Azərbaycandakı hərbi hissələrin şəxsi heyətinin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissələrdə yardımçı təsərrüfatlar yaradılıb. Bu barədə Nazirlər Kabinetinin 2016-cı ilə dair hesabatında qeyd edilib. Qeyd edək ki, son illər Azərbaycan Ordusunda bəzi qidalar rasiondan çıxarılıb, onlar milli yeməklərlə əvəzlənib.
Silahlı Qüvvələr və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normaları 2013-cü ilin yanvar ayında Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bu siyahıda əsgərin gündəlik qidalanması üçün müəyyən edilmiş qida məhsullarının sayı 24-ə çatır. Məlumat üçün bildirək ki, ötən il hərbi hissələrdə yeməkxanalarda aşpazların, yeməkxana və mətbəx işçilərinin mülki işçilərlə əvəz olunması barədə qərar qəbul edilmişdi. Nəticədə bu, hərbi hissələrdə hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə müsbət təsir göstərir. Maraqlıdır, yardımçı təsərrüfatların yaradılması nədən irəli gəlir? Təsərrüfatın əkilib-becərilməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaqmı?
“Bizdə vurub-dağıtmağa meyilli komandirlər, rəislər var”
Hərbi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə bildirib ki, bu, çoxdan verilməsi lazım olan qərarlardır: “Keçmiş SSRİ zamanında bu cür yardımçı təsərrüfatları fəaliyyət göstərib. Sonradan əliəyri, düşüncəsiz adamlar çox yanlış qərarlar qəbul etdi. Bunun da nəticəsində yardımçı təsərrüfatlar, eləcə də digər lazımi sahələr ya ləğv olundu, ya da ixtisara salındı. Sonradan bəzi acgözlər həmin ərazilərə göz dikdilər. Ötən müddət ərzində müsbətlə yanaşı mənfi hallar da oldu, hansı ki, bizə çox ziyanlar vurdu. Bu gün bir zaman olmuş işləri yenidən qurmağa ehtiyac yaranıb. Bəzən irəlini düşünmədən, proqnozlaşdırmadan bu kimi addımlar atılır. İndi onun ağrı-acısını çəkirik. O şeylər ki, mütərəqqidir, onları qoruyub saxlamaq lazımdır. Bizdə vurub-dağıtmağa, söküb yenidən yaratmağa meyilli bəzi komandirlər, rəislər, mülki şəxslər var.
Əslində yeni ideyalar kəşf etməyə ehtiyac yoxdur, sadəcə, olanı qoruyub saxlamaq lazımdır. O zaman bu qədər problem də olmaz. Köhnədən qalma bəzi metodlar var ki, onların müasir tələblərə uyğunlaşdırılıb istifadə olunmasının tərəfdarıyam. Dağıtmaq həmişə mümkündür”.
Yardımçı təsərrüfatda çalışan işçi qüvvəyə gəlincə, ekspert qeyd edib ki, hər şey komandirlərin, rəislərin ustalığından asılıdır: “Əgər onlar düzgün qərar verərlərsə, bu sahəni irəli aparmaq üçün heç bir problem olmaz. Əgər əliəyri insanlar olacaqsa, sözsüz ki, yenə də neqativ hallar yaranacaq. Tərəfdarıyam ki, bura mülki şəxslər cəlb olunsun, yəni, şəxsi heyət bu işə qarışmasın. Bizim o qədər bacarıqlı şəxslərimiz var ki, onlar doğurdan da bu işi yüksək səviyyədə görə bilər. Sadəcə, buna yaradıcı və ağılla yanaşmaq lazımdır”.
Üzeyir Cəfərov onu da əlavə edib ki, əsgərlərin gündəlik qida rasionu xeyli zənginləşib: “Sovet dövründə olan yeməklərlə yanaşı əsgərlərin menyusunda milli yeməklər də var. Buna baxmayaraq bu menyunun təkmilləşmə prosesi gedir. Düşünürəm ki, bu proses gələcəkdə daha mükəmməlləşəcək, əsgər və çavuşlarımız yüksək kalorili və yüksək tələblərə cavab verən qida məhsulları ilə təmin olunacaq”.
Digər xəbərlər
loading...