Bir neçə gündən sonra ölkədə Novruz bayramı təntənəli şəkildə qeyd olunacaq
Artıq bayram bazarlıqları edilib, evlərdə milli şirniyyat növləri bişirilir.
Bəzi insanlar bayram axşamını daha rəngarəng keçirmək üçün restoranlara üz tuturlar. Di gəl ki, restoranlar müştərilərə əsl bayram “sürprizi” etməyi də çox ustalıqla bacarır.
Adi günlərdə təqdim olunan menyulardakı qiymətlər bayram günü fərqli və şişirdilmiş rəqəmlərlə müşayiət olunur.
Yəni, restoranlar bayram axşamları müştərilərə “fərqli xidmət” göstərirlər. Təbii ki, xüsusi günlərdə bir çox restoran, hotel və iaşə obyektlərində yanlış qiymət siyasətinin həyata keçirilməsi müştərilərin haqlı narazılığına səbəb olur.
Maraqlıdır, niyə bayram və xüsusi günlərdə restoran rəhbərləri süni qiymət artımına yol verirlər?
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, bayram günlərində süni qiymət artımına yol verilməsi kökündən yanlışdır:
“Bakıdakı bəzi restoranlar bayram günləri turistlərin və yerli müştərilərin çox olması ilə əlaqədar qiymətlərdə süni qaldırımlar edirlər. Buna hotellərin nəzdində fəaliyyət göstərən restoranlarda da təsadüf olunur. Bu, səhv tənzimlənmədir.
Əslində, qiymətləri süni artırmağa yox, xidmətin keyfiyyətinə fikir verməlidirlər. Menecmentlik, idarəçilik çox səhv yoldadır. Səriştəsiz işlə məşğuldurlar.
Ancaq pul barədə fikirləşirlər. Başa düşmürlər ki, menecmentliyin qanunlarından biri odur ki, sən yüksək səviyyədə xidmət göstərərsənsə, turist və qonaq məmnun olarsa, pul özü gələcək.
Bayram günlərində də süni qiymət artımları çox olur. Restoranlarda, ictimai iaşə müəssisələrində, hotellərdə turistlərin çox gəlməsinə görə, qiymətləri qaldırmaq anlayışı böyük səhvdir. Bu menecmentliyə, idarəçiliyə zərbə vurur”.
Ekspert bildirib ki, bayram günləri xarici ölkələrə üz tutan yerli müştərilər əslində, süni qiymət artımından baş götürüb gedirlər.
“Götürək yaxın Gürcüstanı. Azərbaycanlı turistlər oradakı qiymətləri görüb Gürcüstana can atırlar. Yerli turistlər görür ki, bayram günləri Bakıda və regionlardakı restoranlar qiymətləri qaldırır, onlar da bilet alıb başqa ölkəyə üz tuturlar.
Əgər qiymət münasib olarsa, süni artım olmazsa, restoran rəhbəri özbaşınalıq etməzsə, hotel menecerləri səriştəli olarsa, yerli insanlar hansısa xarici ölkəyə üz tutmazlar. Təsadüfi adamların hotellərə, restoranlara rəhbərlik etməsi qiymət artımına gətirib çıxarır. Ona görə də, qiymət siyasətinə bir daha baxılmalıdır.
Əgər turist cəlb etmək istəyirlərsə, xidmətin keyfiyyətinə önəm verməlidirlər. O zaman restoranlara üz tutanların sayı çox olacaq. Xüsusilə, bayram günləri restoranlar çox yanlış və xoş olmayan siyasət həyata keçirirlər”.
MilliYol.az
Digər xəbərlər
loading...