Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı təzadlı gedişlər edir. İşğalçı dövlət bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərmək üçün Moskvada keçirilən xarici işlər nazirlərinin toplantısına qatılır, bir tərəfədən cəbhədə vəziyyəti gərginləşdirir, Azərbaycan tərəfinə raket atır. Digər yandan isə prezident Serj Sarkisyan müharibənin hər an başlaya biləcəyinə dair bəyanat verir. Təbii ki, bu təzadlı gedişlər bir sıra suallar yaradır.
Azərbaycanın ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov azvision.az-a bildirib ki, Sarkisyanın müharibə bəyanatları daxili auditoriyaya hesablanıb:
"Seçkidən öncə bu tip bəyanatlar daha çox idi. Səbəb Qarabağ müharibəsi dalğası ilə iqtidara gələn Sarkisyan və ətrafının hakimiyyətinin ömrünü uzatmağa hesablanmışdı. İndi seçki qurtarsa da, Sarkisyan hələ də özünü rahat hiss etmir. Ona görə də Ermənistan ictimai rəyini sakitləşdirmək üçün bu kartdan istifadə edir.
O ki, qaldı müharibə məsələsinə, Azərbaycan hər an müharibəyə hazırdır. Azərbaycan tərəfi hər zaman erməni təxribatını gözləyir və düşmənə adekvat cavab verir və bundan sonra da belə olacaq. Bununla bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz sözünü deyib. Bildirib ki, işğal olunmuş torpaqları qısa zamanda azad edəcəyik. Çünki, danışıqlar artıq nəticə vermir”.
Ş.Ramaldanov vurğulayıb ki, Sarkisyan müharibə bəyanatları verməsinə baxmayaraq, qoşunların təmas xəttinə göndərməyə əsgər tapmır:
"Bu gün Ermənistanda vəziyyət o həddə çatıb ki, təmas xəttinə əsgər göndərə bilmirlər. Hətta, bunun üçün hər əsgərə 10 min dollar veriləcəyi vəd edilir. Buna baxmayaraq, heç bir erməni gənci Qarabağda xidmət etmək istəmir. Çünki, ölmək istəmirlər. Eyni zamanda əsgər itkisi cəbhə bölgəsində narazılığa səbəb olur”.
Ermənistan tərəfindən ərazilərimizə raket atılmasına münasibət bildirən polkovnik bildirib ki, belə bir raketin atılması düşmən ölkənin ordusunun necə bərbad səviyyədə silahlandığını göstərir:
"Raket hava hücumundan müdafiə sisteminə aiddir. Bu da ancaq, havada uçan hədəfə yönələ bilər, piyada və ya hansısa tikintiyə yönələ bilməz. "OSA” zenit raket kompleksi ötən əsrin 60-70-ci illərində buraxılıb. Raketin Azərbaycan ərazisinə düşməsinə gəlincə, hesab edirəm ki, bu, erməni mütəxəssislərin səriştəsizliyinin nəticəsidir. O qədər səriştəsizdirlər ki, raketi hədəfə yönəldə bilməyiblər. Nəticədə raket Azərbaycan ərazisinə düşüb. Bu bir daha göstərir ki, Ermənistan Silahlı Qüvvələrində olan hava hücumundan müdafiə sistemləri hansı vəziyyətdədir. Çünki, onlar Rusiyanın köhnəlmiş silah-sursatını götürürlər. Azərbaycan ordusu ən müasir hava hücumundan müdafiə sistemləri ilə təmin olunub”.
MilliYol.Az
Digər xəbərlər
loading...