Bu günlərdə Novator.az saytı din və terror mövzulu dəyirmi masa keçirib.
Dəyirmi masada çıxış edən siyasi ekspert İmdad Əlizadə bildirib ki, müsəlman ölkələrinin əksəriyyətində olduğu kimi Azərbaycanda da islam dinindən sui-istifadə halları geniş yayılıb. O qeyd edib ki, radikal dindarlar bunu dinin tələbləri, “Quran” ayələri və hədislərlə izah etməyə çalışırlar: “Guya onlar islam dinini qoruyurlar. Amma həmin radikalların fəaliyyətinə, əməllərinə diqqət yetirəndə onların dinlə heç bir əlaqələrinin olmadığı, dindən öz məqsədlərinə çatmaq üçün sui-istifadə etdikləri ortaya çıxır. Onların Əfqanıstan, Suriya və İraqda törətdiyi əməllərə baxmaq kifayətdir. Məsələn, İŞİD Suriyanın Palmira şəhərində qədim Baal-Şamin məbədini yerlə yeksan edib. Palmira UNESCO-nun Bəşəriyyətin Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qədim şəhərdir. Amma terrorçular bu qədim şəhəri yerlə bir ediblər. Onlar Palmiradakı Baalşamin məbədini də partladıblar. Yaxud Əfqanıstanın Sar-e-Pul əyalətində ərzaq almaq üçün mağazaya tək gedən qadının başının kəsilməsini hansı dinlə, hansı dinin tələbləri ilə əsaslandırmaq olar? Əfqanıstanda, İraqda, Suriyada aşkarlanan kütləvi məzarlıqlar necə olsun? Bütün bunları radikal dindarlar, əslində dindarlıqdan çox uzaq olan terrorçular törədiblər”.
İmdad Əlizadə Azərbaycandan gedərək İŞİD, “Taliban” və digər terrorçu qruplara qoşulan şəxslərlə bağlı dövlətin gördüyü tədbirlərə də toxunub. Onun sözlərinə görə, 2016-cı ildə Dövlət Miqrasiya Xidməti xaricdə dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak edən 58 nəfərin Azərbaycan vətəndaşlığından çıxarılması üçün məhkəməyə müraciət edib və məhkəmələr həmin şəxslərin vətəndaşlığını ləğv edib.
Ümumilikdə 900 nəfərə yaxın Azərbaycan vətəndaşının terrorçu təşkilatlara qoşulduğunu söyləyən İmdad Əlizadə onların əksərinin gənc olduğunu vurğulayıb: “Rəsmi məlumata görə, həmin şəxslərin bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb”.
İmdad Əlizadə xaricdə terrorçu qruplaşmalara qoşulan azərbaycanlıların vətənə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib: “Azərbaycan məhkəmələri xeyli sayda belə işə baxıb və xaricdə terrorçu qruplaşmalara qoşulanlar uzun müddətə azadlıqdan məhrumetmə cəzaları alıblar. Bundan başqa hökumət dini radikalizmlə və terrorçuluqla mübarizə sahəsində qanunvericiliyin tələblərini sərtləşdirib, cəzaları ağırlaşdırıb. Amma bunlar kifayət deyil. Həm ölkəni, həm də islam dinini qorumaq üçün dindən sui-istifadə edənlərə qarşı daha ciddi tədbirlər görülməsi zəruridir”.
Azərbaycanlı gənclərin radikal dindara çevrilməsi və terrorçu təşkilatlara qoşulmasının səbəblərinə gəlincə, ekspert söyləyib ki, buna müxtəlif amillər təsir göstərir: “Bu barədə danışarkən sosial-iqtisadi çətinliklərə, dini savadın az və maarifləndirmə işlərinin zəif olmasına diqqət yetirmək lazımdır. Aparılan araşdırmalar və terrorçu qruplaşmalardan ayrılan şəxslərin özlərinin etiraflarına görə, bir çox halda radikal qruplar gənclərin üzləşdiyi işsizlikdən və sosial problemlərdən yararlanaraq onları öz sıralarına qoşurlar. Məlumdur ki, dünyada bir çox radikal qrup və terror təşkilatı güclü maliyyə mənbəyinə malikdir. Onlar öz sıralarını genişləndirmək məsələsində maddi şirinikləndirmədən geniş istifadə edirlər. Məqsədlərinə çatmaq üçün hədəf kimi həssas sosial qrupları – maddi problemlərdən və işsizlikdən əziyyət çətən təbəqəni seçirlər. Radikal qruplar və terrorçular işsiz gənclərə böyük vədlər verərək onları öz sıralarına qoşur.
Suriya və İraqda terrorçu qrupların tərkibində döyüşmüş və Azərbaycana qayıtdıqdan sonra məhkəmə qarşısına çıxarılmış şəxslərin ifadələrindən də belə məlum olur ki, onlar döyüşlərdə iştirak etdiklərinə görə ilk dövrlərdə hər ay “maaş” alırmışlar. Bundan başqa terrorçulara qoşulan xeyli adam İraq və Suriyaya öz ailələrini də aparıb. Bu da onlara vəd olunan təminatlı həyatla bağlıdır”.
İmdad Əlizadə bildirib ki, gəncləri terrorçu təşkilatlara cəlb edənlər onlara nəinki bu dünyada, hətta öləndən sonra axirətdə də “cənnət” vəd edirlər: “Bu “cənnət” vədinin özü də çox maraqlı və əslində cəlbedicidir. Radikal qrupların nümayəndələri dini və siyasi əqidəsi tam formalaşmamış gəncləri hədəf kimi seçirlər. İlk mərhələdə onlara bütün problemlərin öhdəsindən ibadət etməklə gəlməyin mümkün olduğu, yaşanan çətinliklərin Allahın sınağı olduğu fikri aşılanır. Əslində işin bu hissəsində bir problem yoxdur. Amma təbii ki, dini radikal qruplar bununla kifayətlənmirlər. Sonrakı mərhələdə həmin gəncləri öz dini təriqətlərinə qoşmaq üçün fəaliyyətə başlayırlar. Onlar öz məqsədlərinə çatmaq üçün təmsil etdikləri dini məzhəb və təriqətin daha üstün olduğunu və məhz onların Allahın və Məhəmməd peyğəmbərin yolu ilə getdiklərini söyləyirlər.
Növbəti mərhələ isə həmin gəncləri daha da radikallaşdırmaq və terrorçu qruplara qoşmaqdan ibarət olur. Onlar deyirlər ki, bu gün dinə basqı var və din uğrunda ölmək şərəfdir, bunu edənlər birbaşa cənnətə düşürlər. Dini maarifçiliyin zəif olması gənclərin həmin radikal qrupların toruna düşməsinə səbəb olur”.
Daha sonra tədbirdə jurnalist Azər Qaraçənli çıxış edib. O daha çox problemin nəzəri-fəlsəfi səbəblərindən söz açıb.
“Su bizə həyat verir. Amma su bizi öldürə də bilər” deyən Azər Qaraçənlinin fikrincə, bizə yaşamağı öyrədən dini-fəlsəfi-əxlaqi təlimlər də belədir – onlar bizi öldürə də bilir: “Heç bir əxlaq təlimi – heç bir din, fəlsəfə, ideologiya, adət-ənənə, kodeks özünü bu təhlükədən sığortalaya bilməyib. Hələ heç bir əxlaq təliminə qismət olmayıb ki, öz məntiqini qətlə aparıb çıxarmaqdan qoruya bilsin. Bizi xoşbəxt eləməyə çalışan hər bir təlimin məntiqindən bizi bədbəxt eləyə biləcək hökmlər çıxarmaq olur. Bu baxımdan təkcə açıq-aşkar şər niyyətlə yaradılan ideologiyalar təhlükəli deyil, büsbütün xeyir məqsədə çalışan ideyaların da təhlükəsi var”.
Necə olur ki, dinlər qətlə də gətirib çıxara bilir? Azər Qaraçənlinin sözlərinə görə, belə suallara cavab axtaranda obyektiv problemlərə də nəzər yetirmək gərəkdir: “Bəli, islam qətl demək deyil. Xristianlıq da qətl demək deyil. Buddizm, iudaizm, zərdüştilik də qətl deyil. Amma onların hər biri, hər bir din, fəlsəfə, əxlaq təlimi qətlə aparıb çıxara bilər, çıxarır da. Və bunun həmin təlimlərdən asılı olan, yəni subyektiv səbəbləri olduğu kimi onlardan asılı olmayan, obyektiv səbəbləri də var.
Məsələ bundadır ki, istənilən əxlaq təliminin, hər bir dinin, fəlsəfənin kökündə əbədiyyət və fanilik, xeyir və şər anlayışları durur. Bu, baza prinsiplərdir, bunsuz əxlaq sistemi ola bilməz. Əbədiyyət-fanilik, xeyir-şər anlayışları olan yerdəsə həmişə qətlə gedib çıxmaq olar. Hansı təlim bizə başqa dünyada əbədiyyətin olduğunu deyirsə, o təlim bizi bu dünyada qətlə aparıb çıxara bilər. Hansı təlim bizə bu fani dünyadan başqa heç bir dünyanın olmadığını deyirsə, yenə qətlə aparıb çıxara bilər. Hansı təlim bizə həm xeyrin, həm də şərin olduğunu deyirsə, qətlə apara bilər. Hansı təlim nə xeyrin, nə də şərin olduğunu deyirsə, yenə qətlə apara bilər. Yalnız xeyrin olduğunu, şərin olmadığını deyən təlim də, heç bir xeyrin olmadığını, hər şeyin şər olduğunu deyən təlim də bizi qətlə aparıb çıxara bilər. Beləliklə, insanı şərdən və onun ən ağır növlərindən olan qətldən qorumaq istəyən dinlər, fəlsəfələr istər nəzəri, istərsə də təcrübi baxımdan çətin vəziyyətdədir. Eləcə əbədiyyət və fanilik, xeyir və şər haqqında təsəvvürlərin olması şərə, qətlə aparıb çıxara bildiyinə görə dinlərin və fəlsəfələrin bizi şərdən və onun ən ağır növlərindən olan qətldən axıracan, birmənalı şəkildə qorumağa gücü yetmir”.
Azər Qaraçənlinin fikrincə, bir az obyektiv, bir az subyektiv olan bir səbəb də odur ki, insanın istənilən hökmdən istənilən nəticəyə gəlib çıxa bilən formal məntiqi var: “Mən bayaq deyəndə ki, əbədiyyət-fanilik, xeyir-şər haqda təsəvvürlər qətlə gətirib çıxara bilər, bu zaman formal yox, məzmunlu məntiqi nəzərdə tuturdum. Amma təkcə məzmunlu məntiqlə yox, formal məntiqlə də insan əxlaq təlimlərini qətlə gətirib çıxara bilir.
Hər hansı bir hökmə formal məntiqlə yanaşanda onun məzmununa deyil, zahirən həmin hökmün doğurduğu əqli nəticələrə nəzər salırsan. Yəni formal məntiq əslində sənin hər hansı bir hökm üzərində apardığın əqli əməliyyatlardan ibarətdi. Belə əməliyyatlar sayəsində ilkin şərtlə – başdakı hökmlə istənilən hökm arasında formal da olsa bir əlaqə yaratmaq olur. Məzmuna fikir verməsən həmin əlaqəyə həqiqi əlaqə kimi baxacaqsan. Formal məntiqlə, yəni əqli əməliyyatlar yoluyla istənilən hökmdən istənilən nəticəyə gəlib çıxmaq mümkün olduğuna görə insan istənilən əxlaq təliminin hökmünü istənilən yerə, o cümlədən qətlə gətirib çıxara bilir. Elə bir təlim yoxdu ki, insanın mühakiməsi onu bu yolla təhrif eləyə bilməsin. Heç bir ideologiya özünü bu ağrılı gedişatdan qoruya bilməyib. Heç bir ideya – dediklərindən demək istəmədiyi nəticənin çıxmasına mane ola bilmir. Heç bir təlim öz məzmununa, ana xəttinə keçilməz sədd çəkə bilmir. Bu səddən həmişə sızmalar olur. İnsanın mühakiməsi, bəzən formal, bəzən də məzmunlu mühakiməsi istənilən ideyanın sərhədini yarıb keçə bilir”.
Azər Qaraçənlinin sözlərinə görə, əxlaq təlimlərini çətin vəziyyətdə qoyan bir də odur ki, ideallarla reallıq toqquşur, onları bir araya gətirmək olmur, onlardan birini kəsib tullayanda da problem həllini tapmır, kəsib tullamayanda da: “Təlimlər nə reallığı rədd eləyib sırf idealizmə köklənəndə qanın qabağını ala bilir, nə də reallığı qəbul eləyəndə. “İncil” deyir: Öldürmə! Ancaq bu hökm bizim həyatımızı təhlükə altına atır, çünki sən öldürməsən də, səni öldürmək istəyənlər var. “Quran” bizi bu təhlükədən qurtarmağa çalışır, deyir: Sizinlə vuruşanla siz də vuruşun, amma həddini aşmayın, Allah həddini aşanları sevmir! Vuruşuruq, lap “Quran”da buyurulduğu kimi yalnız Allah yolunda, həddini aşmamaq şərtiylə və yalnız bizimlə vuruşanla vuruşsaq da, yenə təhlükə aradan qalxmır, yenə qan tökülür.
Çıxış yolu nədədir? Sən təlimini “Öldürmə!” tipli idealizm üzərində qursan, o, reallığa uyğun gəlməyəcək və qanlı nəticələr doğuracaq. Reallığı nəzərə alıb təlimində “Sizinlə vuruşanla vuruşun!” tipli istisnaya yol versən, yenə qanlı nəticələr doğacaq”.
Daha sonra Azər Qaraçənli bildirib: “Çıxış yolu yenə ideallardadır, başqa yol yoxdur. Bəli, hansı idealı götürsən, problemlə üzləşəcək, nə qədər yenisini düşünsən, yenə problemlə üzləşəcək, amma başqa yol da yoxdur”.
Azər Qaraçənli deyib ki, əxlaq təlimləri, o cümlədən dinlər məqsədlərinə tam çata bilməsələr də, onlar bu yolda böyük işlər görüblər.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...