Mətbuat Şurasının keçmiş icraçı katibi Rəhim Hüseynzadə Əflatun Amaşov haqqında yazdı
Ömrümün 14 ilinin dostu,sirdaşı,qardaşı və məsləkdaşı Azərbaycan mətbuat şurasının sədri cənab Əflatun Amaşova
Hörmətli Əflatun müəllim,
Bu gün Siz də hamımızın ürəyincə olan müjdə ilə ömrün ahıllıq çağına qədəm qoydunuz. Mətbuat Şurasını birgə qurduğumuz, ömür-günümüzü, bilik və bacarığımızı, fiziki və mənəvi imkanlarımızı səxavətlə sərf etdiyimiz, hər cür maneələrdən çəkinməyərək inamla addımladığımız bu illərdə yaşınızdan çox irəlidə qabarıq nəzərə çarpan ahıl, ağsaqqal davranışınızla belə hüquqa ləyaqətinizi göstərmisiniz.
İndi rəsmən həmin sıralarda varsınız. Bunu kimi qismən, kimi də bütün təfərrüatları ilə görür və qiymətləndirir. Hər halda cəmiyyətdə malik olduğunuz müsbət imic, xidmətlərinizin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda üç dəfə dəyərləndirilməsi hamımızın ürəyincədir. Azərbaycanın əməkdar jurnalisti fəxri adından, “Vətənə xidmətə görə” ordenindən sonra layiq görüldüyünüz “Şöhrət” ordeni əslində uğurlarınızın davamından xəbər verir.
Hörmətli Əflatun müəllim, sədri olduğum, sıralarında minlərlə iranlı mühaciri birləşdirən İranlı Mühacirlər Cəmiyyəti mediamızın ictimai funksiyasını şərəflə yerinə yetirməsinə, xüsusilə qonşu ölkələr və xalqlar arasında səmimi, anlaqlı mühitin bərqərar olmasına istiqamətləndirilməsi sahəsində göstərdiyiniz diqqətdən, təşəbbüslərinizdən daim məmnundur. Sizə yeni-yeni yubileyli, xoş xəbərli illər, ailə səadəti arzulayırıq.
Səmimi hörmətlə,
Rəhim Hüseynzadə
“İranlı Mühacirlər Cəmiyyəti”
İctimai Birliyinin sədri,
Azərbaycanın əməkdar jurnalisti.
MilliYol.Az
Digər xəbərlər
loading...