AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi
Xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti hələ də ərazini tərk etməyib.
Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına açıqlamasında məsələnin artıq öz məcrasından çıxdığını deyib.
“ANS rəhbərliyi hələ də bizim ərazini tərk etməyib. İş ondadır ki, telefonlarımıza da cavab vermirlər ki, məsələnin nə yerdə qaldığını dəqiqləşdirə bilək. ANS rəhbərliyinin gətirdiyi bəhanələr çoxdan qurtarıb. Əvvəllər 2 həftədən bir olsa da, telefon əlaqələri mümkün olurdu. İndi isə çox absurd situasiya yaranıb. “Elm haqqında” Qanuna görə yeni təsdiqlənmiş nizamnaməmiz var. Artıq ərazimizi icarəyə də verə bilərik. Qanun çərçivəsində sahibkarlıq fəaliyyəti də göstərə bilərik. Zoologiya mərkəzi yaratmışıq. Digər işlər də həyata keçirə bilərik. Amma qarşı tərəf ərazini boşaltmaqla bağlı heç bir təşəbbüs göstərmir. Heç nə başa düşmürük. Əmlaklarını götürüb getmirlər ki, işimizi bilək”.
İnstitut direktoru deyir ki, yaxın vaxtlarda ANS-ə rəsmi məktub yazılacaq: “Səbrin də bir limiti var. Düşünürəm ki, 10 gün də dözək, sonra əməli işə keçmək olar. 10 gündən sonra rəsmi məktub yazacağıq. Güman ki, onların ev ünvanları var. Ev ünvanlarına bildiriş yazıb göndərəcəyik ki, 10 gün ərzində gəlib əşyalarını götürüb getsinlər. Əgər getməsələr, bələdiyyənin, sahə müvəkkilinin iştirakı ilə qapılar açıb ANS-in əşyalarını bayıra çıxaracaq, sonra da qapıları özümüz bağlayacağıq. Başqa variantımız yoxdur”.
Xatırladaq ki, telekanalın qapadılmasına səbəb ötən ilin iyununda Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.
Müsahibədən sonra “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.
O vaxtdan ANS-in yerləşdiyi binanın giriş qapısı bağlanıb, möhürlənib. Əraziyə polis əməkdaşları nəzarət edir.
MilliYol.Az
Digər xəbərlər
loading...