Rəsmilər hər nə qədər Azərbaycan səhiyyəsinin yüksək inkişafından ağızdolusu danışsalar da, onların hərəkətləri başqa məqamlardan xəbər verir. Həqiqətən də bu gün ölkə klinikalarının əksəriyyəti yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunub, savadlı, peşəsini sevən, xəstəyə gəlir mənbəyi kimi baxmayan həkimlərimiz də var. Amma belələri çox deyil.
Bəlkə bu səbəbdən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov ürək əməliyyatı üçün təcili olaraq İsrailə aparıldı.. Bəs səhiyyə naziri Oqtay Şirəliyevin Almaniyada müayinə olunmasına nə deyək?... Olmazdı ki, dönə-dönə səhiyyəmizin inkişafından danışan rəsmilərimiz müalicə üçün xaricə deyil, yerli klinikalara üz tutaydılar?... Axı bununla nümunə göstərmiş olardılar...
MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev açıqlamasında məsələ ilə bağlı müzakirəni yersiz adlandırıb:
"Ola bilər həmin məmurun, nazirin, yaxud imkan və əlaqələri yaxşı olan şəxsin elə bir xəstəliyi var ki, onun Azərbaycanda müalicəsi yoxdur, yaxud yüksək risklə müşahidə edilir. Doğrudur, Azərbaycanda səhiyyə çox yüksək səviyyədə inkişaf edir. Amma ən müasir texnologiyalar və onun tətbiqini bacaran mütəxəssislər çox sayda deyil. Bu baxımdan elə bir mürəkkəb əməliyyat olar ki, istər adi vətəndaş, istərsə vəzifəli şəxs başqa ölkədə müalicə ala bilər.
Digər tərəfdən, bəlkə həmin şəxsin beynəlxalq sığortası və həmin sığorta ilə dünyanın istənilən klinikasında müalicə almaq hüququ var. Buna da mane olmaq doğru deyil. Hər il 50 mindən 70 minə qədər insan başqa ölkələrdə müalicələrə, sanatoriyalara, kurortlara gedir, bir sözlə, səhiyyə turizmi ilə məşğul olur. Amma bu insanların hamısı dövlət məmuru, vəzifəli şəxslər deyil. Məsələnin bu tərəfinə baxılmır. Ancaq hansısa nazir, deputat, vəzifəli şəxs xaricdə müalicə aldı kimi baxılır".
M.Quliyev bildirib ki, harada, necə müalicə alması, hər bir vətəndaşın öz qərarıdır:
"Bu hər bir şəxsin hüququdur və seçim də onundur. Amma nəzərə almaq lazımdır ki, 5 nəfər imkanlı şəxs xarici ölkəyə müalicəyə gedibsə, yüzlərlə insan da Azərbaycanda müalicə alır. Buna xüsusi qısqanclıqla yanaşmağı doğru hesab etmirəm. Hər kəsin sağlamlıq hüququ özünə məxsusdur və imkanları daxilində istifadə etməkdə sərbəstdir. Bu o demək deyil ki, Azərbaycan səhiyyəsinin bu imkanları yoxdur, yaxud səhiyyəyə etibar yoxdur. Doğrudan da mürəkkəb əməliyyat, diaqnostika və müalicəsi yüksək risklə müşahidə edilən xəstəlikdirsə, insan daha çox inandığı bir klinikanı seçməkdə sərbəstdir. Bu da tam normaldır".
Deputat bu tip məsələlərin mətbuatda müzakirəsini demaqogiya adlandırıb:
"Ümumilikdə bunların Azərbaycan səhiyyəsinə inamsızlıqdan irəli gəldiyi fikirləri doğru söhbətlər deyil. Azərbaycanın tam böyük əksəriyyəti ölkəmizdə müalicə və müayinə olunur. Cənab prezidentin göstərişilə ötən il 5 milyona qədər insan məcburi dispanzerizasiyadan keçib. Bu il də proses davam edir. Səhiyyə Nazirliyinin statistikasına baxsaq, hər il yüz minlərlə insan Azərbaycanda uğurlu müalicə alır. Bununla yanaşı, il ərzində 70 minə yaxın insan başqa ölkəyə də gedir. Bu tam normal bir şeydir. Dünyanın hər yerində olan məsələdir. Yəni bir ölkənin prezidenti gedib başqa bir ölkədə müalicə alır, yaxud bir ölkənin Baş naziri gedib başqa bir ölkədə müayinə və müalicə olunur. Buna normal baxmaq lazımdır. Dünyanın heç bir yerində belə məsələləri müzakirə etmirlər. Bu cür məsələləri müzakirə etmək qeyri-etikdir. Kimsə haradasa dincəldi, kimisə qonaq dəvət etdi, yaxud qonaq getdi, bunlar ictimai əhəmiyyət kəsb etməyən məsələlərdir".
Tibb elmləri doktoru, professor Adil Qeydbullanın isə məsələyə yanaşması fərqlidir. A.Qeybulla deyib ki, azərbaycanlıların xaricə müalicəyə getməsi sübuta ehtiyacı olmayan faktdır:
"Bu gün Almaniyada böyük bir şəbəkə yaranıb. Aradüzəldənlər, vasitəçilər, klinikaya xəstə aparanlar, yaxud aparıcı mütəxəssislərlə əlaqələndirənlər şəbəkəsi var. Bunlar korporativ maraqlara xidmət edən bir şəbəkədir. Təəssüflər olsun ki, xaricə müalicəyə gedən məmurlara orda bir sual verən yoxdur ki, "bu 26 il ərzində Azərbaycanda necə səhiyyə qurmusunuz ki, xırda bir əməliyyat üçün durub bura gəlirsiniz". Digər tərəfdən, Azərbaycan səhiyyəsinin qurulmasına məsul olan qurumlar buna aydınlıq gətirməlidirlər".
Professor düşünür ki, məmurlar Azərbaycan səhiyyəsinə güvənmədiklərinə görə xaricə gedirlər:
"Onlar Azərbaycan səhiyyəsinə güvənmirlər, səhiyyəni saymırlar və buradakı durumla hesablaşmırlar. Kifayət qədər vəsaitləri var. Ona görə də xaricdə müalicə almaq onlar üçün problem deyil. Bütün səbəblər bundan ibarətdir. Yekəxanalıq, saymazlıq, həddən artıq vəsaitin olması. Bu 3 amil hər zaman onlara stimul verib".
A.Qeybulla inkişaf edən ölkə səhiyyəsinə inamın yüksəldilməsi istiqamətində yetərincə iş görülmədiyi qənaətindədir:
"Qeyd etmək lazımdır ki, sovet dövründən Azərbaycanda müəyyən qədər təbabət formalaşıb. Hər halda bizim təbabət Afrika təbabəti deyil. İkincisi, son illər Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının güclənməsi üçün xeyli iş görülüb, kapital qoyulub, diaqnostik müəssisələr tikilib, regionlardan çox sayda mütəxəssislər cəlb edilib. Bu gün mürəkkəb əməliyyatların hamısı olmasa da, xeyli hissəsi Azərbaycanda icra edilir. Dünənə qədər bizə fantaziya kimi gələn əməliyyatlar adi əməliyyatlara çevrilib. Aorta koronar şuntlama, stendləmə əməliyyatları adi bir əməliyyat kimi uğurla icra edilir. Bu, inkişafdır. Bu inkişafa stimul vermək əvəzinə vəzifəlilər bu cür davranış sərgiləyirlər".
A.Qeybullanın sözlərinə görə, ən yüksək inkişaf etmiş ölkələrin belə, səhiyyəsində problemlər var:
"Necə olur ki, adicə icra başçısı xırda bir əməliyyatdan ötrü xaricə üz tutur? Mən hesab edirəm ki, milli səhiyyəyə sayğımız, güvənimiz olmalıdır. Onun bütün naqislikləri də bizimdir, müsbət cəhətləri, inkişafı da bizimdir. Məmurların borcudur ki, naqislikləri, nöqsanları aradan qaldırsın, icbari tibbi sığortanın tətbiqi, vətəndaşların sosial müdafiəsinin təşkili kimi məsələlərlə məşğul olsunlar. Mən sizə tam əminliklə deyirəm ki, səhiyyəsi ən yüksək inkişaf etmiş ölkələrdə belə, problemlər mövcuddur. Amerika kimi səhiyyə büdcəsi federal büdcədən yüksək olan ölkədə, o səhiyyədən yararlana bilməyən xeyli sayda vətəndaş var. Azərbaycan balaca bir ölkədir. Səhiyyəyə ayrılan vəsait artdıqca, həmin vəsait lazımi səviyyədə xərcləndikcə, vəziyyət düzələcək. Biz daxili resurslarımıza, dəyərlərimizə üstünlük verməliyik, qiymətləndirməliyik ki, hər kəsə örnək olsun".
MilliYol.Az
Digər xəbərlər
loading...