"Əlbəttə, xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir".
Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır".
İlham Əliyev vurğulayıb ki, Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur:
"Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik"
MilliYol.Az
Digər xəbərlər
loading...