Onu Anar Məmmədovla nə bağlayır?
"The Washington Post" qəzeti Bakıda tikintisi yarımçıq qalmış "Trump Tower" barədə məqalə dərc edib. Müəllif yazir ki, kompleksin tikintisi ötən il dayanıb, səbəb də neftin ucuzlaşmasıdır. Hazırda kompleksin yerli sahibi böyük itkilərlə üzləşib, müqavilələri yenidən razilaşdırmağa, binanın açılmasına nail olmağa çalışır.
ANS TV-nin məlumatına görə, layihəyə pul xərcləməyən Donald Trump, adından istifadə hüququnun satışından və mülkiyyətə idarəçilik müqaviləsindən milyonlar qazanıb. 2014-cü ilin yanvarından 2015-ci ilin iyulunadək Tramp bu layihədən 2.5 milyon dollar gəlir, menecment haqqı kimi isə 323 min dollar əldə edib. Bunu prezidentliyə namizəd iddialı maliyyə bəyannaməsində qeyd edir. Yazıda vurğulanır ki, seçilərsə, Tramp qlobal biznes imperiyasına yiyələnmiş ilk ABŞ prezidenti olacaq. Bu imperiyaya yeddi kurort, otellər, xarici ölkələrdə müxtəlif layihələr daxildir. 11 otel tikilməkdədir, başqa planlar da var.
Bu mülklərin bəziləri ABŞ-ın iqtisadi və təhlükəsizlik maraqlarının olduğu Türkiyə, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycandadır. Prezident seçiləcəyi halda Trampın şəxsi biznesi ilə prezidentliyi arasında maraqlar toqquşması yarana bilər.
Neft ölkəsi olan Azərbaycanda Trump 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib. Müəllif vurğulayır ki, Tramp şəxsi biznes maraqlarını administrasiya siyasətindən necə ayıracağını açıqlamayıb. Ancaq baş müşaviri Alan Garten deyir ki, Trump prezident seçiləcəyi halda, şirkəti maraqlar toqquşmasından qaçmaq üçün addımlar atacaq. Anar Məmmədovun sərvətinin mənbələrinə dair suallara gəlincə, Garten deyib ki, bütün bu məlumatlar razılaşma imzalanandan sonra ortaya çıxıb. Müəllif Məmmədovdan bir neçə həftə ərzində şərh ala bilməyib. Şirkətinə, dostları və biznes həmkarlarına elektron məktub və "Facebook" vasitəsilə göndərilən sorğular cavabsız qalıb. Ancaq tənqidçiləri deyirlər ki, seçiləcəyi halda, Tramp bu ölkədəki biznes maraqları ilə öz ölkəsinin maraqları arasında sərhəd qoymaqda çətinliklərlə üzləşəcək. Məqalədə daha sonra Məmmədovların Azərbaycanda ən varlı ailələrdən biri olmasından, Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansının fəaliyyətindən söz açılır. Alyans isə dörd il ərzində Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə 12 milyon dollardan çox pul xərcləyib.
Müəllif yazır ki, Trampla Məmmədovun "Garant" Holding şirkəti razılaşmanı 2012-ci il mayın 25-də imzalayıb, 2 il ərzində ictimaiyyətə elan edilməyib. Bakıdakı otel 2015-ci ildə açılmalıydı, Trampın veb-saytında bu barədə məlumat yeləşdirilib. Yalnız dekabrda otel barədə informasiya saytdan yox olub. Trampın işə götürdüyü baş menecer isə Praqada işləməyə başlayıb.
Halhazırda tikinti işləri dayanıb, otel isə bağlanıb. İndi əraziyə iki mühafizəçi baxır. Ətrafı ot-ələf basıb. "TRUMP" yazılmış böyük qlobusun yerləşdiyi fəvvarə isə qum və zibillə doludur. Binada divarlardan asılı qalmış naqillər yellənir, elektrik və işıq yoxdur.
Garant Holdingin baş mühasibi Xalid Kərimli deyir ki, tikintidə fasilə yaranıb. Neftin barreli ötən il 100 dollardan 26 dollara düşüncə, Azərbaycan iqtisadiyyatı böyük problem yaşayıb, manat devalvasiya olunub. Ancaq Kərimlinin sözlərinə görə, Garant ABŞ dolları ilə yazılmış kontraktları dəyişməyə çalışır. Manat ucuzlaşandan sonra Trump layihəsinin dəyəri iki dəfə qalxıb.
Kərimli deyir ki, tikintinin 90 faizi tamamlanıb və ümid edir ki, işlər bir-iki aya bərpa olacaq. Onun sözlərinə görə, ötən ilin dekabrında açılmalı olan otel ola bilsin, gələn il açılsın.
Kərimlinin sözlərinə görə, A. Məmmədov Trampın adını ona görə lisenziyalaşdırmaq istəyib ki, o, Azərbaycanda siyasi və biznes elitası içində tanınıb. İndi isə prezidentliyə iddialı Trampın adı bu layihəni göylərə qaldırar.
MilliYol.Az
Digər xəbərlər
loading...