Xəbər verdiyimiz kimi, Renat Dadaşovun millimizdən imtina edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Almaniya mətbuatının iddiasına görə, Azərbaycan - Almaniya oyununda oynamaq şansı qazanmaması gənc futbolçunu narahat edir.
Bu səbəbdən o, qərarını dəyişə bilər. Almaniya millisi üçün qapıları bağlamayan 18 yaşlı forvardın yığmamızda debüt etmədiyi üçün qərarını dəyişmək hüququ var.
MilliYol.Az fanat.az-a istinadən xəbər verir ki, Renat iddialarla bağlı açıqlama verib. Gənc futbolçu Almaniya mediasına bunları deyib: "Azərbaycan yığmasındakı gələcək karyeram haqda indi danışa bilmərəm. Bunu zaman göstərəcək. Hazırda çox danışmağa vaxtım yoxdu. Çünki ABŞ-a uçuram. Səfərimin səbəbi şəxsi işlərimdi. Bu barədə sonra danışarıq. İndi nəsə deyə bilmərəm. Yaşayarıq, görərik".
Qeyd edək ki, Renat əvvəllər ölkəmizin U-15 yığmasında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15 millisində oynamağa qərar verən Dadaşov ardınca U-16 və U-17-nin formasını geyinib. Qısa zamanda Bundestimin aparıcı futbolçusuna çevrilmiş Dadaşov Azərbaycanda keçirilən U-17-lər arasında Avropa çempionatının final mərhələsində də oynayıb.
Onu da qeyd edək ki, "Bild" qəzeti Renatın Azərbaycan millisində oynamaq üçün AFFA-dan 1 milyon dollar pul və ev aldığını iddia etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...