Vaxt azlığı bizi sevdiyimiz məşğuliyyətlərdən uzaqlaşdırır. Bəzən isə bu vaxt azlığı bizim özümüzü aldatmağımıza “kömək edən” bəhanəmizə çevrilir. Belə ki, işlərimizi bitirib, asudə vaxta sahib olanda da onu səmərəsiz keçirməyə üstünlük verir, istirahətimizi televizor qarşısında faydasız verilişlərə və başqalarının həyatlarına baxaraq keçiririk. Lakin əsl istirahətin başqa şeydə – kitab oxumaqda olduğunu unuduruq.
Bir çoxumuza məlumdur ki, mütaliə bizim beynimizin və ruhumuzun istirahəti üçün olduqca faydalı məşğuliyyətdir. Amma nədənsə buna vaxt ayırmağı çox da lazım bilmirik.
"Milli Yol" Pahoo.Az-a istinadən sizə bu səhvi düzəltmək gərəkdiyini sübut edəcək mütaliənin bəxş edəcəyi 8 üstünlüyü təqdim edir:
Qayğılardan uzaqlaşmaq
Bəli, gündəlik həyatımız stress, əsəb, gərginlik və ya sadəcə məişət problemləri ilə aşıb-daşa bilər. Müasir dünyanın ən böyük problemi olan qarmaqarışıqlıq və gərginlik isə məhz mütaliə ilə dəf edilə bilər. Siz hər hansı bir kitabı oxuyaraq, həmin məzmuna yüklənir və beyninizin stressdən uzaqlaşmasına, gündəlik qayğıları unudaraq fərqli düşünməsinə şərait yaratmış olursunuz.
Düşüncədə inqilab
Sizə beyninizin hansı çərçivələrlə əhatələndiyini ən yaxşı göstərəcək vasitə məhz kitabdır. Mütaliə edərək, siz get-gedə düşüncənizdə baş verən inqilabın şahidi ola biləcək, hər şeyə fərqli və əhatəli yanaşmağı öyrənməyi bacaracaqsınız. Düşüncə qabiliyyətinizin inkişafı sizin fərdi inkişafınıza birbaşa təsir göstərəcək.
Natiqlik yolunda irəliləmək
Gözəl nitq, yaxşı danışıq qabiliyyəti hər insanı bəzəyən bir xüsusiyyətdir. Mütaliə etdiyiniz kitablar sizin nitqinizi zənginləşdirir, söz ehtiyatınızı isə birə-beş artırır. Siz danışdığınız zaman insanlar çox mütaliə etdiyinizi dərhal hiss edə bilir və bu da onlarda xoş təəssürat formalaşdırır. Axı düzgün və səlis danışan insanları kim sevmir ki?
Öz gücünə əminlik
Kitablar sizi komplekslərinizdən də uzaqlaşdırmaq gücünə malikdir. Kifayət qədər ağıllı olmadığı düşünürsünüz? Sizdən ağıllı insanlarla söhbət etməkdən, axmaq təəssüratı yaratmaqdan qorxursunuz? Əbəs yerə. Bu qorxularla yaşamaqdansa, bacardığınız qədər çox kitab oxuyun. Kitab oxumağa ürəkdən vurulun və bunu öz həyat tərzinizə çevirin. Müəyyən zamandan sonra ağıllı insanların sizinlə söhbətə can atmasının şahidi olacaqsınız.
Daha yaradıcı, daha məntiqli
Kitab sizin həm sağ, həm də sol beyin yarımkürənizə işləyir. Siz kitab oxuduqca daha kreativ düşüncəyə sahib olur, hər şeydə fərqli çalarlar, mücərrədlik görməyə meylli olursunuz. Bundan başqa çox kitab oxumaq sizin yaddaşınızın və məntiqinizin inkişafına da kömək edir. Təhlil bacarığınız inkişaf edir, hadisələri kənardan dəyərləndirmək gücünüz artır.
Digər xəbərlər
loading...