Bu gün səhər saatlarından etibarən Bakının, eləcə də ölkənin bir sıra rayonlarının üzərini qatı toz-duman qatı örtüb. Toz qatı bəzi yerlərdə o qədər güclü olub ki, havanın buludsuz olmasına baxmayaraq Günəş belə görünməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Lent.az-a açıqlamasında deyib ki, artıq ikinci gündür Azərbaycanın üzərinə cənub istiqamətindən toz kütlələri daxil olur: “Bunun səbəbi Ərəbistan yarımadasında artıq 4 gündür ki, davam edən toz burulğanlarıdır. Artıq mayın 27-də axşam saatlarında atmosferdəki toz kütlələri Azərbaycana da çatıb. Lakin həmin gün və dünən hava şəraiti elə idi ki, bu o qədər də hiss edilmirdi və atmosferdəki tozun miqdarı 1 kub metr üçün 27-30 mikroqram həddində idi. Lakin bu gün toz kütlələrinin həcmi daha da artıb və gözlə görünəbilən səviyyə çatıb. Hazırda Bakıda havada tozun miqdarı 1 kubmetr üçün 47 mikroqrama çatıb”.
Nazirlik rəsmisi əlavə edib ki, son günlər Türkmənistan səhralarında da qum burulğanları qeydə alınır və Xəzər dənizi üzərindən də ölkəmizə tozlu hava kütlələri daxil olur: “Lakin bununla belə əsas çirkli hava kütlələri Ərəbistan istiqamətində daxil olub. Sabahdan etibarən toz kütlələrinin çökəcək və hava açılacaq”.
M.Avazova onu da bildirib ki, havada tozun miqdarı ilə bağlı norma 1 kub metrdə 50 mikroqram səviyyəsindədir: “Əgər atmosferdə bu səviyyədən artıq tozluluq müşahidə edilərsə əhaliyə xəbərdarlıq edilə bilər”.
Qeyd edək ki, hazırda ölkədə müşahidə edilən hava şəraiti əsasən tənəffüs yolları və ürək-damar xəstəlikləri olanlar üçün əlverişsizdir.
MilliYol.Az
Digər xəbərlər
loading...