Xəbər verildiyi kimi, martın 28-də Sabirabad rayonunun Ulacalı kənd sakini 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən 6 çəkic zərbəsi vuraraq qətlə yetirib
Törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı daha detallı məlumat əldə etmək üçün hadisənin baş verdiyi ünvana yollandıq.
Hələ Ulacalı kəndinin girişində söhbət etdiyimiz sakinlər bildirdilər ki, iki gündür kənd camaatı çox böyük sarsıntı içərisindədir. Sakinlər onu da söylədilər ki, əslində qətli törədən Röyal Məmmədov Ulacalıda doğulmayıb. R. Məmmədov Şirvan şəhərindəndir və onun ata-anası, qohumları da orada yaşayırlar:
"Röyal kənd camaatı ilə pis olmayıb. Ancaq bilirdik ki, məhkumluq həyatı yaşayıb. Evinin içində ailəsi ilə necə davranmasını isə biz bilmərik. Baş verən hadisə isə bütün kənd camaatını şoka salıb. İnanın ki, camaat uşağın öldürüldüyü yerə gedib, kövrəlib ağlayırlar. Bizim kənddə belə hadisə ola bilməzdi. Röyal bu kəndə bir neçə ildir gəlib. Evləndiyi xanım da öz xalasıqızıdır. Yəni belə deyək ki, toydan sonra, qadın Şirvana yox, bu Ulacalıya köçüb",-deyə sakinlər bildirdilər.
Daha sonra isə Röyal və ailəsinin yaşadığı evə yollandıq. Müşahidə etdik ki, yas çadırı qurulmasa da kənd camaatı evə axın edib, qətlə yetirilən Röyaminin ailəsinə başsağlığı verirdilər. Röyaminin nənəsi Sədəxanım bildirdi ki, hələ də oğlanın ailəsindən heç kim bizimlə əlaqə saxlamayıb:
"İki gündür nələr çəkiriksə, bir Allah bilir. Röyal mənim bacımın oğludur. 8 ildir ki, qızımla ailə qurub, bu evdə yaşayır. Elə 8 ildir ki, qızımı döyüb başına oyun açırdı. Qızım ayrılmaq istəyəndə isə bizi hədələyirdi ki, əgər qız məndən ayrılsa hamınızın başını kəsəcəm. Tez-tez əlinə bıçaq alıb, üstümüzə cumurdu. Oğlum, yoldaşım olmadığı üçün ayağı bir az da yer almışdı. Hər dəfə bir tələb qoyurdu ki, bunu etməsəniz, sizi öldürəcəm".
Röyaminin nənəsi Sədəxanım bildirdi ki, bu mimvalla Röyal onun həyətinin çardağını, əşyalarını, toyuqlarını, qızılarını hissə-hissə aparıb satıb. Onun son tələbi isə ailəyə məxsus olan əkin sahəsi olub:
"Deyirdi ki, torpağı sataq mən isə razılaşmırdım. Buna görə də qızımı son günlər daha çox döyürdü. Qızıma deyirmiş ki, torpaq satılmasa, uşağı öldürəcəm. Mənə isə söyləyirdi ki, sənə elə yara vuracam ki, ölənə qədər o yara səni inlədəcək. Həmin günü yenə qızımı döydü. Qız həyətə düşüb evin altına girib. Bu da düşünüb ki, yəqin yenə bacımgilə gedib. Çünki hər dəfə o, qızımı döyüb çölə atanda, qızım Günel uşaqları da götürüb bacımgilə gedirdi. Bu dəfə isə iki uşağı da yanına alıb, evin altında gizlənib. Belə olanda Röyal böyük oğlu Röyamini götürüb, aparıb öldürüb. Əslində niyyəti uşağın üçünü də öldürmək olub. Ancaq digər ikisini tapa bilməyib. Biz Röyalın qanına boyanmasını istəyirik. Qana, qan tələb edirik".
Röyalın xalası Təranə isə bildirdi ki,Röyal əsgərlikdə olduğu zaman da öz əsgər yoldaşını avtomatla vurub. Bu, onun dördüncü məhkumluğudur:
"Röyal məni bayramda gətirdi ki, gedək bizdə qal. Mən Röyalın da, Günelin də xalasıyam. Bircə mənim sözümü eşidirdi. Ancaq mənim qızımın qızıllarını oğurlayıb, aparıb satıb. Kənddə hər kəsə borcu var. Bu adam qapıdan çölə çıxanda olurdu mələk. Hər kəslə mehriban davranırdı. Evə gələndə də əfi ilana dönürdü. Bu adam Kürkəndi kəndində bir qıza ilişmişdi. Ona görə də bu hadisəni törətdi. Günel deyirdi, boşanaq, razılaşmırdı. Ancaq başqalarından da əl çəkmirdi. Biz uşağın qanının yerdə qalmamasını istəyirik. Ona ən ağır cəza verilməsini tələb edirik. İki gündür Röyalın bir dənə qohumu da bizimlə maraqlanmayıb. Həmin gecə əlində bıçaq düşmüşdü qızın dalınca ki, başını kəsəcəm. Güclə qızı qaçırdıq. Bilməzdik ki, axırı bu cür olacaq. Qonşular da səs-küyü eşidirdilər".
Qonşular bildirdilər ki, qətlə yetirilən Röyaminin anası hadisə baş verəndən yemək yemir, tez-tez ürəyi gedir, heç kimlə danışmır. Lakin Günel xanımla qısa da olda həmsöhbət ola bildik. O ağlayaraq xahiş etdi ki, hüquqlarını qorusunlar:
"Mənim adımı ləkələyib Röyal. Hüquqlarımı qorusun müvafiq qurumlar. İmkanı olsaydı uşaqlarımın üçünü də aparardı. Kaş ki, elə məni öldürərdi".
Röyal uşağını öldürmədən öncə xalası Təranə xanıma belə bir mesaj yazıb: "Sədəxanıma de ki, Röyaminin başını kəsməyə aparıram. Bu da qisas".
Onu da qeyd edək ki, bu, 30 yaşlı Röyal Məmmədovun ikinci evliliyidir. Onun ikinci nikahdan 3 uşağı olub. Öldürdüyü Röyamin isə ailənin böyük oğludur və bu il birinci sinfə gedirmiş. Aprelin 11-də birinci ailəsi ilə bağlı məhkəmə iclası olacaqmış. Qonşular bildirdilər ki, Röyala ömürlük həbs istəyirlər. Çünki azadlığa çıxarsa yenə də kimisə bədbəxt edəcək.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...