"The İndependent" yazır ki, Rusiya və İran Birləşmiş Ştatlara onların da "qırmızı xətlərinin" olduğu barədə xəbərdarlıq ediblər
Moskva və Tehran bəyan ediblər ki, ABŞ bu qırmızı xətləri keçsə, onlar da "gücdən istifadə etməklə" cavab verəcəklər.
Suriyada törədilmiş kimyəvi hücuma cavab olaraq ötən cümə günü Birləşmiş Ştatların Suriyanın Xan Şeyxun hərbi aerodromuna raket zərbələri endirməsinin ardınca, prezident Bəşər əl-Əsədi dəstəkləyən alyans birgə bəyanatla çıxış edib.
Bu bəyanatda deyilir ki, gələcəkdə "qırmızı xətti kimin keçməsindən asılı olmayaraq", ona qarşı qətiyyətli cavab tədbiri görüləcək.
"Amerikanın Suriyada həyata keçirdiyi təcavüz qırmızı xəttin keçilməsi deməkdir. Bundan sonra biz kim olmasından asılı olmayaraq hər hansı təcavüzkara və ya qırmızı xətlərin keçilməsinə güclə cavab verəcəyik və Amerika bizim cavab verməkdə qüdrətimizi bilir" - deyilir qrupun vahid komandanlıq mərkəzinin bəyanatında.
ABŞ prezidenti Donald Trump deyib ki, Homs yaxınlığındakı Şayrat aerodromuna 60 Tomahawk raketi ilə zərbə endirilməsi "dünyanı təmsil edirdi".
Suriya qüvvələri tərəfindən Xan Şeyxunda həyata keçirildiyi iddia olunan kimyəvi hücum nəticəsində 70 nəfər həlak olub.
Ekspertlər ölümlərə guya qiyamçıların kimyəvi silah qurğusunun səbəb olduğu barədə iddianı rədd edirlər.
Britaniya, ABŞ və Fransa cənab Əsədin rejimini, müxalifətin nəzarətində olan şəhəri qazla boğmaqda ittiham edirlər, lakin Dəməşq iddia edir ki, o özünün kimyəvi silah cəbbəxanasını beynəlxalq birliyin tələbi ilə, hələ 2013-cü ildə məhv edib.
Amma Rusiya Müdafiə Nazirliyinin bəyanatı bu iddia ilə ziddiyyət təşkil edir. Nazirlik bildirmişdi ki, kimyəvi qazlarla zəhərlənmə Suriya hökumət aviasiyasının bombardmanı zamanı qiyamçıların zəhərli qazları hazırladığı emalatxananın dağılması nəticəsində baş verib.
Birləşmiş komandanlıq habelə bəyan edib ki, raket zərbələri onun Suriyanı "azad etmək" missiyasını dayandırmayacaq.
Bu da əlavə edilir ki, Suriyanın şimalında ABŞ-ın hərbi kontingentinin mövcudluğu qanunsuz "işğal" deməkdir.
Putin və İran prezidenti Həsən Ruhani kimyəvi hücumun obyektiv araşdırılmasına çağırıblar.
ABŞ-ın dövlət katibi Reks Tillerson deyib ki, Moskva Suriyanın kimyəvi silahının məhv edilməsi barədə 2013-cü il razılaşmasına əməl etməyib.
ABC telekanalının This Week proqramına müsahibəsində cənab Tillerson deyib ki, Əsədin kimyəvi silahlarının məhv edilməsi üçün məsuliyyəti məhz Moskva üzərinə götürmüşdü.
Bununla belə cənab Tillerson Rusiyanı sözü gedən kimyəvi hücumda bilavasitə ittiham etməyib.
Lakin o deyib ki, ABŞ Rusiyanı özünün Suriya siyasəti barədə təkrar düşünməyə çağırır.
O bildirib ki, məhz bu siyasətə görə hər dəfə bir dəhşətlıi hadisə baş verəndə, Rusiya da məsuliyyətə bulaşmış olur (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...