790 manat maaşla milyonluq villa almaq olarmı?
Xətai rayonu, Cavanşir küçəsində yerləşən və sökülməsi gözlənilən yataqxanalar haqda reportaj hazırlamağa gedərkən bu malikanə diqqətimizi çəkdi.
Kasıb, 1 otaqlı yataqxanaların arasında yerləşən bu imarət kimə lazım idi? Sanki onlara nisbət edirmiş kimi 4-5 metr hündürlükdə hasara alınmış bu imarətin sadəcə kosmetik xərclərinə 1 normal ev almaq olardı.
Əvvəlcə düşündük ki, hansısa biznesmen, iş adamı buranı bəyənib və belə bir villa tikdirib. Normaldır. Amma sonra musavat.com saytı bəhs etdiyimiz ünvanda yerləşən bu malikanə barəsində maraqlı informasiya əldə edib.
Məlumat mənbəyimiz adının açıqlanmasını istəməsə də, maraqlı iddialar irəli sürdü. Onun sözlərinə görə, milyonluq imarətin sahibi Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyevdir.
Rafiq Quliyev kimdir?
Rafiq Quliyev uzun müddətdir ki, Xətai rayonunda işləyir. Belə ki, o, 1997-ci ildə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifəsində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək İcra Hakimiyyəti Başçısının müavini, 2013-cü ilin dekabr ayından Başçının 1-ci müavini vəzifəsində çalışır. Yəni ki, bu villadan azı 4-5 ədəd almaq üçün vaxtı olub.
Gördüyünüz bu fotoda, sağ tərəfdə 10 nəfərlik ailə üzvü ilə birgə 1 otaqda yaşamağa çalışan insanlar və iddialara görə, sol tərəfdə gördüyünüz villada isə sadəcə iki övladı olan və maaşla çalışan Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev yaşayır.
Maaşdan bəhs etmişkən, Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev nə qədər maaş alır? Cavab çox sadədir.
Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır. Xətai rayonunun əhalisi 01.01.2014-cü il tarixində hesablanan statistik rəqəmlərə görə, 267.2 min nəfərdir. Yəni ki, Rafiq Quliyev 790 manat maaş alır. Bu maaşla bu villanı tikmək olarmı?
Təbii ki, həmin villanın sahibinin Rafiq Quliyev olması barəsində məlumatlar sadəcə iddia olaraq qalır. Çünki bu villa həqiqətən onun olsa belə, sənədlərdə adı keçəcəyini düşünmürük. Bu, artıq alışılmış bir haldır. Bütün mal-mülk qohumların, qonşuların və ya soy adı fərqli olan yaxın insanların adına olur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...