MilliYol.Az “II Vice Mrs. Top of the World - 2015” titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzinin Sputnik Azərbaycan-a verdiyi müsahibəni təqdim edir.
- Tehranə, əvvəlcə özünüz haqqında danışın.
- Rusiyada doğulmuşam, amma milliyyətcə azərbaycanlıyam. Bununla belə, mənim türk, iranlı və alman köklərim də var. Mənim qanım qarışıqdır. Ailəmizlə birlikdə Samarada yaşamışam, lakin ardıcıl olaraq sevimli Azərbaycana gəlirdik, çünki burada nənəm yaşayırdı. Moskva Dövlət Pedaqoji Universitetinin hüquq fakültəsini bitirəndən sonra təhsilimi davam etdirmək qərarına gəldim və Samara Dövlət Universitetinin kliniki psixologiya istiqaməti üzrə qiyabi şöbəsinə daxil oldum.
- Siz ixtisasca hüquqşünas və psixoloqsunuz. Birdən-birə Azərbaycanın xüsusi təyinatlı qoşunlarında xidmət etmək qərarına gəldiniz. Bu, necə baş verdi?
- Azərbaycanın daxili qoşunları ilə müqavilə bağlayarkən düşündüm ki, prokurorluqda işləyəcəyəm, çünki bura mənə hamısından yaxındır. Eşidəndə ki, Azərbaycan DİN-in Daxili Qoşunlarının nəzdində qızlardan ibarət xüsusi təyinatlı qrup yaradılıb, ağlıma belə bir ideya gəldi ki, niyə də yox? Düşünürdüm ki, hər şey bizə filmlərdə göstərilən kimi olacaq. Amma hər şey əksinə oldu. Bizə çox çətin oldu, çünki bizimlə - qızlarla kişi kimi davranırdılar. Biz bütün günü məşq edirdik, hətta istirahətə də vaxt olmurdu. Mən təkcə fiziki olaraq deyil, psixoloji olaraq da yorulurdum. Mən təbiətən sakit insanam. Düzünü deyim, öz seçimimə görə çox peşman oldum. Amma tədricən hərbi formanı sevdim və özümü onsuz təsəvvür edə bilmədim. Hazırda hərbi xidmət mənim üçün birinci yerdədir.
- Sizin üçün ən çətin olan nə idi?
- Qızlarla bir komandada xidmət etmək ən çətini idi. Mən çalışırdım ki, heç kəsə fikir verməyim, öz işimlə məşğul olum. Tədricən hər şeyə alışdım. Biz həmişə günün altında məşq etməli olurduq və günəş yanığı alırdıq. Bu, dəhşət idi, çünki qızlar buna alışmamışdılar. Bundan sonra mən, hətta yaya nifrət edirəm və istəyirəm ki, həmişə qış olsun.
- Bəs ailəniz sizin orduda xidmət etmək arzunuzu necə qarşıladı?
- Əvvəlcə onlar razılaşmadılar. Dedilər ki, mənə çox çətin olacaq, amma fikrimdən döndərə bilmədilər. Sonra valideynlərim mənimlə fəxr etməyə başladılar. Çünki həm hərbi xidmətdə, həm də model biznesində uğurlar əldə etdim. Mənim yeganə səhvim hər şeyə çox sadəlövhcəsinə inanmağımdır. Hamıya inanıram, kömək etmək istəyirəm, amma sonra bunun əziyyətini çəkməli oluram.
- Bəs siz model biznesinə necə düşmüsünüz?
- Düzünü desəm, hərbi xidmətə başlayana qədər gözəllik yarışmalarında iştirak etməyi çox istəmişəm. Amma alınmayıb, çünki həmişə utancaq olmuşam. Həmişə iş mənə mane olub. Bakıda gözəllik müsabiqələrinin təşkilatçıları mənə Azərbaycanı nüfuzlu beynəlxalq gözəllik yarışmalarında təmsil etməyi təklif ediblər.
Əvvəlcə mənə qorxulu gəlirdi, çünki peşəkar model deyildim və hər şey mənim üçün yeni idi. Bilirdim ki, öz ölkəmi təmsil etməklə üzərimə çox böyük məsuliyyət götürürəm. Mən “Top of the World - 2015”-in ikinci vitse-missi adına layiq görüldüm. Bundan sonra məni dəfələrlə digər müsabiqələrə də dəvət etdilər. Lakin işimlə əlaqədar olaraq vaxt tapa bilmədim.
- Yəqin sizinlə birlikdə xidmət edən qızlar bu müsabiqədən sonra sizə həsəd aparmağa başladılar?
- Düşünmürəm ki, həsəd apardılar. Onlar bilirdilər ki, mən həmişə gözəllik müsabiqələri ilə maraqlanıram. Amma düşünmürdülər ki, bu işlə nə vaxtsa ciddi məşğul olacağam. Onlar mənə görə şad oldular. Düzünü desəm, müsabiqəyə gedəndə bu barədə heç kəsə xəbər verməmişdim. Sadəcə, mənim bir neçə rəfiqəm bilirdi. Mənim haqqımda yazılandan sonra xəbər tutdular və hamı şokda idi.
- Bəs modellər biləndə ki, onlarla birlikdə müsabiqədə xüsusi təyinatlılardan olan qız da iştirak edir, bunu necə qarşıladılar?
- Onlara bu qəribə gəlirdi, çünki heç vaxt belə halla rastlaşmamışdılar. Müsabiqədə iştirak zamanı hər kəs öz istedadını nümayiş etdirməli idi. Onların çoxu oxudu, rəqs etdi. Mən isə hərbçi olduğum üçün xüsusi təyinatlı qabiliyyətlərimi nümayiş etdirdim - döyüş sənəti texnikasını göstərdim. Hamıya maraqlı gəldi. Məndən sonra xeyli hərbçi qız model olmaq qərarına gəldi. Mənim iştirakımın onlara stimul verdiyini görmək xoşdur.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...