Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində 25 aprel - Malyariya ilə Ümumdünya Mübarizə Günü ilə bağlı tədbir keçirilib
MilliYol.Az APA-ya istinadən xəbərinə görə, mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, malyariya çox ciddi və ağır epidemiyalardan biri sayılır.
Onun sözlərinə görə, Azərbaycanda ötən əsrdə malyariya xəstəliyinin 5 genişmiqyaslı epidemiyası olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikada malyariya ilə əlaqədar epidemioloji vəziyyətin yenidən pisləşdiyini deyən A. Əliyeva qeyd edib ki, sonuncu epidemiya 1994-cü ildə qeydə alınıb: "Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəifləməsinə, müvafiq vasitələrin, dərman preparatlarının, laborator avadanlıqların, dezinfeksiya maddələrinin çatışmazlığı və müvafiq tədbirlərin vaxtında gorülməməsinə gətirib çıxarıb. Nəticədə malyariya epidemiyası baş verib. 1993-cü ildə respublika üzrə 23 hadisə qeydə alındığı halda, 1994-cü ildə 667 nəfərdə (29 dəfə cox) yerli yoluxma halları baş verib. 1995-ci ildə 2840 (124 dəfə çox), 1996-cı ildə isə ən yüksək pik vəziyyət yaranıb və 13135 hadisə (571 dəfə çox) qeydə alınıb. Beləliklə də xəstələnmə respublika ərazisinin 80 faizini əhatə edib".
A. Əliyeva əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram hazırlanıb.
Onun sözlərinə görə, həmin ildən başlayaraq xəstəlik əleyhinə aparılmış məqsədyönlü kompleks əks-epidemik tədbirlər nəticəsində xəstələnmə səviyyəsi ilbəil azalaraq 2010-cu ildən sonra sporadik halda qeyd olunmağa başlayıb və 2013-cü ildən etibarən bu günədək yerli yoluxma halı qeydə alınmayıb: "Ölkəmiz Daşkənd şəhərində 2005-ci ildə qəbul edilmiş “Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” Bəyannaməsinə qoşulub və respublika ərazisində malyariyanın tam eliminasiyasına nail olunub.
Aşqabad şəhərində isə 2016-cı ilin iyul ayında “Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni Bəyannamə qəbul olunub. Bununla da, ölkəmiz malyariyadan azad ölkə statusu qazanıb.
2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiya işlənib hazırlanıb və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilərək icrasına başlanıb. Respublika ərazisində xəstəliyin tam eliminasiyasına nail olunmasına baxmayaraq, digər region ölkələrində hələ də xəstələnmə hallarının və əhali arasında intensiv miqrasiyanın mövcud olmasını nəzərə alaraq, xəstəlik əleyhinə tədbirlərin zəiflədilməməsi və bu tədbirlərin davamlı olaraq aparılması tələb olunur".
MilliYol.Az
Digər xəbərlər
loading...