Bu gün Bakıda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşü keçirilir
MilliYol.Az xəbər verir ki, komissiyanın sədri, baş nazirin müavini Əli Əhmədov deyib ki, son 10-12 il ərzində Azərbaycanda möhtəşəm inkişaf yaşanıb. Onun sözlərinə görə, bu müddətdə ölkə iqtisadiyyatı 3,5 dəfə artıb: "Qeyd olunan dövrdə əmək haqları, pensiyalar təxminən 3 dəfə artıb. Hesabat dövründə Azərbaycanda 1,3 milyondan çox yeni iş yeri yaradılıb. Təkcə ötən il ölkədə 90 min yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsinin aşağı düşməsi ilə bağlı Azərbaycan dünya ölkələri üçün nümunə olub. Məqsədyönlü siyasət nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə düşüb. Hazırda yeni iş yerlərinin açılması ilə işsizlik səviyyəsinin azaldılması istiqamətində iş görülür. İndi Azərbaycanda işsizliyin səviyyəsi 6%-dən aşağıdır. Digər sahələrdə də böyük inkişaf müşahidə edilir. Azərbaycan möcüzə sayıla bilən bu yüksəlişi qoruyub saxlaya bilib. Bu iqtisadi yüksəliş dövlətin qarşısında duran öhdəliklərinin yerinə yetirilməsi üçün möhkəm baza yaradıb".
Baş nazirin müavini qeyd edib ki, ölkədə yeni iqtisadi inkişaf modelinə keçidlə əlaqədar mühüm tədbirlər görülür. Strateji Yol Xəritələrinin qəbul edildiyini xatırladan Ə.Əhmədov bildirib ki, nəzərdə tutulan tədbirlər ölkəni daha sürətli inkişafa səbəb olacaq. Onun sözlərinə görə, Azərbaycan dövləti tikinti sektorunun inkişafına xüsusi önəm verir: "Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətdə tikinti sahəsində fəaliyyət göstərən şirkətlərə böyük önəm verir. Ölkəmizdə quruculuq-abadlıq işlərinin həyata keçirilməsində, ölkəmizin imicinin dəyişdirilməsində sizin böyük rolunuz olub. Məlum olduğu kimi, ölkə prezidenti əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb. Komissiyanın qarşısında qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı çox vacib vəzifə qoyulub. Gələcəkdə bu sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün tikinti sektorunun da üzərinə böyük vəzifə düşür. Ölkədə çox dayanıqlı tikinti şirkətləri yaranıb. Bu şirkətlər ölkə daxili ilə yanaşı, xaricdə də çox böyük və uğurlu layihələr həyat keçirir".
Ə. Əhmədov vurğulayıb ki, ölkədə neftdən sonra ən çox sərmayə tikinti sektoruna yatırılıb: "Ötən il ölkə iqtisadiyyatına yatırılan 15 milyard manat sərmayənin 11,4 milyard manatı tikinti sektoruna yönəldilib. 11,4 milyard manat vəsait hesabına 3,9 milyard manatlıq əsaslı kapital qoyuluşu həyata keçirilib. Ötən il 1 milyon 670 min kvadratmetr mənzil tikintisi həyata keçirilib. Başqa sözlə, 13 min mənzil tikilib istifadəyə verilib. Məktəb, xəstəxanalar, uşaq bağçaları və digər ictimai xidmət üçün nəzərdə tutulan obyektlər istifadəyə verilib. Bu bir tərəfdən dövlət, digər tərəfdən tikinti sahəsində fəaliyyət göstərən sahibkarların vəsaiti hesabına olub. Tikinti sektorunun Azərbaycanın əmək bazarında da rolu böyükdür. Rəsmi statistikaya əsasən tikinti sektorunda 343 min nəfər çalışır. Bu Azərbaycanda iqtisadi fəal əhalinin 7%-ni təşkil edir".
Xatırladaq ki, prezident İlham Əliyev bu ilin martın 17-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanın tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, komissiyanın sədri baş nazirin müavini Əli Əhmədov, üzvləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev təyin edilib.
Sərəncama görə, komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Komissiyaya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etmək; əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və Azərbaycan prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.(apa)
MilliYol.Az
Digər xəbərlər
loading...