Ekspert: “Bloggerlə bağlı layihəni məqsədinə çatmış hesab etmək olar”
Separatçı ermənilərə dəstək verən yazılarına, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən blogger Aleksandr Lapşinin vəkili martın 13-də onunla görüşüb. Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin deyib.
E. Çernin yaxın zamanlarda A. Lapşinin yaxınlarının da onunla görüşəcəyini deyib: “Lapşin istintaqın nə vaxt bitəcəyini, işin nə vaxt məhkəməyə göndəriləcəyini soruşur. Heç bir şikayəti yoxdur. Ya bayramda, ya bayramdan sonra onunla görüşmək üçün anası və digər yaxınları gələ bilər”.
Vəkilin sözlərinə görə, istintaqın yekununda ittiham tərəfi onlara sübutları təqdim edəcək. O qeyd edib ki, istintaqın nə vaxt bitəcəyi məlum deyil.
Xatırladaq ki, fevralın 7-də Belarus Ali Məhkəməsi keçən ilin dekabrında rəsmi Bakının sorğusu əsasında saxlanmış blogger Aleksandr Lapşinlə bağlı yekun qərarı elan edib. Məhkəmə onun ölkəmizə ekstradisiyası barədə Belarus Baş Prokurorluğunun 18 yanvar tarixli qərarından verilən apelyasiya şikayətini təmin etməyib. Bundan öncə Minsk Şəhər Məhkəməsi də analoji qərar çıxarmışdı.
Bu, o deməkdir ki, Lapşinin ölkəmizə təhvil verilməsi haqda qərar dərhal qüvvəyə minmiş sayılıb. Kremlin, rəsmi İrəvanın və İsrail hakimiyyətinin açıq himayəsi altında olan blogger Azərbaycan və Belarus iqtidarının qətiyyəti sayəsində Azərbaycana ekstradisiya olunub.
Lapşin və anası prezident İlham Əliyevə əfvlə bağlı yazılı müraciət də ünvanlayıblar.
Bəs artıq 1 aydan çoxdur ki, Azərbaycanda saxlanılan Lapşin azadlığa buraxıla bilərmi? Onu nə gözləyir?
Ekspert Fərhad Mehdiyev bildirib ki, əslində Lapşinlə bağlı layihəni uğurlu və yerinə yetirilmiş saymaq olar:
“Lapşin haqqında məhkəmə qərarı olmadığı üçün hələ ki əfvə düşə bilməz. Amnistiya vasitəsilə azadlığa buraxıla bilər ki, bunu da parlament bir nəfər üçün verməz. Lakin prokurorluq özü cinayət işinə xitam verə bilər. Hesab edirəm ki, onun əməlindən peşman olmasını, bir də belə səhv etməyəcəyini söyləməsini, artıq Azərbaycanın istəyinə nail olmasını nəzərə alaraq azadlığa buraxıla biləcəyini qeyd etmək olar. Qənaətimə görə, Lapşinin Azərbaycanın əleyhinə olduğunu söyləmək çox da düzgün deyil. Çünki o, ötən il Bakı haqqında material da hazırlayıb, Bakını mədh etmişdi. Lapşinin hərəkətlərinə diqqət etdikdə, onun həm də normal psixikaya sahib insan olmadığını da görmək olur. Görünür ki, bu adam macərapərəst bir insandır. Bütün bunları nəzərə almaqla demək olar ki, cinayət işinə xitam verilə bilər. Hesab edirəm ki, xitam verilərsə, indiki məqamda bu, daha da yaxşı olar. Çünki bu məsələni Azərbaycanın imicini ləkələmək üçün sabah çox çək-çevir edəcəklər”.
Ekspert bildirib ki, Lapşinin həbsi Azərbaycanla İsrailin münasibətlərinə mənfi təsir edə bilməz: “Bir ölkənin vətəndaşına qarşı açılan cinayət işi mütləq olaraq iki ölkə arasındakı münasibətlərə təsir edir. Lakin çox zaman bu, ölkələr arasındakı münasibətə mənfi təsir göstərmir. Çünki ölkələr üçün diplomatik münasibətlər çox vacibdir. Bir insanın qanunsuz əməllərinə görə bu münasibətlərin pozulmasına getmirlər. İstisna hal olmalıdır ki, hər hansı bir vətəndaşın həbsinə görə münasibətlər gərginləşsin. Eyni zamanda nəzərə alaq ki, Lapşin bir neçə dövlətin vətəndaşıdır. Belə hal olduğu zaman isə diplomatik qorunmanın əhəmiyyəti azalır. Bir var ki, insan bir dövlətə vətəndaşlıq bağı ilə bağlı olsun, bir də var ki, 4 dövlətə...”
F.Mehdiyev bildirib ki, Azərbaycan Lapşini azadlığa buraxarsa, bu heç də bizim hansısa təsirlərdən belə addım atmamız anlamını verməz: “Bir ay kiçik müddət deyil. Burada bir ay, yaxud da bir il ölçü deyil. Ölçü bu idi ki, bu cür insanları tutub gətirmək də mümkündür. İnanın ki, kimsə heç beş gün də həbsdə qalmaq istəməz. Bir ay insanın həyatının böyük bir hissəsidir. Bu müddət ərzində insan bəlkə də beş il qocalır. Lapşin də şübhəsiz səhvini başa düşüb”.
Qeyd edək ki, 40 yaşlı Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib, özünə məxsus puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, həmçinin 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib. (musavat.com)
MilliYol.az
Digər xəbərlər
loading...