Xarici işlər nazirin müavini Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Tsin-vu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, cəmiyyətin nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən X.Xələfov Azərbaycanın Çin ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Sun Tsin-vu təmsil etdiyi Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib.
Xalq diplomatiyasının təşviqi istiqamətində fond və cəmiyyət arasında əməkdaşlıq təqdirəlayiq hesab edilib və bunun insanlararası təmasların artırılmasında əhəmiyyəti qeyd olunub.
Həmçinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğu qarşılıqlı şəkildə vurğulanıb. İki ölkənin Çinin “Bir Yol, Bir Dəhliz” layihəsi çərçivəsində əməkdaşlıq imkanları qeyd olunaraq, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirdiyi və vacib coğrafi məkana uyğun olaraq, güclü tranzit qovşaq infrastrukturu yaratdığı bildirilib.
Nazir müavini Azərbaycan Vahid Çin siyasətini dəstəklədiyini bildirərək, Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbulunda BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi oynadığı əhəmiyyətli roluna və münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsinə dair nümayiş etdirdiyi mövqeyinə görə təşəkkür edib.
Tsin-vu Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasını müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dair mövqeyini təsdiqləyərək, Azərbaycanın Vahid Çin siyasətini dəstəklədiyini yüksək qiymətləndirib.
Sonda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi qarşılıqlı şəkildə dəstəklənib.
MilliYol.az
Digər xəbərlər
loading...