Ötən ilin sonlarında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlunun həbs olunması haqda mediada xəbər yayılmışdı
Bu barədə vəkil Adəm Məmmədov özünün facebook səhifəsində yazaraq bildirmişdi ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib.
Həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq, iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım.
Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür. Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərili şərtlərlə uzun müddətə icarəyə verir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”.
Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub.
Bu xəbər yayıldıqdan sonra Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlanları – Yunis Abdullayevin həbs olunması, Yalçın Abdullayevin isə dələduzluqda ittiham edilərək barəsində cinayət işi açılması xəbərinə qarşı tərəfdən də reaksiya göstərilmişdi. Belə ki, o zaman Yalçın Abdullayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, bu işdə əslində zərərçəkən onun özüdür: “Yazılıb ki, guya mən istintaq altındayam, bu da mən, canlı olaraq burdayam. Mənim haqqımda heç bir cinayət işi yoxdur, heç kimin də haqqını yeməmişəm. Yunis Abdullayev mənim əmimoğludur, onun bu işlərə heç bir aidiyyəti yoxdur. Özü də həbs olunmayıb, hazırda evindədir. Əmim Vaqif Abdullayevin mənə nə aidiyyəti var? 25 ildir bizneslə məşğulam, bu illər ərzində cəmi bir VÖEN-im olub. Əslində, hadisə belə olub. 2014-cü ildə Xəyyam Balayevlə iş qurmaq üçün bankdan 965 min dollar kredit götürüb, ona vermişəm. O da xalası oğlu Eyyub Hüseynovun və qardaşı İlqarın şirkətini işlədərək onlara faiz verib. Bir müddət sonra öyrəndim ki, Xəyyam dələduzdur, verdiyim pulu tələb etdim, o da aprelin 30-na kimi məndən vaxt istədi. Sonra təklif etdi ki, xalasıoğlu Eyyubun, onun sevgilisi Mahirənin və tanışı Əziz Əliyevin əmlaklarını mənə olan borcu müqabilində adıma keçirsinlər, razılaşdım. Bu adamların hər birinə zəng edib soruşdum ki, Xəyyam belə bir fikir deyib. Onlar da dedilər ki, biz də razıyıq, “Xəyyama hər şey qurbandı”. Bundan sonra hər biri notariusa gələrək, imza atdılar və 410 min dollar dəyərində mənzilləri mənə verdilər. Mahirə isə 300 min dollar nağd verməyi öz öhdəsinə götürdü, sonra isə pulu ödəmədən ölkədən qaçdı. Hazırda “İnterpol” xətti ilə axtarışdadır, onun barəsində cinayət işi açılıb və Nərimanov Rayon Polis İdarəsində bununla bağlı istintaq aparılır. Sonradan bəlli oldu ki, pulları ölkədən çıxarıb Dubaya köçürüblər. Hazırda onların mənə 550 min dollar borcu var. Borcun etirafına dair də müqavilə imzalayıblar. Bizlə işlədiyi dövrdə Xəyyamın Mahirə ilə davamlı olaraq ölkəni tərk etdikləri, yəni Dubaya, Türkiyəyə səfər etmələri Dövlət Sərhəd Xidməti tərəfindən təsdiqlənib”.
Y.Abdullayev “MTN qruplaşması”nın qurbanı olduğunu, Mahirə Süleymanovanın sifarişi ilə Anti-terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev tərəfindən təhdid olunduğunu deyib: “Mahirə Elçinlə əlbir olmuşdu. 2015-cü ilin oktyabrın 8-də məni MTN-ə aparıb 11 saat saxladılar. “İŞİD”çisən, təriqət üzvüsən deyərək təhdid edib, tələblər irəli sürdülər. Elçin Quliyev məndən tələb etdi ki, Mahirənin borc müqabilində mənə verdiyi 2 mənzili və maşını geri qaytarım. Mən evlərin sənədlərini Mahirənin özünə verdim, Elçin Quliyevin şifahi göstərişi əsasında maşını Binəqədi rayon məhkəməsinin icraçısı Səbuhiyə təhvil verdim. Orada rəhmətlik İlqar Əliyev mənə dedi ki, Mahirə Elçinə yaxın adamdır. Mən Elçin Quliyevə qarşı açılan cinayət işində də zərərçəkmiş şəxs kimi tanınmışam. Hazırda Baş Prokurorluqda araşdırma aparılır”.
İş adamı Yalçın Abdullayev “Kral Mebel”lə bağlı epizod üzrə olan iddiaya da aydınlıq gətirib: “Həmin mağazanı Rauf Kərimov mənə müqavilə əsasında icarəyə verib, hər ay da pulunu ödəmişik, qəbzlərimiz da var. Biz həmin mağazanı işlədəndə Adəm Məmmədov mənim vəkilim olub. İndi isə qarşı tərəfin vəkilidir. O mağaza da sonradan Rauf Kərimov tərəfindən başqa bir holdinqə satıldı. Avtomobillər məsələsi isə yazılanın tamam başqa cür olub. Biz Raufdan yox, Rauf bizdən 300 minlik maşın götürüb, pulunu hələ də ödəməyib. Bizə atılan böhtanla, guya, həbs olunmağımızla və vəzifəli şəxslərin adından Adəm Məmmədovun yaydığı məlumatla bağlı hüquq çərçivəsində addım atacağıq”. Y.Abdullayev mənzillərin alqı-satqısı və borcun etirafına dair müqavilələri təqdim edib.
Üzərindən aylar keçən bu olaya yenidən qayıtmağımıza səbəb etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumatlarla bağlıdır. Belə ki, bizi bilgiləndirən mənbənin iddiasına görə icra başçısının qardaşı oğlunun hansısa yolla azadlığa çıxarılmasına hazırlıq görülür. Bu isə prosesdə zərərçəkən tərəfləri ciddi narahat edir…
Mövzunu diqqətdə saxlayacağıq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...