Donald Tramp “The Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində deyib: ”Çin valyuta manipulyasiyası ilə məşğul olmur”
Seçki kampaniyasının gedişində Tramp qeyd edirdi ki, ABŞ-ın Çin Xalq Respublikası ilə ticarətində kəsiri var və bu ölkə valyuta manipulyasiyası ilə məşgul olur ki, bu da Amerika sənayesinə ziyan vurur. Seçkidə qalib gəldikdən sonra o, həmçinin söz vermişdi ki, Çinə vayuta manipulyatoru statusu veriləcək.
Verdiyi vədi pozmasının səbəbini şərh və izah edən Tramp deyib ki, Pekin valyuta fırıldağı ilə məşğul olmur və əgər ona bu status təltif edilərsə, onda bu, Şimali Koreyaya qarşı tədbirlər görülməsi barəsində Çinlə aparılan müzakirələrə neqativ təsir göstərə bilər.
Əvvəllər Tramp Çini qamçılayırdı, lakin 12 aprel tarixindəki mətbuat konfransında o bəyan edib ki, Si Tzinpin özünü düzgün aparmağa səy göstərir. Yüksək səviyyəli görüşdə Tramp Çindən Şimali Koreyaya təzyiq göstərməsini tələb edib. ABŞ prezidenti qeyd edib ki, Çinə yönəlmiş kömür dolu Şimali Koreya gəmisi geri qaytarılıb və beləliklə də Çin özünü diqqətli aparmağa çalışır.
O ki qaldı Suriya probleminə, Çin Rusiya ilə birgə Bəşər Əsəd rejiminə qarşı BMT Təhlükəsizlik Şurasından qətnamə çıxarılmasının önünü kəsmək üçün, özünün veto haqqından altı dəfə istifadə edib. Lakin göründüyü kimi, Çinin ABŞ ilə qarşıdurmaya girməməsi Trampın ürəyincədir.
Tramp Si Tzinpinlə görüşündə deyib ki, onların oxşar xarakterləri var. Maraqlıdır ki, elə bu cür sözləri o, Yaponiyanın baş naziri Sindze Abe ilə görüşü zamanı da söyləmişdi. Bundan başqa Tramp Pekin ilə Şimali Koreya probleminin həllində də əməkdaşlıq edəcəyinə ümid bəslədiyini ifadə edib.
Ancaq bütün bu baş verənlərin hamısı Rusiyaya qarşı münasibətlə müqayisədə kəskin kontras təşkil edir. Seçki kampaniyasının gedişi zamanı Tramp Rusiyapərəst bəyənatlar verirdi. Hətta Demokratlar partiyasından namizəd Hillari Klinton Trampı ələ salaraq, onu Putinin marionetkası da adlandırırdı.
Amma hər halda Trampın seçki qərargahı ilə Rusiya tərəfi arasındakı əlaqələr haqqında məlumatlar üzə çıxdı. Nəticədə hətta Trampın özü Rusiyapərəst kursdan imtina etdi. Tramp Rusiyanın dəstəklədiyi Əsəd administrasiyasının hərbi obyektlərinə raket zərbələri vurduqdan sonra, iki ölkə arasındakı münasibət daha da pisləşdi.
12 apreldəki mətbuat konfransında ABŞ lideri belə deyib: ”İndi Rusiya ilə münasibətlər hamar şəkildə getməyəcək. Ola bilər ki, hazırda iki ölkə arasındakı münasibət, öz tarixinin ən aşağı səviyyəsindədir”.
Digər tərəfdən Tramp daima söyləyirdi ki, NATO keçmişin qalığıdır, amma 12 apreldəki mətbuat konfransında o, prezident Trümenin sözlərindən iqtibas gətirərək deyib: ”NATO alyansı – bütün dünyada sülh və sabitliyin təminatçısı rolunu oynayan dalğaqırandır”.
Amerika KİV-ləri məlumat verirlər ki, Tramp NATO, Çin, Rusiya və Suriya ilə əlaqədar mövqeyini dəyişib.
Çinə gəldikdə isə, Amerika prezidentinin bu ölkəyə münasibəti Çinin Şimali Koreyanın nüvə proqramına qarşı ABŞ ilə əməkdaşlıq etməsindən asılı olaraq yenidən dəyişə bilər. Ona görə də, hələlik Amerika-Çin əlaqələrinin əsl həqiqətdə necə olacağı tam bəlli deyil.
- İqtisadiyyat: valyuta manipulyasiyalarının tənqidi
Tramp iqtisadi məsələlərdə də, özünün sərt üslubundan istifadə edir. O, bir tərəfdən Çini valyuta manipulyatoru adlandırmaq istəməsə də, amma digər tərəfdən bəyan edir ki, dollar hədsiz güclüdür. ABŞ prezidenti Federal Ehtiyatlar Sisteminin idarəetmə şurasına qarşı öz ittihamlarını irəli sürərək, faiz dərəcələrinin qaldırılması niyyətini bildirir. Bu barədə Tramp deyib: ”Dollar çox güclüdür. İnsanlar mənə etibar edirlər və buna qismən olsa da mən cavabdehlik daşıyıram. Yüksək məzənnəli dollar şəraitində digər ölkələrlə rəqabət aparmaq mürəkkəbləşir”.
ABŞ prezidentləri çox nadir hallarda valyuta məzənnəsini və mərkəzi bankın maliyyə siyasətini şərh edirlər. Trampın vergiləri azaldacağı və infrastruktur sahəsinə sərmayə yatırması barəsində verdiyi seçkiqabağı vədlərinə görə, dollar digər valyutalara nisbətdə son 14 ilin ən yüksək səviyyəsinə çıxıb.
Dolların yüksək məzənnəsinə görə xarici mallar ABŞ bazarına daha asan yol tapmağa başlayıb ki, bu da Amerikan sənayesinə neqativ təsir göstərir. Son dövrlər “Obamacare” səhiyyə proqramını əvəzləyəcək yeni qanun layihəsinin həyata keçirilməsindəki gecikmə, Trampın öz ideyalarını həyata keçirə biləcəyinə şübhələr yaradır. Bu isə səhmlərin məzənnəsinin aşağı düşməsinə gətirib çıxarıb.
Tramp, həmçinin son vaxtlar aşağı faiz dərəcələrinə olan sevgisini bildirib. Beləliklə də o, Federal Ehtiyatlar Sisteminin idarəetmə şurasına təzyiqlər göstərir. Belə ki, FES faiz dərəcələrini qaldırmaq istəyir. Amma bütün bunlara baxmayaraq, ABŞ dövlət başçısı Federal Ehtiyatlar Sisteminin sədri Canet Yellenə olan xoş münasibətini bu cür ifadə edib: ”Mən ona hörmət bəsləyirəm və onun işini bəyənirəm. O, öz vəzifəsində qalmalıdır”. Yəni Tramp Cannet Yellenin növbəti müddətdə də öz postunda qalacağna razıdır. Lakin əvvəllər Tramp onu hədsiz siyasiləşdiyinə görə tənqid edirdi.
Göründüyü kimi, Tramp ilk dövrlərlə müqayisədə dəyişiklik nümayiş etdirir. Ona görə də, maliyyə bazarları onun bu cür ziddiyyətli hərəkətləri və bəyanatlarına necə reaksiya verəcəyini bilmir. Elə bu səbəbdən də dünyanın digər aparıcı ölkələri də özlərini diqqətli aparmaq məcburiyyətindədirlər.
(The Asahi Shimbun-Yaponiya)
MilliYol.Az
Digər xəbərlər
loading...