“Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir. Bu görüş Ermənistanın ya münaqişənin “Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək”.
MilliYol.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.
Qeyd edək ki, “Kazan düsturu” 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Kazanda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra gündəmə gəlib. Bu variant ilkin mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə yerləşdirmək istəyir.
S.Markov qeyd edib ki, əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir.
“Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə, başqa variantlara üz tutmağa məcbur olacaq. Bu baxımdan, Moskvada keçiriləcək görüş çox əhəmiyyətlidir”, - deyə o bildirib.
Rusiyalı politoloq rəsmi İrəvanın görüş haqqında heç bir rəsmi informasiya verməməsini, daha çox susqunluq nümayiş etdirməsini də şərh edib: “Ermənistanın sükutu onunla bağlıdır ki, Moskva və Bakı çoxdan “Kazan düsturu” əsasında həll variantına razıdır. Əlbəttə, Moskva və Bakının mövqeləri arasında da fərqlər mövcuddur, lakin burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir. İrəvanda bəziləri danışırlar ki, “Kazan düsturu”na razılaşmaq lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik yaradır”.
S.Markov həmçinin, aprelin 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşdə səsləndirdiyi “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi maneələr var” sözlərini də şərh edib.
Onun fikrincə, Lavrov ATƏT-in baş katibinə qarşıdakı görüşlə bağlı məlumat verdi və “Kazan düsturu”nu dəstəkləməyi təklif etdi.
“Deyəsən, bu məsələdə Moskva və ATƏT-in mövqeləri yaxındır”, - deyə o bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...