Azərbaycan 2016-cı ildə 2176 ton uşaq qidasına 17 milyon dollar sərf edib
Yeddi il öncə dövlət, qeyri-qanuni şəkildə sahibi olan sabiq deputatın ölkədə yeganə uşaq qidası istehsal edəcək müəssisəsinin yaradılmasına 3.7 milyon dollar məbləğində kredit ayırmışdı.
Hazırda isə müəssisənin veb səhifəsini tapmaq mümkün deyil, şirkət isə artıq bu layihədə maraqlı olmadığını bildirir.
2010-cu ilin fevral ayının 2-də “Diplomat-1” şirkətinə uşaq qidası istehsalatı üçün zavodun tikinti işlərinə 3,7 milyon dollar güzəştli kredit ayrılıb. Zavod ümumilikdə 16.2 milyon dollar məbləğində dəyərləndirilib, onun istehsal edəcəyi uşaq qidasının isə 2000 ton həcmində olacağı gözlənilirdi ki, bu da ölkədə olan uşaq qidası tələbatını ödəmək gücünə malik olacaqdı.
Beynəlxalq marketinq statistik məlumatlarına görə, “Diplomat-1” şirkəti məşhur “HiPP” uşaq qidası brendinin əsas distrübutorlarından biridir və Azərbaycan bazarında 20% paya sahibdir.
“Diplomat-1” şirkətinin sahibi Aslan Cəfərovdur. Onun adı, həmçinin, həmin il parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri siyahısında da yer almışdı və Milli Məclisə də YAP namizədi olaraq 2010-2015-ci illər ərzində deputat olmuşdur. 2015-ci il seçkilərində isə A.Cəfərov partiyanın siyahısında olmayıb. Habelə o, Moskvada yerləşən “AST Şirkətlər Qrupu”-nun vitse-prezidenti Abbas Abbasovun yaxın qohumudur. A. Abbasovun kiçik oğlu Cəfərovun bacısı qızı ilə evlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndinə əsasən, Milli Məclis deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilməlidir.
Kredit ayrılandan yeddi il sonra Abşeron rayon İcra Hakimiyyətinin saytında Masazır qəsəbəsində uşaq qidası müəssisəsi tikildiyi haqda məlumat olsa da, onun fəaliyyəti haqqında heç bir məlumatın olmadığı bildirildi. Azad İstehlakçılar Birliyi, Səhiyyə Nazirliyi də Azərbaycanda uşaq qidası məhsulunun istehsal olunduğu müəssisə haqqında heç bir məlumatın olmadığını bildirirlər.
Abşeron Rayon İcra Hakimiyyətində müəssisənin fəaliyyəti haqqındakı sualları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlamağı tövsiyyə etdilər. İqtisadiyyat Nazirliyinin verdiyi açıqlamada isə bildirilir ki, adıçəkilən müəssisənin uşaq qidasının istehsalına dair investisiya layihəsinə ayrılmış güzəştli kredit, layihənin icrası gecikdirildiyinə görə Sahibkarlığa Kömək Milli Fondunun müvafiq xəzinə hesabına geri qaytarılıb.
Müəssisənin mövcud olduğu ünvan yalnız Fondun veb saytındadır. Saytda müəssisənin tikiləcəyi yerin bir fotosu və tikinti layihəsinin “118 yeni iş yeri açılacaq” kimi bir neçə məlumtla müşayiət olunduğunu görmək olar.
Azərbaycan Prezidentinin sərəncamına görə, “2008-2015-ci illərdə əhalinin etibarlı ərzaq təminatına dair Dövlət Proqramı” qəbul olunub. Həmin sənədin 5.11.16-cı bəndinə əsasən, hökumət ölkədə uşaq qidası istehsal edən müəssisələrin yaradılması üçün İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə xüsusi tapşırıq verilib.
02 fevral 2010-cu il tarixdә Sahibkalara Kömək Milli Fondunun rəsmi saytında, habelə mətbuat orqanlarında bu istiqamətdə kredit qoyuluşu üçün investisiya müsabiqəsi elan edildiyi qeyd edilir. Həmin tenderdə “Diplomat-1” şirkətinin qalib gəldiyi göstərilir.
Eyni zamanda, İqtisadiyyat Nazirliyinin 2010 və 2011-ci il hesabatlarında da uşaq qidasi istehsal edəcək müəssisə barədə məlumat verilir.
Fondun hesabatında da qeyd edilir ki, Almaniyanın “Hipp Şirkəti”, “Diplomat-1” və “Azərbaycan İnvestisiya Şirkəti” arasında müqavilə bağlanıb. Fondun 2010-cu il üzrə illik hesabatında tender və kredit haqda məlumat da qeyd edilib.
“Euromonitor İnternational” təşkilatının “Baby Food in Azerbaijan” adlı 2016-cı il üzrə hesabatında yer alan məlumata görə, Diplomat-1 şirkəti “HiPP”-in distribütoru kimi qeyd edilir. Hesabatda “Diplomat-1” şirkətinin 20 faiz payı olduğu göstərilir.
Aslan Cəfərov Milli Məclisi 2015-ci ildə tərk edib. “Diplomat-1”-in məlum olan daha bir biznesi də var – “Xına” gözəllik salonlar şəbəkəsi. Rəsmi sənədlərdə “Diplomat-1” şirkəti bu şəbəkə üçün 2016-cı ilin 9 ayında 300 ədəd bərbərxana avadanlığını aldığı göstərilir.
Digər maraqlı bir məqam isə, “Diplomat-1” şirkətinin hüquqi ünvanında fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “LOTOS CO. LTD” şirkətinin də qeydiyyata alınmasıdır. Vergilər Nazirliyinin məlumat bazasında hər iki şirkət 5-6 ay ara ilə eyni ildə qeydiyyatdan keçib. “LOTOS CO. LTD” 30.06.1995-ci ildə, maliyyə ili isə 01.01-31.12 göstərilir. . Şirkətlərin qeydiyyatda olduğu ofis bina sökülüb, yerində isə çoxmərtəbəli bina tikilib. Hər iki şirkət isə başqa-başqa ünvanlarda fəaliyyət göstərirlər.
“Diplomat-1” verilən sualları rəsmi şəkildə tələb edib alsa da, uzun müddət ünvanlanan suallardan yayınıb. Yalnız bir ay sonra şirkət Aslan Cəfərovun məsələ ilə bağlı heç bir şərh vermək istəmədiyini, bu məsələnin artıq gündəmdə olmadığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...