Dollar manat qarşısında ucuzlaşmaq davam edir. Mərkəzi Bankdan verilən məlumata görə, aprelin 7-də manatın dollara qarşı rəsmi məzənnəsi 1,7031 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, aprelin 6-da USD/AZN rəsmi məzənnəsi 1,7140 manat təşkil edib. Banklarda isə dolların həm alış, həm də satış qiymətləri rəsmi məzənnədən aşağı olub. Dollara tələbatın azalması ilə yanaşı, banklarda dolları manata dəyişməkdə də problem yaşanır.
Bəs, görəsən hazırda dolların ucuzlaşmasının əsas səbəbləri nələrdir? Bazara inzibati müdaxilə olmasaydı, hazırda manatın dollara qarşı real bazar dəyəri nə qədər olardı?
Musavat.com-un bu suallarını dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, bu ayın sonuna qədər manatın ucuzlaşması gözlənilmir: “Ötən ayın sonlarında qeyd etmişdim ki, apreldə dolların yenidən bahalaşacağını gözləməyə dəyməz. Düzdür, müəyyən həftələr ərzində kiçik sıçrayışlar baş verə bilər. Ancaq bütövlükdə növbəti ay ərzində də manatın mövqeyi heç bir kəskin hücuma məruz qalmayacaq. Bunun həm daxili, həm də xarici səbəbləri vardır. Xarici səbəblər əsasən odur ki, dollar ümumiyyətlə, dünya bazarında da əvvəlki tək möhkəmlənmir və FES-in sonuncu dəfə - yəni bu ilin mart ayında uçot dərəcəsini cəmi 2 aylıq aralıqdan sonra növbəti dəfə artırmasına baxmayaraq, o bu dəfə dünya birjalarında faktiki olaraq heç bir nəinki ajiotaj, hətta reaksiya belə, yaratmadı. İkincisi, neftin qiyməti stabildir və bir ara ABŞ-da ehtiyatlara dair müvafiq açıqlamaya, o cümlədən, şist hasilatının da durmadan genişlənməsinə baxmayaraq, o nəinki ucuzlaşmır, hətta bahalaşmağa meyl göstərir”.
Daxili faktorlara gəldikdə isə, P.Heydərov qeyd etdi ki, ən önəmli məqam banklarda dollara tələbatın azalmasıdır: “Mərkəzi Bankının ayın 6-da keçirdiyi valyuta hərracına çıxardığı 35 milyon dollar həcmində vəsaitdən banklar tərəfindən cəmi 7 milyon 300 min dolların alındığı bildirildi. Bu, nəyi göstərir? Birincisi, banklarda xarici valyuta çoxdur, ikincisi, üstəlik, manat da istənilən səviyyədə yoxdur. Sonuncu barədə qeyd edim ki, Azərbaycanda pul bazası bu il aprelin 1-nə 7 milyard 277,5 milyon manat təşkil edib. Bu, martın 1-i ilə müqayisədə 290,5 milyon manat və yaxud 4,2% çox olsa da, ilin əvvəli ilə müqayisədə ölkədə nağd pul kütləsi 583 milyon manat və yaxud 7,4 % azdır”.
İnzibati amillər olmasa idi, manat və dollar münasibətinin necə olacağı ilə bağlı sualımızı cavablandıran iqtisadçı vurğuladı ki, indiki halda Azərbaycanda özütənzimlənən sərbəst maliyyə bazarından söhbət gedə bilməz: “Ölkəmizdə valyuta mübadiləsi prosesi və ya bazarı iqtisadiyyatdakı tendensiyaların özünün belə tam olaraq sərbəst olmadığı və idarəolunan, yəni ciddi şəkildə dövlət tərəfindən tənzimlənən olmasından asılı olaraq, azad deyil. Odur ki, inzibati amillər nəyə deyilir, aydın deyil. Ölkədə məsələn, enerjidaşıyıcılarının qiymətləri tənzimlənir, dövlət tərəfindən müəyyən edilir, belə şəraitdə hansı özütənzimlənən maliyyə bazarından söhbət gedə bilər ki... Ölkədə dollar təklifi ilə çıxış edən təkcə, Neft Fondudur, dövriyyədən artıq manat kütləsinin yığışdırılmaması hansı məntiqə xidmət edə bilər? Xüsusən də, ortalıqda heç bir iqtisadi aktivlik elementləri də olmadığı şəraitdə... Odur ki, “manat real məzənnəsini tapmalıdır” demək və bu cür yanaşma, absurd fikir və mövqedir. Dolların bizdə məzənnəsini neftin dünya bazarındakı qiyməti müəyyən edir. Neftin dünya bazarındakı qiyməti 50 dollardan aşağı düşməsə, dollar bahalaşan deyil”.
MilliYol.Az
Digər xəbərlər
loading...