşayan 9 milyonluq azərbaycanlıya deyil, bütün dünyada yaşayan 40 milyondan artıq azərbaycanlıya şərəf gətirir. Oksford Universitetində bu adın qalması və daimi yaşaması bizim ən müqəddəs vəzifələrimizdən biridir. Bu yüksək adla Mərkəz 2013-cü ildə yaradıldı, amma bu ad həmişəlik və əbədi olaraq Oksford Universitetində qalmalıdır. Nizami Gəncəvi adına Elmi Mərkəz bugünkü ilk addımlarını ataraq qazanılan akademik elmi təcrübəni gələcək nəsillərdə yetişəcək yeni alimlərə ötürməli və yeni perspektivlərə və qələbələrə yol açmalıdır".
Mərkəz rəhbəri görülən işlərin daha bir parlaq nümunəsini yığıncaq iştirakçılarına təqdim etdi. Bu, Nizami yaradıcılığının tədqiqatçısı, tanınmış şərqşünas-alim, professor Yevgeni Bertelsin 1940-cı ildə yazdığı "Dahi Azərbaycan şairi Nizami" kitabının ingilis dilinə tərcüməsi idi. Professor Nərgiz Paşayeva bildirdi ki, bu kitab Nizami Gəncəvi adına Mərkəzin ilk akademik tərcüməsidir: "Əfsuslar olsun ki, bu kitab 1940-cı ildən bəri nəinki ingilis dilinə, ümumiyyətlə, orijinal variantda da təkrar nəşr edilməyib. Dünya müstəvisində, beynəlxalq elmi məkanda bu kitabı ancaq akademik qurumlarda, kitabxanalarda tapmaq olar. Zamanında Avropa dillərindən heç birinə tərcümə olunmadığına görə, tədqiqatın nəticələrindən geniş istifadə olunmayıb. Şübhəsiz ki, bu əsərin ingilis dilinə tərcüməsində əməyi keçən insanlar böyük bir işə imza atıblar. Azərbaycan tərəfdən kitaba ön sözü Xalq yazıçısı Elçin Əfəndiyev, İngiltərə tərəfindən Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin aparıcı iranşünas professoru Edmund Hertsiq yazıb. Kitabdakı illüstrasiyalar 40-cı illərdə bəsit şəkildə çap olunmuşdu. Bu illüstrasiyaların orijinal variantları dünyanın ən qədim kitabxanalarından biri olan Oksford Universitetinin Bodleyn kitabxanasından tapılıb və burada poliqrafik cəhətdən keyfiyyətli şəkildə işlənilib. Bizim beş ilə yaxın fəaliyyətimiz maraqlı elmi tarixə malik və mühüm bir strateji elmi tutuma sahib olan belə bir kitabın ərsəyə gəlməsinə səbəb olub".
Professor Nərgiz Paşayeva çıxışı zamanı görülən işlərin tutumunu və dəyərini qiymətləndirmək üçün daha bir nailiyyəti - Bərdə rayonunda aparılan arxeoloji qazıntı işlərini vurğuladı: "Oksford Universitetinin tədqiqatçı-alimi, doktor Pol Vodsvordun rəhbərliyi altında Oksford Universitetinin tədqiqatçılarından ibarət bir qrup Bərdədə artıq iki mövsümdür arxeoloji qazıntılar aparır və Azərbaycan üçün çox əhəmiyyətli tarixi tapıntılara nail olub. Ekspedisiyanın nəticələri zamanında və məqamında elmi araşdırmalarla maraqlanan təşkilatların diqqətinə çatdırılacaq. Həmin araşdırmaların nəticələri Oksford Universitetinin kitabxanasında saxlanılacaq və həm alimlər, həm də tələbə və məzunlar tərəfindən bir vəsait kimi istifadə olunacaq".
"Nizami Gəncəvi adına Qızıl medal"ın sahibi Nərgiz Paşayeva deyir ki, çox zaman hər hansı bir mühüm hadisənin baş verməsi kiçik bir epizodla başlayır: "Mənim Robertlə tanışlığım da belə bir kiçik epizod oldu. Robert Hoyland 2013-cü ildə Moskva Dövlət Universitetinin Bakı Filialına gəldi və mənimlə tanış oldu. Bizim görüşümüz zamanı elmi mərkəzin yaradılmasını təklif etdim. Elə həmin il - 2013-cü ildə biz Oksfordda Universitetin beynəlxalq inkişaf üzrə direktoru Lieyzl Elder ilə memorandum imzaladıq. Bu memorandum bizə həmin mərkəzin yaradılmasına rəsmi icazə verdi və bizi artıq rəsmən tanıdılar. Nizaminin adı da rəsmən Mərkəzə verildi. Memorandum imzalanmamışdan öncə keçirilən elmi seminarda Nizami haqqında məruzə ilə çıxış etmək mənə həvalə olundu. O seminarda Oksford Universitetinin möhtərəm alimləri, o cümlədən bizim dəyərli alimimiz Vasim Məmmədəliyev də iştirak edirdi. Mən xoşbəxtəm ki, o məqamda, bu cür taleyüklü bir məqamda Vasim müəllim yanımda oldu və mənə ürək-dirək verdi".
Professor Nərgiz Paşayeva "Nizami Gəncəvi adına Qızıl medal"ın çox böyük mükafat olduğunu bildirdi: "Bu o demək deyil ki, mən bütün ömrünü müəllimliyə, elmə, pedaqoji fəaliyyətə, təhsilə həsr etmiş insanlardan özümü daha üstün sanıram. Elə deyil. Çünki mən öz müəllimlərimdən öyrənmişəm, məni müəllimlərim yetişdirib. Mənim nailiyyətlərim ilk növbədə mənə tərbiyə və savad verən müəllimlərimin nailiyyətidir. Mən burada əyləşən əziz müəllimlərimə öz böyük təşəkkürümü bildirirəm.
Mən taleyimə təşəkkür etmək istərdim ki, məni 3 universitetlə bağlayır. Bakı Dövlət Universiteti - Azərbaycanın qürur mənbəyi, Azərbaycanın təfəkkürlər quyusudur. Daha sonra Lomonosov adına Moskva Dövlət Universiteti - keçmiş sovet və postsovet məkanında ən nüfuzlu universitetdir. Və nəhayət, Oksford Universiteti. Yəqin ki, hər hansı bir qüvvə məni bu 3 universitetlə bağladıqda mənim üzərimə böyük məsuliyyət də qoyub. Anlayıram ki, mənə qarşı göstərilən sayğıya, lütfə qarşı bu məsuliyyət daha da artmalıdır. Həmçinin ətrafımdakıların uğurunu, əməyini daha yüksək səviyyədə qiymətləndirməyi bacarmalıyam.
Bilirəm ki, bu dünyada aqillər qüvvətli, cahillər isə zəifdir. Bilirəm ki, görkəmli müəllimlərim kimi kamil insan olmaq müşkül vəzifələrdən biridir. Bilirəm ki, özü ilə sözü arasında fərq olmayan insanlar həmişə nadir insanlar olub. Və mən əminəm ki, belə insanlar bizim həyatımızda varsa, bizim yolumuzda həmişə uğurlar, nailiyyətlər olacaq".
Çıxışının sonunda AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva bir daha bu işdə ona dəstək olan hər bir kəsə və xüsusilə, akademiyanın Rəyasət Heyətinə öz minnətdarlığını bildirdi: "Mənə göstərdiyiniz lütfünüzə, diqqətinizə, nəzakətinizə, etimadınıza görə, möhtərəm alimlər, sizə öz böyük təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Oksford Universitetində təmsilçilik və Oksford Universitetinin funksional bir hissəsinə çevrilmək imkanı böyük bir elmi gələcək naminə atılmış mühüm bir addımdır. Nizaminin sözləri ilə desək, "Bu yolda çətinliklər olacaq". Nizaminin sətirlərində gözəl məcazi mənada səslənən bir fikri də yada salmaq istərdim. Nizami yazır ki, "bal tutan əli arılar sancar". Bəli, hər yolun öz uğuru və öz sarsıntıları olur. İstərdim ki, bu sarsıntılar bu yolun davamını gələnləri qorxutmasın. Onlar düşünməsinlər ki, bu əbəsdir və nəyə görə başqa bir peşəni qoyub elmə gəlməlidirlər. Çünki elm insana daxili ziya, daxili ümid verir. Çünki alim insan qafil insandan qat-qat üstün olur.
Oksford Universitetinin gözəl bir devizi var. Deviz latınca belə səslənir: "Dominus illuminatio mea" - "Tanrı, yolumu işıqlandır". Yaradan hər kəsin yolunda bir məqsəd, bir niyyət, bir sınaq qoyur. Bu mükafat cüzi bir əməyim qarşısında böyük mükafatdır. Mən bu sınağı doğrultmağa çalışıram. Amma yəqin ki, çox az bir qisminə nail olmuşam. Özümdə bu mükafata qarşı qürur hissi ilə yanaşı, yenə də böyük məsuliyyət daşıyıram. Və beynəlxalq müstəvidə biz öz dəyərimizi, elmi potensialımızı, mənəvi tutumuzu, mədəni tariximizi, elmi tariximizi layiqli təmsil etməyə hazır olan hər bir kəsə, hər bir gəncə dəstək olmağa hazırıq. O işığı heç vaxt yaşayan qəlblərdən, elmli düşüncəli qəlblərdən silən qüvvə bizdən qüvvətli olmasın. Ziya həmişə daxilinizdə olsun. Elmimizin, mədəni irsimizin başı uca olsun".
Daha sonra Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi və təbliği sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford və Nyu York universitetlərinin professoru Robert Hoylanda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim olundu.
Professor R.Hoyland Azərbaycanda olmaqdan və bu mötəbər mükafata layiq görüldüyündən məmnun olduğunu bildirdi: "Bu yüksək mükafatı almaqdan böyük qürur hissi keçirirəm. Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr zamanı belə bir qərara gəlmişdik ki, bu mərkəz Azərbaycan mədəniyyətinin və tarixinin dərin tədqiqatları ilə məşğul olsun. Biz tarixi və arxeoloji tədqiqatlar üçün Bərdəni seçdik. Bərdə Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş və Cənubi Qafqaz bölgəsində ilk müsəlman istehkamı hesab edilir. Burada olan qədim dövlətin özünəməxsus əlifbası, öz hökmdarları olub. Amma hələ öyrənilməmiş çox məqamlar var. Məhz buna görə arxeoloji layihədə Azərbaycanın tarixində bu dövrə aid boşluqları birgə səylərimiz nəticəsində doldurmaq qərarına gəldik".
Professor Robert Hoyland bildirdi ki, arxeoloji tədqiqatın nəticələrinin ingilis dilinə tərcüməsi və internetə yerləşdirilməsi geniş auditoriyanın bu məlumatlardan istifadəsinə imkan yaradacaq.
Professor Robert Hoyland qeyd etdi ki, dünyanı münaqişələrin bürüdüyü bir dövrdə alimlər öz aralarında əməkdaşlığı davam etdirməlidirlər: "Dünyada baş verən münaqişələrə rəğmən, akademik işçilər səylərini əsirgəməməlidirlər. Siyasi çətinliklərə baxmayaraq, elmi vəhdətimizi gücləndirməliyik. Gələcəkdə Azərbaycanla Birləşmiş Krallıq arasında tələbə və alim mübadiləsini genişləndirməyi nəzərdə tuturuq. Bu, iki ölkə ilə məhdudlaşdırılmamalıdır. İki ölkənin alimləri bu nəcib missiyaya qoşulmalıdır".
Elmi araşdırmaçı, professor Robert Hoyland Oksford Universitetinin Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi tərəfindən görülən işlərin hələlik ilk addımlar olduğunu bildirdi: "Gələcəkdə bu istiqamətdə işləri davam etdirməyi planlaşdırırıq. Son dörd ildə nəinki gənc araşdırmaçılara, eləcə də bu region haqqında daha geniş səviyyədə tədqiqatların aparılmasına şərait yaratmışıq. Gənc alimlərə təqaüdlərin verilməsi də fəaliyyətimizin istiqamətlərindən biridir. Bu işlərin hamısı professor N.Paşayevanın dəstəyi ilə reallaşıb. Onun səyləri olmadan biz bu nailiyyətləri əldə edə bilməzdik. Bu layihənin reallaşmasında cüzi olsa da, mənim də töhfəm olduğuna görə fəxr edirəm. Ümid edirəm ki, bu layihəni həyata keçirməklə həm Azərbaycan tarixini dünyaya çatdırmağı, həm də elmi üfüqlərimizin genişləndirilməsinə nail olacağıq".
Çıxışının sonunda prof. R.Hoyland bir daha Azərbaycan alimlərinə onun əməyinə verdikləri yüksək qiymətə görə öz dərin minnətdarlığını bildirdi.
Qeyd edək ki, Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin universitetin tək Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. 2013-cü ildən başlayaraq Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin yaradılmasına böyük əmək sərf edən professor Nərgiz Paşayeva müxtəlif mühüm görüşlər keçirmişdir. Bunlardan Oksford Universitetinin inkişaf departamentinin rəhbəri xanım Liezl Elder, Oksford Universitetinin keçmiş vitse-kansleri professor Endru Hamilton, Oksford Universitetinin "Brasenose" Kollecinin rəhbəri, Kraliçanın ədliyyə məsələləri üzrə müşaviri, Britaniya Ali məhkəməsinin sədr müavini Con Bouers, Sent Kross Kollecinin rəhbəri, Viktoriya və Albert muzeyinin direktoru vəzifəsində işləmiş Ser Mark Couns, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri professor Mark Smit, Oksford Universitetinin "Triniti" Kollecinin professoru Brayan Vord Perkins və onlarla başqa alim və rəhbər şəxslərlə keçirdiyi həmin görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi Mərkəzin fəaliyyət istiqamətləri və elmi-strateji məqsədləri müzakirə olunmuşdur.
Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi öz fəaliyyətində fundamental və akademik elmi araşdırmalara xüsusi önəm verərək artıq iki beynəlxalq elmi konfrans təşkil etmişdir. Belə ki, 2015-ci ilin 6 iyun tarixində Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzi, Oksford Universitetinin Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə "Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər" adlı Beynəlxalq elmi-praktik konfrans təşkil etmişdir. 2016-cı ilin 11 iyununda Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan "Brasenose" Kollecində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi özünün "Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)" mövzusunda II Beynəlxalq elmi konfransını təşkil etmişdir. Keçirilən hər iki konfransın həmsədri Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, professor Nərgiz Paşayeva olmuşdur. Bu geniş akademik elmi tədbirdə Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.
Prof. N.Paşayeva Britaniyada Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətini daim diqqət mərkəzində saxlamaqla yanaşı, digər elmi-akademik layihələrin də baş tutmasının təşəbbüskarı kimi çıxış edir. Buna misal olaraq 2016-cı ildə Britaniyada təsis edilmiş və rəsmi qeydiyyatdan keçmiş (qeydiyyat nömrəsi 1169381) "Azərbaycan və Qafqazı öyrənən Britaniya Fond"unu ("The British Foundation for the Study of Azerbaijan and the Caucasus") göstərmək olar. Onu da qeyd edək ki, Fondun Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva seçilmişdir.
2017-ci ilin yanvar ayının 25-də dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi olan, 1852-ci ildə əsası qoyulmuş İngiltərənin Viktoriya və Albert Muzeyində keçirilmiş Britaniya Fondunun təqdimat mərasimi geniş ictimayyətin böyük marağına səbəb olmuşdur.
Lordlar Palatasının üzvü, Avropa Şurasının 2003-2006-cı illərdə Azərbaycan üzrə məruzəçisi olmuş Lord Malkolm Brus, Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland, Şotlandiyanın məşhur Sent Enryus Universitetinin professoru Endryu Pikok və Ekseter Universitetinin professoru Robert Qliv yaradılan Britaniya Fondunun Qəyyumlar Şurasının üzvləridir. Bu Fond Azərbaycan və Birləşmiş Krallıq arasında mövcud olan ikitərəfli elm, mədəni, maarif, təhsil münasibətlərinə real töhfə verən ciddi bir qurum kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Fond Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə dəstək verməklə yalnız Oksford Universiteti və Londonda deyil, İngiltərənin başqa ali təhsil ocaqları və mötəbər elmi və siyasi qurumları ilə əməkdaşlıq etməyi planlaşdırır.
Beləliklə, iki dəyərli alimin zəhmətinə və uzun müddət ərzində səmərəli fəaliyyətinə layiqli qiymət verilərək onlara 2017-ci il "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim olundu. Əminik ki, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi uğurlu fəaliyyəti ilə yeni elmi-akademik nailiyyətlərə imza atacaq və Azərbaycan alimləri bundan sonra da bu müqəddəs işdə Mərkəzin fəaliyyətinə hərtərəfli dəstək verəcəklər.
Daha sonra AMEA-nın ümumi yığıncağında akademiyanın adlı mükafatları digər alimlərimizə təqdim olunub. Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyev Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayev Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanov akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayev akademik Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif olunublar. Bundan başqa, akademik Vaqif Fərzəliyevə akademik Yusif Məmmədəliyev adına mükafat, akademik Vasif Babazadəyə akademik Musa Əliyev adına mükafat, tarix elmləri doktoru Əli Rəcəbliyə Abbasqulu ağa Bakıxanov adına mükafat təqdim edilib.
Bununla da AMEA-nın illik ümumi yığıncağı öz işini başa çatdırıb.
Digər xəbərlər
loading...